Mətbuat icmalı: "Amerika bankı: manatın devalvasiyası qaçılmazdır"

Fotonun müəllifi Getty

“Azərbaycan”: Bakıda III Regional İnternet İdarəçilik Forumu öz işinə başlayıb

“Bakutel 2015” XXI Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi-konfransı çərçivəsində dekabrın 3-də Bakıda “İKT innovasiyalarının regional inkişaf mühitinin yaradılması” mövzusunda III Regional İnternet İdarəçilik Forumu işə başlayıb.

...Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinın, BMT-nin İnkişaf Proqramının (UNDP) və “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilən forumun rəsmi tərəfdaşları isə BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UNDESA) və İnternet İdarəçilik Forumudur (IGF).

“ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı, elmlər doktoru Muhammadu Kah forumun İKT sektorunun inkişafı üçün əhəmiyyətindən danışıb. Bildirib ki, yeni texnologiyaların işlənib hazırlanması yüksək fəaliyyət tələb edir və davamlı inkişafı təmin edir. Regionda yeni İKT iqtisadiyyatının yaradılmasına ehtiyac var. Keçirilən forum bu işin daha da təkmilləşdirilməsinə öz töhfəsini verən platforma olacaq. Bununla da İKT və innovasiyalı iqtisadiyyat yaranacaq, tələbələrin yeni startaplar və İKT innovasiyaları yaratmalarına stimul olacaq. Nəticədə isə yüksək ixtisaslı gənclərə və kadrlara olan tələbatın təmin olunması mümkün olacaq.

“ADA” Universitetində informasiya texnologiyaları sahəsi üzrə 4 proqramın icra olunduğunu deyən Muhammadu Kah qeyd edib ki, III Regional İnternet İdarəçilik Forumu rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək.”

“Azərbaycan”: Azərbaycanın xarici işlər naziri Belqradda Minsk qrupunun həmsədrləri ilə görüşüb

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Belqradda keçirilən nazirlər toplantısı çərçivəsində dekabrın 2-də Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andryö (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.”

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, “görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində qrupun fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.”

“Xalq qəzeti”: Lahıc misgərlik sənəti də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi

30 noyabr - 4 dekabr arasında Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilir.

“Sessiya çərçivəsində ölkələr tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilməsi üçün təqdim olunan nominasiyalara dekabrın 1-də baxılmasına başlanmışdır. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.

Məlumatda deyilir ki, Azərbaycan tərəfindən “Lahıc misgərlik sənəti” nominasiyası təqdim olunmuşdur. Komitənin iclasında bununla bağlı müzakirələrdə qeyd olunmuşdur ki, bu nominasiya faylı Qeyri-Maddi Mədəni İrsin qorunmasına dair Konvensiyanın bütün kriteriyalarına cavab verməklə yanaşı, nümunəvi bir namizədlik faylı kimi gələcəkdə digər ölkələrin öz fayllarını hazırladıqları zaman bundan istifadə edə bilərlər.

… “Lahıc misgərlik sənəti” faylının hazırlanması Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin və bu sahədə ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilmişdir.

“Yeni Müsavat”: Nardaranda meyitlər yoxa çıxıb

“Nardaran dekabrın 1-dən Daxili Qoşunların və polisin nəzarətindədir. Kəndə kənar şəxslərin girişi qadağan edilib. Kənd sakinləri isə postlardan yoxlanılaraq buraxılır. Naradaranla əlaqə demək olar ki, tamam kəsilib. Jurnalistlər də kəndin yaxınlığına buraxılmır. Kəndə elektrik enerjisi verilmir.

Nardaranda yaşananlarla bağlı mətbuatı və ictimaiyyəti məlumatlandıran yalnız kənd ağsaqqalı Natiq Kərimovdur. O kənddə baş verənlərlə bağlı öz bilgilərini və sakinlərdən aldığı məlumatları jurnalistlərlə bölüşür. Elə bizim də Nardarandakı gözümüz, qulağımız Natiq Kərimovdur.”

Musavat.com saytının əməkdaşı kəndə mümkün qədər yaxınlaşmağa çalışıb. Qəzet onun yolda gördüklərini oxucuların diqqətinə çatdırıb.

“Müxtəlif yollarla bir neçə postdan keçərək kəndin mərkəzi hissəsinə- pir və məscidin olduğu Əli meydanına qədər yaxınlaşmağı bacardıq. Bu gələ biləcəyimiz yolun sonu idi. Çünki meydanın girişində xeyli sayda polis əməkdaşı var. Kəndin əsas mərkəzi hissəsi sayılan İmam Hüseyn və Əli meydanlarında polislər hər evə, hər şəxsə nəzarət edir.

Ara yollarla kəndə yaxınlaşarkən qarşılaşdığımız bir neçə kənd sakinindən məlumat əldə etməyə çalışdıq. Kilomtrlərlə yol gəldiyimiz halda cəmi 4-5 nəfərlər qarşılaşa bildik. Küçələrdə insana rast gəlməməyimiz bizi təəccübləndirirdi. Yolu soruşmaq üçün yaxınlaşdığımız insanlar belə bizdən ehtiyatlanırdı. Yaxınlaşdığımız hər kəs bizə sadəcə yolu göstərirdi. Əlavə suala cavab vermək istəmirdilər. Yaranan vəziyyətdən narazı olduqlarını başa düşdüyümüz kənd sakinləri bizə ancaq kəndin mərkəzindən məlumat əldə edə biləcəyimizi deyirdilər.”

…Evlərin qarşısından keçərkən diqqətimizi çəkən qaz və işıq sayğaclarının yarasız vəziyyətdə olması idi. Əksər sayğaclar sındırılıb. Qaz xətləri bir başa borulara birləşdirilib.

Bütün küçələrdə dini şüarlar yazılıb. Demək olar ki, hər evin hasarında belə şüarlara rastlamaq mümkündür. Onu da qeyd etmək lazımdır ki, bu şüarlar hər bir kənd sakinin öz istəyi ilə evinin hasarına yazılıb.

Kəndə yaxılaşdıqca rastaşdığımız kənd sakinləri orta yaşlı kişilər idi. Nadir halda gənc bir nardaranlını küçədə görə bildik. Səbəb kəndə aparılan əməliyyat zamanı daha çox gənclərin axtarılması idi.”

…N.Kərimov hər il məhərrəmlikdə kəndə insan axının olduğunu, əksər rayonlardan ziyarətə gələnlərin olduğunu deyib. Onun sözlərinə görə bu il İmamın qırx mərasiminin keçirilməsinə icazə verilməyib.

“Məsələni yumşaltmaq lazımdır. Ölənlərin arxasınca getməliyik. Vəkillər lazımdır. Həbs olunanlar üçün. Yaralananlardən xəbər tutmalıyıq.

…Meyitlərdən xəbərimiz yoxdur. Mən kəndin pirində də elan etdim ki, dəfn olunanların yerini kim bilirsə, desin. Heç kimin xəbəri yoxdur. Ancaq xəbərlərdə deyirlər ki, meyitlər basdırılıb. Bu nə oyundu baş aça bilmirik.

“Azadlıq”: Amerika bankı: manatın devalvasiyası qaçılmazdır

Amerikanın ən nüfuzlu banklarından biri “Bank of Amerika Merrill Lynch” Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırır.

Bildirilir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. “Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib.

Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib.

Avqust ayında neftin qiyməti 2009-cu ildən bəri ən aşağı həddə düşəndə Qazaxıstan da Rusiyanın nümunəsi ilə gedib. Təngənin kursunu sərbəst buraxıb. Nəticədə qazax milli valyutası bir gündə 30 faizə yaxın dəyər itirib. Sonrakı aylarda da təngənin kursu zəifləməkdə davam edib.

Lakin bütün bu baş verənlərin fonunda Azərbaycan manatının kursu dəyişməz qalıb. Mərkəzi Bank fevral ayında qəfil devalvasiya həyata keçirdi. Bu, ixracın əsas hissəsini neftin təşkil etdiyi ölkəyə baha başa gəldi. Ancaq sonrakı müddətdə Mərkəzi Bank manatın kursunu strateji valyuta ehtiyatlarından bazara intervensiya etməklə sabit saxlayıb.

“Bank of America” qeyd edir ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün öz ehtiyatlarının az qala yarısını xərcləyib.

Bu barədə daha geniş