Neftçilərin təxliyyəsi başa çatıb

Fotonun müəllifi OSMAN KARIMOVAFPGetty Images

Xəzər dənizində "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə başlayan yanğından sonra işçilərin təxliyyəsi başa çatıb.

ARDNŞ bildirib ki, platformdakı olan 42 işçi yanğın ərazisindən çıxarılıb.

“İşçilər arasında ölən və xəsarət alan yoxdur”, APA ARDNŞ-ə istinadən yazır.

Hazırda platformada yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Yanğın tufandan sonra axşam saatlarında başlayıb. Yanğına səbəb qaz xəttinin sıradan çıxması olub.

"Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir", rəsmi məlumatda deyilir.

ARDNŞ bildirir ki, dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına "ciddi problemlər yaradıb".

10-cu dərin özülü dənizin nisbətən dayaz hissəsində yerləşir.

Turan agentliyinə əsasən ARDNŞ-in hasilatının 60 faizi bu platformanın payına düşür.

Neft Daşlarında qəza

Bundan başqa, günorta 12.30 radələrində “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsinin 501 nömrəli özülündə qəza baş verdiyini yazır.

"Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb", ARDNŞ bildirib.

Hadisə nəticəsində buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olublar.

Dənizdə axtarış işlərinə başlanılıb.

"Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və “Samir Quliyev” yedək gəmisi ilə davam etdirilir".

Neftçilərin Hüquqlarını Müdafiə komitəsinin sədri Mirvari Qəhrəmanlı BBC Azərbaycancaya bildirib ki, həlak olanlardan biri tapılıb, ikisinin axtarışları davam etdirilir.

Turan agentliyi yazır ki, “Neft Daşları” yatağında güclü tufanların olması mütəmadi baş verir və bəzi belə hallar zamanı işçilər həyatını itirib.

Ən böyük faciə 1957-ci ildə özülün aşması nəticəsində “Neft Daşların”da ilk kəşfiyyat quyusunu qazan usta Mixail Koveroçkin də daxil olmaqla 21 nəfər neftçi Xəzər sularında həlak olublar.