Mətbuat icmalı: "Hələ indiyə qədər elə dalğa görməmişdik"

Fotonun müəllifi Getty

“Azadlıq”: “Günəşli” yatağındakı dəniz özülündə yanğın davam edir. 29 nəfəri tapmaq hələ də mümkün olmayıb

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə deyib: “Təəssüflər olsun ki, bütün cəhdlərə baxmayaraq SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 29 nəfəri hələ də tapmaq mümkün olmayıb.

Saat 23:00-a olan məlumata görə, axtarışlar nəticə verməyib, itkin düşmüş əməkdaşlarımızı tapmaq mümkün olmayıb. Lakin axtarış tədbirləri davam edir. Axtarış tədbirləri yalnız gəmilərlə aparılır, hava işıqlanan kimi, helikopterlər də axtarış tədbirlərinə qoşulacaqlar” – deyə B. Ağarəhimov bildirib.

O, qeyd edib ki, hazırda yanğının söndürülməsi prosesində 5 gəmi iştirak edir.

“… Hazırda SOCAR prezidenti Rövnəq Abdullayev də daxil olmaqla bir sıra qurumların rəhbərləri qərərgahdadırlar”, deyə Balamirzə Əlirəhimov bildirib.

“Azadlıq”: “Hər dəqiqə zəng edib xəbərlərdə məhz nələri deməyin lazım gəldiyini bilmək istəyən “böyük day-daylar””

“Günəşli” yatağındakı axtarış-xilasetmə işlərinin iştirakçılarından biri Denis Borodin öz Facebook səhifəsində alovlar içindəki platformada həyata keçirilən əməliyyatın gedişi barədə məlumat verib.

“…30 adam hündürlüyü 11 metrə çatan dalğaların olduğu şəraitdə birinci qayıqdan soyuq dənizə düşmüşdü. Onlardan 4-nü sudan çıxara bildik. Əlbəttə ki, əsl kişilərin sayəsində. Bu kişilər öz həyatlarını riskə ataraq xilasetmə qayığını dənizə salladı. Baxmayaraq ki, bununla özlərini də təhlükəyə atırdılar. Onlar da bu dəhşətli uçuruma yuvarlana bilərdilər.

Gəminin illimünatoru sınmışdı, gəmi körpücüyünü su basmışdı. Projektorlar sönmüş, əsas mühərriklər işləmirdi. Buna baxmayaraq onlar heç olmasa kimisə xilas etmək üçün xilasetmə qayıqlarını suya salladılar.

Bu adamlar haqda xəbərlərdə danışmırlar. Əhsən o uşaqlara.

Təəssüf ki, xilas olunanlardan biri sudan çıxarılandan sonra həlak oldu. Dalğalar 26-sını isə birdəfəlik yuyub apardı. Hətta hidrokostyum geysən belə bu cür soyuq suda 4 saatdan artıq qala bilməzsən.

29 nəfər isə demək olar ki, 12 saat ikinci qayıqda oturaraq xilas anını gözləyib. Qayıq platformanın dirəklərinin arasına sıxışıb qalmışdı. Onların bəxti gətirdi. Hamısını xilas etdilər.

Daha 3 nəfər isə qayığa oturmağa macal tapmayaraq yanan platformada qaldılar. Onlar yanğın zonasından bir qədər aralıdakı tikilidə gizlənmişdilər.

Kaş siz onların fəlakət kanalı ilə dediyi “sizə yalvarırıq, üstümüzə su tökün, burada istidən yanırıq” sözlərini eşidəydiniz… Və gəmilər bu çətin havada bir-birinin ardınca platformaya yaxınlaşmağa çalışırdılar. Bu səhnə yaddaşımda həmişəlik qalacaq.

Vəziyyət indi xəbərlərdə gördüyünüz kimi deyildi. İndi bir neçə gəmi əla havada dayanıb platformanı söndürməyə çalışır. Həmin anlarda isə hava şəraiti belə deyildi, vəziyyət çox pis idi.

Burada adama pis gələn bilirsiniz nədir?! Hər dəqiqə zəng edən “böyük day-daylar”ın aramsız telefon zəngləri… Onlar xəbərlərdə məhz nələri deməyin lazım gəldiyini bilmək istəyirdilər. Sən bütün gücünü və diqqətini toplayıb qaranlıq dənizə baxır, kiminsə xilasetmə jiletindəki fənərin işığını fərq etməyə, kimisə xilas etməyə çalışırsan, amma hər dəqiqədən bir gələn telefon zəngləri və “nəyi danışmaq olar, nəyi yox” məzmunlu əmrləri ilə səni sadəcə bezdirirlər…”

“Azərbaycan”: SOCAR-ın nümayəndəsi: qərargah sabahdan 10 saylı stasionar dəniz özülünə köçürüləcək

Dekabrın 6-da saat 23-də keçirilən mətbuat konfransında SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bildirib ki, axtarış-xilasetmə işləri ilə bağlı fəaliyyət göstərən qərargah sabahdan “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülünə köçürüləcək.

“Azərbaycan”: İtkin düşənlərin və xəsarət alanların ailələri ilə əlaqə saxlamaq üçün SOCAR-ın idarələrində qruplar yaradılıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Xalik Məmmədov dekabrın 6-sı saat 20-də keçirilən mətbuat konfransında bildirib ki, “Günəşli” yatağındakı 10 saylı stasionar dərin dəniz özülündə çalışan işçilər yanğın və partlayış təhlükəsi baxımından təxliyə planına uyğun hərəkət ediblər.

“Xalik Məmmədov deyib: “Platformada 63 nəfər olub. Burada 4 xilasedici qayıq vardı. Bir xilasetmə qayığına 42 nəfər yerləşir. Qayıqların içərisində bir neçə günlük su və qida olub. İşçilər təxliyə planına uyğun olaraq xilasetmə gödəkçələrini geyinib, 36-sı bir qayığa, 27-si isə digər qayığa minib. Lakin güclü külək asılı vəziyyətdə qalan xilasetmə qayıqlarından birini estakadanın dəmir dirəklərinə çırparaq sındırıb və o, dənizə düşüb. Dalğanın hündürlüyü isə 10 metrə çatıb”.

X.Məmmədov bildirib ki, hadisə zamanı xəsarət alanların və itkin düşənlərin ailələrinə yardım göstəriləcək: “SOCAR-ın idarələrində qruplar yaradılıb və o qruplar itkin düşən, xəstəxanada olan insanların ailələri ilə əlaqə saxlayıb, onların problemləri ilə maraqlanırlar”.”

“Yeni Müsavat”: Nardaran hələ də Daxili Qoşunların nəzarətindədir

“Noyabrın 26-da Nardaranda polislə dindarlar arasında baş verən silahlı qarşıdurmadan sonra kənd hələ də polis və Daxili Qoşunların nəzarətindədir.

Kəndin bütün girişlərində polislər tərəfindən postlar qurulub. Kəndə girən və çıxan bütün maşınlar yoxlanılır. Polis postlarının olduğu yollar beton piltələrlə bağlanıb. Son rəsmi məlumata görə dekabrın 1-dən başlayaraq, kənddə keçirilən əməliyyat zamanı həbs edilənlərin sayı 32 nəfərdir.

Nardaranın mərkəzi hissəsi sayılan "İmam Hüseyn" meydanında Daxili Qoşunların qərərgahı yaradılıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən xidmətdə olan əsgərlər üçün çadırlar qurulub.

...Hazırda Nardaranda sakinləri narahat edən məsələlər sosial problemlərlə bağlıdır. Təbii qazın bir neçə ildir olmaması, məlum hadisələrdən sonra isə elektrik enerjisinin kəsilməsi sakinləri qış aylarında ciddi problemlərlə üz-üzə qoyub. Hazırda kənddə yeni qaz sayğaclarının quşadırılması, qaz borularının təmir edilməsi istiqamətində intensiv işlər görülür. Hətta kənar rayonlardan da təmir-quraşdırma briqadaları gətirilib və burada işlədilir.

Noyabrın 27-dən kəsilən elektrik enerjisinin də nə zaman veriləcəyi sual altındadır. “Azərişıq”dan verilən məlumata görə, işıq xətləri yenidən bərpa olunduqdan, sayğaclar quraşdırıldıqdan sonra sakinlərlə müqavilə bağlanacaq. Müqavilənin şərtləri ilə razı olan sakinlərə elektrik enerjisi veriləcək.”

Kənd sakinlərinin hazırda qarşılaşdığı digər problem isə avtobusların hərəkəti ilə bağlıdır. Belə ki, Nardarana gələn avtobuslar kəndin mərkəzinə buraxılmır.

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov musavat.com-a açıqlamasında bildirib ki, 4 nəfəri kəndin “köhnə qəbristanlıq” deyilən ərazisində dəfn ediblər: “Dörd nəfər dəfn edilib. Onların cənazə namazını qılmışıq.”

Qeyd edək ki, Nardaranda öldürlənlərin meyitlərinin harada olması bir neçə gündür ki, müəmma olaraq qalırdı. Meyitlər dekabrın 4-də ailələrə təhvil verilib. Ölənlərin sayının isə 4 yox, 5 nəfər olduğu bildirilirdi.”

İndi isə beşinci şəxsin ölmədiyi və ölənlərinin sayının 4 olduğu bildirilir.

“Yeni Müsavat”: “Hələ indiyə qədər elə dalğa görməmişdik; deyirlər ki, axırıncı dəfə 1953-cü ildə dənizdə belə dalğa olub”

Xilas edilən şəxslər 5 dekabr tarixində Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın həkimi Adil İsayev bildirib ki, “qəbul edilən 31 xəstədən 22-sinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

“Hazırda 8 nəfər Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alır. Xəstələrin vəziyyəti stabildir. Onlar müxtəlif dərəcədə travma alıblar. Ağır vəziyyətdə olanı yoxdur. Xəstələr bütün müayinələrdən tam keçiblər və hazırda palatalardadırlar”.

Həkim həmçinin bildirdi ki, səhər saatlarında səhiyyə naziri Oqtay Şirəliyev də xəstələrə baş çəkib. O, hər bir xəstənin vəziyyəti ilə maraqlanaraq, palatalarında olub. Daha sonra həkim A.İsayevlə birlikdə hadisə zamanı xəsarət alan xəstələrin palatalarında olduq. Xəstələr bizimlə çətinliklə də olsa söhbət edib, hadisənin necə baş verməsini anlatdılar.

Müxtəlif cür bədən xəsarəti alan neftçilərin hələ də hadisənin şokunda olduqları aydın görünürdü.

Hadisə zamanı iki qabırğasının sınığı və kəllə-beyin travması ilə xəstəxanaya qəbul edilən Mərdan Rəcəbov musavat.com-a aşağıdakıları danışdı:

“İşləyirdik, birdən bizə dedilər ki, təcili hər kəs xilasedici jileti geyinsin. Biz də tez geyindik. Sonra qayıqla bizi aşağı salladılar. Güclü külək var idi. Dalğaların hündürlüyü 10 metrə qədər idi. Bizim qayığı dalğa vurub dəmirlərin arasına saldı. Qayıqda 26 nəfər idik. Mənimlə birlikdə digər işçilər də məhz qayığın platformanın dəmirlərinə çırpılması nəticəsində xəsarət aldılar. Dəhşətli mənzərə idi. Bizim qayıq dəmirlərə ilişdiyi üçün sağ qaldıq. Biz olan qayıqdan başqa birini də aşağı sallamışdılar. O qayıqda da olardı təxminən 30 nəfər. Onların qayığı gəminin yan alması üçün xüsusi yer var idi. Həmin yerə çırpılıb. Dalğalar o qədər hündür idi ki, hadisənin necə baş verdiyini anlaya bilmirdik. Hələ indiyə qədər elə dalğa görməmişdik. Deyirlər ki, axırıncı dəfə 1953-cü ildə dənizdə belə dalğa olub”.

Xəstəxanada müalicə alan neftçilərdən birinin isə qadın olduğu bildirildi. Onunla da söhbət etmək qərarına gəldik. 1971-ci il təvəllüdlü Məlahət Əliyeva musavat.com-a necə xilas edildiklərini anlatdı:

“İşimizi bitirib dincəlirdik. Nəsə qəribə səs eşitdim. Çölə çıxanda gördüm ki, hər tərəf tüstü içərisindədir. Hansı qapıya yaxınlaşırdıq alov vururdu üstümüzə. Bir təhər çıxıb, xilasedici formanı geyinib qayıqlara tərəf qaçdıq. Qayığa biz mindiyimizdə saat 18 radələri idi. Növbəti gün saat 14 radələrində gəlib bizi xilas etdilər. Xilasedicilər dalğalara görə qayığa yaxınlaşa bilmirdilər. Oradan sağ çıxmağımız özü bir möcüzədir”.

Xəstəxanada olduğumuz zaman platformanın rəisi Allahverdi Məmmədovun da müalicə aldığı palatada olduq .Öyrəndik ki, neftçiləri qayıqlara A.Məmmədov mindirib. Sonda özü də 26 nəfərin olduğu qayığa minib. Hadisə zamanı o da xəsarət alıb. Hazırda vəziyyəti stabildir. Platforma rəisi baş verənləri musavat.com-a bu cür anlatdı:

“Saat 17 radələrində platformadakı xətlərdən birində qəza yarandı. Çöldə müəyyən işlərimiz vardı, onları görürdük. Birdən möhkəm səs eşitdik. Xətlər bir-birindən aralandı, alov püskürdü. Güclü şimal-qərb küləyi əsirdi, ona görə də yanğın çox qısa müddətdə bütün platformaya yayıldı. Tez işçiləri təxliyə etməyə başladım. İşçiləri qayıqlara mindirib bir qədər aşağı salladım ki, yanğından aralıda olaq. Özüm də sonda 26 nəfərin olduğu qayığa mindim. Orada 27 nəfər olduq. Digərlərindən xəbərim yoxdur. Çünki külək yanğını platformanın hər tərəfinə yayırdı. Hadisənin bu qədər faciəvi hal almasına səbəb dalğaların həddindən artıq güclü olması oldu. Bizim blokdakı müvafiq cihaz küləyin dərəcəsini saniyədə 35 metr göstərirdi”.”

Bu barədə daha geniş