Günəşli yanğını: faciənin dərsləri

Fotonun müəllifi Reuters
Image caption Neftçilər deyirlər ki, tufan xəbərdarlığı olub, lakin tufanın özü xəbərdarlıqdan da pis şəkil alıb

Bu gün hətta Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ən qatı tənqidçiləri də neft platformasında baş vermiş faciə ilə bağlı nəsə deməyə tələsmirlər.

Lakin aydındır ki, nə baş verdiyini mütləq araşdırmaq lazımdır. Yoxsa ölkənin əsas sənayesini təmsil edən bu şirkəti illərdir qarabaqara izləyən bədbəxt hadisələr, qurbanların daha da artması ilə təkrarlana bilər.

Hələliksə, məsələnin məğzi barədə təhlildənsə, jurnalistlər ARDNŞ rəhbərlərindən “əgər dənizdə işləmək asan olsaydı, hamı orda işləyərdi kimi” lüzumsuz bəyanatlar eşitməkdədirlər.

Bu bəyanat sahənin 85 yaşlı veteranı, şirkətin birinci vise-prezidenti Xoşbəxt Yusifzadənin dilindən mətbuat konfransında səslənmişdi. Onun yadına haradansa SSRİ-nin keçmiş lideri Leonid Brejnevin şüarı da düşmüşdü: “Dəniz əməyi qəhrəmanlıqdan da çətindir.”

Əlbəttə, karbohidratların mürəkkəb şəraitdə çıxarılması zamanı belə faciələri heç vaxt istisna etmək olmur, ələlxüsus da söhbət dərin sulardakı neftin hasilatından gedirsə.

Lakin Azərbaycanın dəniz platformalarında qəza və yanğınların tez-tez baş verməsi belə bir qənaətə gətirir ki, bu barədə artıq günü-bugün düşünmək lazımdır.

Günəşlidə nə baş verib?

Şahidlərin danışdıqları əhvalatlarla üst-üstə düşən rəsmi versiyaya görə, qaz partlaması, onun ardınca isə yanğın baş verib.

Neftçilər deyirlər ki, tufan xəbərdarlığı olub, lakin tufanın özü xəbərdarlıqdan da pis şəkil alıb. Küləyin sürəti proqnozlaşdırılan saniyədə 30 metr əvəzinə 40 metrə çatıb. Üstəlik, qasırğanın müddəti, adətən olduğu kimi 5-10 saat yox, tam 27 saat olub.

Yusifzadə deyir ki, ehtimala görə qaz borusunun dayağı (neftçilər ona “reyzer” deyirlər) dalğaların zərbəsinə tab gətirməyib. Nəticədə borunun özü yırtılıb. Qaz qığılcımdan partlayıb və alışıb. 110 atmosferə çatan yüksək təzyiq səbəbindən yanğın bir neçə saniyə ərzində yaranıb. Yanğın baş verən kimi bütün elektriki kəsiblər və kəmər kommunikasiyalarını bağlayıblar.

Zədələnmiş borudan qaz kəsildiyi üçün bəzi quyularda hasilat dayanıb.

Qalan quyuları qəzaya qarşı sistem bağlayıb. Bu platformada ümumilikdə qəza baş verən anda 28 buruq işləyirdi. ARDNŞ-ın birinci vise-prezidenti ehtimal edir ki, qoruyucu sistem quyu ağızlarından birini bağlaya bilməyib və yanğın ora keçib.

Kədərli rekord

Fotonun müəllifi Reuters
Image caption Belə bir ehtimal da var ki, neftçilər evakuasiya olunmamalı idilər

“Günəşli” yanğını nəinki müstəqil Azərbaycanın, hətta 1949-cu ildən başlanmış Xəzər neft tarixinin ən böyük yanğını olub. Neftçilər Xəzərin, qasırğa tufanları zamanı dalğaları 10 metrədək qaldıran bəd xasiyyətinin dəfələrlə şahidi olublar.

Məhz belə bir tufan 1957-ci ildə buruq qülləsinin aşmasına və Mixail Kaveroçkinin briqadasının həlak olmasına səbəb olmuşdu. O hadisə zamanı 22 neftçi həyatla vidalaşmışdı.

Məhz o faciədən sonra platforma və estakadaların layihələndirilməsinə yenidən baxılmış, onların daha hündür tikilməsi qərara alınmışdı. Bunlar elə hündürlükdə olmalı idi ki, 13 metrə çatan dalğalar burada işləyən adamları yuyub aparmasın.

Belə hesab edilirdi ki, 1957-ci ildə olduğu kimi sürəti saniyədə 43 metrə çatan küləklər Xəzərdə 100 ildən bir baş verir. Amma belə deyilmiş.

Onuncu platformada baş vermiş indiki qəzada 7 nəfər həlak olub. Platforma üzərində işləyən 63 nəfərdən 23-ü indiyədək itkin sayılır.

Axtarışlar davam etdirilir, lakin möcüzəyə artıq kimsə inanmır. Güclü külək, soyuq sular açıq dənzidə kiminsə sağ qalmasına aman verməzdi. Bu kədərli statistikaya, əfsanəvi “Neft daşları”nda çalışan üç neftçini də əlavə etmək lazım gəlir. Onlar “qara cümə” günündən itkin düşüblər.

Onlar estakadanın dayaqları uçarkən, daldalanma köşkü ilə birlikdə dənizə düşüblər.

Cavabsız suallar

Qəzanın səbəblərindən başqa bir də insanları belə bir sual maraqlandırır: necə olub ki, həmin gün açıq dənizdə bu sayda insan var imiş?

Belə bir ehtimal da var ki, neftçilər evakuasiya olunmamalı idilər. Belədə sağ qalmaları şansı bəlkə də daha çox ola bilərdi. Axı, yanan platformada qalmış üç nəfəri ertəsi gün orada sağ tapıblar.

Lakin bir neçə səbəbdən bu versiya mübahisəlidir. Əvvəla adamların evakuasiyası qərarını qəbul etmiş platforma rəisi üçün həmin dəqiqələrdə qəzanın miqyasını müəyyən etmək çox çətin idi. Partlayışın baş verəcəyi və platformanın tamamilə dağılacağı ehtimalını istisna etmək olmazdı. İkincisi müəyyən bir məqamda adamlar tüstüdən boğulmağa başlamışdılar.

“Biz belə qərara gəldik ki, əgər xilasedici qayıqlara oturub, onları dənizə salsaq, daha çox adam xilas ola bilər” – deyib xəstəxanada ona baş çəkən jurnalsitlərə platformanın rəisi Allahverdi Məmmədov.

Neftçiləri qayıqlara oturtduqdan sonra, onları dənizə salmağa cəsarət etməyiblər. Qorxublar ki, külək qayıqları platformanın dayaqlarına çırpıb dağıda bilər. Onlar elə bu cür, 10 metr hündürlükdə asılı qalaraq xilasediciləri gözləyiblər. Qayıqlardan birini külək platforma özüllərinin arasındakı boşluğa salıb. Elə bu, həmin qayıqdakı neftçilərin salamat qalmasına səbəb olub. Sallaq qalan ikinci qayığın trosları isə küləyə dözməyərək qırılıb və adamlar dənizə tökülüblər. Güclənən tufan xilasedici qayıqların yanan platformaya yaxınlaşmasına imkan vermirdi. Dənizə düşənlərdən yalnız üç nəfərini xilas etmək olub. Onlardan biri də sonradan keçinib. Partlayış, yanğın və qaranlıq neftçilər arasında çaşqınlığa səbəb olub, deyir Yusifzadə.

Hərçənd bunu da bildirir ki, adamlar təlimata uyğun hərəkət ediblər: qayıqlara miniblər və yanan platformanı tərk etməyə çalışıblar.

“Görünür bu qayıqların dizaynına bir də baxmaq, belə vəziyyətləri nəzərə almaqla yenilərini sifariş etmək lazımdır” – deyib vitse-prezident yerli telekanallardan birinə müsahibəsində.

Belə bir nəticəyə gəlmək olar ki, dənizdə fövqəladə hallarda adamların xilas edilməsi üçün sonadək düşünülmüş sistem mövcud olmayıb. Evakuasiya nisbətən sakit hava şəraitində mümkündür. Lakin güclü tufan zamanı içində ərzaq, su, fişənglər olan qayıqlar sadəcə olaraq gərəksizdir.

Sonra necə olacaq?

Fotonun müəllifi EPA
Image caption Son illərdə ARDNŞ-da ciddi qəzaların sayı artıb

Platformada yanğın davam edir. Dörd qaz buruğu yanır. Alovu nəinki dayandırmaq lazımdır, hətta bunu elə etmək lazımdır ki, dənizə neft və ya kondensat düşməsin.

Bu qəzanın aradan qaldırılmasına, belə hadisələr zamanı işləyən Amerika şirkəti Boots & Coots cəlb edilib. Məhz onun köməyi ilə iki il əvvəl “Bulla dəniz”də kəşfiyyat quyusundakı yanğın söndürülmüşdü.

O vaxt yanğın üç ay davam etmiş, nəticədə qazma platforması tamamilə məhv olmuşdu.

Xoşbəxtlikdən o vaxt hamını evakuasiya edə bilmişdilər. Yeri gəlmişkən, elə bu şirkət 1991-ci ildə Küveytdə İraq ordusu tərəfindən yandırılmış quyuların üçdə birini söndürüb.

Versiya

Demək lazımdır ki, son illərdə ARDNŞ-da ciddi qəzaların sayı artıb. 2013-cü ildə baş vermiş “Bulla dəniz” qəzasına artıq toxunmuşuq.

Ötən payız Nərimanov adına Neft-Qazçıxarma İdarəsində (NQÇİ) estakada uçub və qaz kəmərində yanğın baş verib. Nəticədə neftçilər suya düşüblər, dördü həlak olub.

Bundan elə iki həftə sonra elə həmin NQÇİ-də daha bir uçma hadisəsi olub və bu dəfə iki nəfər dünyasını dəyişib.

ARDNŞ rəsmilərinin sözlərinə görə, dekabrın 4-də baş vermiş qəzaya ekstremal hava şəraiti səbəb olub.

Amma axı onların özləri də israr edirlər ki, platformanın texniki parametrləri və hazırkı vəziyyəti belə ekstremal hava şəraitinə dözməli idi.

Belə bəyanatlar ilk baxışdan faciənin baş vermə səbəblərinin çevrəsini daraldır. Lakin belə bir təhlükə də var ki, sonunda hər şeyi fors major vəziyyətinin ayağına yazıb, heç bir ciddi nəticə çıxarmayacaqlar.

Qeyri-hökumət təşkilatı olan “Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı hesab edir ki, platformada normal hava şəraitində gözə dəyməyən ciddi təhlükəsizlik pozuntuları olub. Onun rəyinə görə, burada insan faktoru da rol oynayıb. Adamlar panikaya düşüblər və nəticədə evakuasiya tədbirləri lazımi qaydada keçirilə bilməyib. Çoxalmış qəza hadisələrini, xanım Qəhrəmanlı ARDNŞ-in, məsələn sosial və idman obyektlərinin tikintisi (Avropa Oyunlarının baş stadionu da bura daxildir) kimi, onun birbaşa vəzifələrinə aid olmayan dövlət tapşırıqlarıyla yüklənməsi ilə izah edir. Bunun nəticəsində enerji şirkətinin dəniz estakada və platformalarının vaxtında keçirilməli olan əsaslı təmiri ilə məşğul olmağa nə vəsaiti, nə də gücü qalır. Qəhrəmanlı, hətta belə bir ideya irəli sürür ki, ARDNŞ özəl səhmdar şirkətinə çevrilməlidir. Onun fikrincə, belə bir dəyişiklik şirkətə tam miqyasda “neftçi” məsələsi ilə məşğul olmaq imkanı verər.