Rasim Əliyevin ailəsinin vəkili: Cavid Hüseynovun işiylə “tanış olmamışıq”

Fotonun müəllifi Ferqane Novruzova
Image caption Rasim Əliyev 9 avqustda vəfat edib.

Mərhum jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs olunan futbolçu Cavid Hüseynovun istintaq materiallarında zərərçəkmiş tərəfin kim olması barədə mərhumun ailəsinə “məlumat verilməyib”.

Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata görə Rasim Əliyevin ölümü ilə bağlı həbs olunan futbolçu Cavid Hüseynovun işi üzrə ibtidai istintaq tamamlanıb. Tərəflər cinayət işinin materialları ilə tanış olduqdan sonra iş baxılması üçün məhkəməyə göndəriləcək, məlumatda deyilir.

Cavid Hüseynovla bağlı cinayət işinin istintaqı aparıldığı müddətdə mərhum jurnalistin ailəsindən heç kim istintaqa çağırılmayıb, zərəçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Əsabəli Mustafayev deyir. Buna görə o, həmin cinayət işində onların zərərçəkən qismində iştirak etməyəcəyini güman edir.

“İstintaq yekunlaşıb və bundan sonra o işdə biz zərərçəkmiş kimi tanına bilmərik. Bizim özümüzə də maraqlıdır ki, o işdə zərərçəkmiş tərəf kimi kim tanınıb”, - deyə müdafiəçi maddənin onları istintaqdan “kənarlaşdıraraq” cinayət işinin materalları ilə tanış olmağı tələb etməyə də “imkan vermədiyini” vurğulayır.

Hüquq müdafiəçisi fikirləşir ki, burda məqsəd təqsirləndirilən Cavid Hüseynovun məhkəməsini “nəzarətsiz, zərərçəkmiş və ictimaiyyət nümayəndələri olmadan” keçirməkdir.

İstintaqı yekunlaşmış cinayət işində zərərçəkmiş tərəfin kimliyi ilə bağlı mətbuata açıqlama verilmir, Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov BBC Azərbaycancaya müsahibəsində bildirdi. O, ailənin öz hüquqları haqqında məlumat əldə etməsi üçün Bakı Şəhər Prokurorluğuna müraciət etməyi məsləhət gördü.

Mərhumun atası Məmmədəli Əliyev istintaqın ilk gündən Cavid Hüseynovu “müdafiə” etdiyini deyir.“Onu kim müdafiə edir və niyə müdafiə edir mən bilmirəm. Amma Cavidin razılığı olmadan heç kim heç kimin üzərinə gedə bilməzdi. Bu gül kimi aydındır”, – mərhum jurnalistin atası deyir.

Məmmədəli Əliyevin sözlərinə görə, oğlunun ölümündə təqsirləndirilən digər 5 nəfərin məhkəmə prosesi yanvarın 5-i, Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək.

Xatırlatma

Rasim Əliyev Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, bir gün sonra aldığı "çoxsaylı bədən xəsarətlərindən" vəfat edib.

Vəfatından öncə jurnalistlərə verdiyi müsahibədə o, döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində Qəbələ futbol klubunun oyunçusu Cavid Hüseynovla bağlı yazdığı statusu ilə əlaqələndirib.

Cavid Hüseynov özünü günahsız hesab etsə də, avqustun 11-də, onun bibisi oğlu Elşən İsmayılov da daxil olmaqla 6 nəfər həbs olunub.

Məhkəmə futbolçunu ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində şübhəli bilib və futbolçu barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Noyabrın əvvəlində onun həbs müddəti uzadılıb. Digər 5 nəfərə isə cinayət məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda, iki nəfərə isə əlavə olaraq oğurluq maddəsilə ilə ittiham irəli sürülüb.

Bu barədə daha geniş