Azərbaycan mətbuatı: "Azərbaycan varlanıb, amma korrupsiya tüğyan edir"

Fotonun müəllifi Getty

Azadlıq Radiosu - "Dünya Bankı: Azərbaycan varlanıb, amma korrupsiya tüğyan edir"

Dünya Bankının “Şaxəli İnkişaf: Avrasiyada Təbii Ehtiyatlardan Səmərəli İstifadə” adlı yeni hesabatında bildirilir ki, neft Azərbaycan üçün çox faydalı olub, - hesabata istinadən azadlıq.org saytı xəbər verir.

"Ölkənin adambaşına düşən ümumi milli gəliri 2002-ci ildəki 720 dollardan 2011-ci ildə 5290 dollara çatıb və beləliklə, Azərbaycan orta gəlirli ölkəyə çevrilib. Hesabata görə, Azərbaycan indi üç əsas kredit reytinqi agentliyi tərəfindən investisiya dərəcəli ölkə sayılır".

Bununla belə, hesabat ciddi problemlərin olduğunu qeyd edir. Sənədə əsasən ölkədə qeyri-sabitlik, əməkçi qüvvəsindən kifayət qədər istifadə olunmaması və məhsuldarlığın aşağı səviyyəsi davam edir. Dövlət xərcləri neft gəlirlərinin hesabına ödənir ki, bu da ölkəni tamamilə neftin qiymətlərindən asılı vəziyyətə salır.

Bu da qeyd edilir ki, ölkədə tüğyan edən korrupsiya biznesin inkişafına əngəl törətməkdə davam edir.

"Hesabatda bildirilir ki, Azərbaycanda işsizlik 2002-ci ildəki 10 faizdən 2012-ci ildə 5,2 faizə ensə də, bu, ümumilikdə işçi qüvvəsinin azalması hesabına baş verib. Dünya Bankı bildirir ki, Azərbaycan yüksək gəlirli ölkə statusunu qazanmaq üçün sabitsizliyi azaltmalı, yeni iş yerləri yaratmalı və məhsuldarlığı artırmalıdır", - hesabata istinadən azadlıq.org saytındankı məqalədə deyilir.

"Azərbaycan": Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

"NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb, - Azərbaycan nəşri yazır.

"Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir".

"Azərbaycan": Azərbaycan Mərkəzi Bankı ehtiyat ayırmalarının dərəcələrində dəyişiklik edib

"Azərbaycan Mərkəzi Bankı "Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları"nda dəyişikliklər edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, dəyişikliyə görə, qeyri-qənaətbəxş aktivlər üzrə ehtiyat dərəcəsi 30 faizdən 25 faizə, təhlükəli aktivlər üzrə ehtiyat dərəcəsi 60 faizdən 50 faizə endirilib."

Bu barədə daha geniş