Sosial mediada #etiraz

Fotonun müəllifi Meydan Tv

Azərbaycanın bir sıra bölgəsində bahalaşma əleyhinə yerli əhali tərəfindən etiraz aksiyaları keçirilir.

Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhərlərində keçirilmiş etirazlar zamanı aksiya iştirakçıları ilə polis arasında toqquşma olub.

Çoxlu sayda insanın həbs edildiyi aksiyalar sosial mediada da geniş müzakirə mövzusuna çevrilib.

Twitter-də #etiraz həştəqi ilə tvitləyən istifadəçilər baş verənlərə münasibətini bildirir. Tvitlərin çoxu yerli vaxtla 11:00-14:30 arasında yazılıb.

Facebook-da şərh yazan Sərvər Ağayev buna görə sosial mediaya minnətdarlıq edir: “TV-də xəbərləri izləyirəm, heç bir şey demirlər. Sosial şəbəkə yaxşıki vare".

Zarafatlar

Twitter-də @UlviyyaAli sual edir: "Camaat işsizlik, pulsuzluq və bahalaşma əleyhinə #etiraz aksiyası keçirir, bunlar cərimələyirlər. Hardan alsın o cərimənin pulunu, ay əclaf?!"

@RasulZaidov isə belə zarafat edib: "Məncə bu #etiraz aksiyalarını qiymətlərin artımına görə gündəmi dəyişmək üçün, insanların fikrini yayındırmaqçün süni şəkildə özləri edib..."

"Elə də etiraz eliyillər elə bil bunnan əvvəl bomba yaşıyırdılar", @orqal adlı Twitter istifadəçisi yazıb.

"Pulunuz varsa gaz maskesi, yoxdusa da eskiden zaddan bağlayıb üstüne de şarf taxın. yanınızda limon mütleq olsun", @rosetumferiatum adlı istifadəçi qaz bombası barədə məlumatlar yayılandan sonra məsləhət görüb. Daha sonra o, əlavə edib: "camaat limon almağa pul tapmır ala etiraz aksiyasına nece limon aparsın".

Aqsin Qurbanli adlı Facebook istifadəçisi yazır ki, "Görən bu əllərində dəmir-dümür çıxan polis, hərbiçilər yaşayışlarından razıdırmı?! Nəsə mənə çox təəcüblü gəlir bu həyasızlıqları... Olan bu yazıq olmuş millətə olacaq".

"Ölmədik bu günləri də gördük"

Twitter istifadəçisi Parvana Gurbanlı ‏isə hesab edir ki, "Rayon camaatının yaxşı tərəflərindən biri odur ki, 3 kişi #etiraz edəndə qalanları evdə oturmağı özünə ar bilir".

"Bütün ölkəni #etiraz dalğası bürüyüb. Ölmədik bu günləri də gördük", @Beh_Nami yazır.

Ceferov Perviz Facebook-da şərh yazaraq etirazçılara haqq qazandırıb: "Yazıqlar neyləsin axı, evdə oturub acından ölməkdənsə, dubinkanın altında ölərəm, yenə də bilərəm ki, haqqımı tələb edirəm".

Sosial mediada həmçinin son vaxtlar spirtli içkilərin satışına tətbiq edilmiş qaydanın bir neçə gün sonra prezidentin qərarı ilə ləğv edilməsi də marağa səbəb olub.

@IsmayilRLee isə bununla bağlı belə tvit edib: “Gördülər camaat içməyən kimi ayılır, başlayır #etiraz etməyə, arağın əvvəlki kimi satışını bərpa etdilər”.

Etirazların bölgələrdə keçirildiyini nəzərə alan Twitter istifadəçisi @RasulZaidov tvit edib: “Bakıda da polislər #etiraz aksiyasına qoşulub, polislər prezident gəlir deyə yolu bağlayıblar”.

Hansı #etiraz?

Bir sıra Twitter istifadəçisi isə #etiraz həştəqindən istifadə edərək digər mövzuda xəbər və keçidləri paylaşır və ya etiraz əleyhinə fikirlərini bildirilər.

Məsələn, Vugar Ahmadov‏ tvit edir: “İstanbulda partlayış olub. Terrora #etiraz edirik”.

Image caption Bəzi istifadəçilər #etiraz həştəqindən digər xəbərləri paylaşmaq üçün istifadə edib

"#etiraz əleyhinə tvit atanların dədələri maaşını dollar ilə alır deyəsən. Ya da hökumətin trollarıdı,” bunu isə @beyimhasanli tvit edib.