Amal Clooney Xədicə İsmayılovanı "təmsil edəcək"

Amal Clooney, Khadija Ismayilova
Image caption Amal Clooney AİHM-də Xədicə İsmayılovanı təmsil edəcəyini bildirib

Dünyada tanınmış insan haqları vəkili Amal Clooney azərbaycanlı jurnalist Xədicə İsmayılovanın işini "Avropa Məhkəməsinə çıxaracaq".

Bu xəbəri Amal Clooney Amerikanın NBC telekanalında, "Meet the Press" (Mətbuatla Görüş) proqramında bazar günü açıqlayıb.

Azadlıq Radiosunun ingilis dilli saytında verilən məlumatda isə deyilir ki, Xədicə İsmayılova və onun vəkili "deyilənə görə, Clooney-nin təklifini nəzərdən keçirirlər".

Araşdırmaçı jurnalistin gizli görüntülərinin ictimaiyyətə yayılmasını, onun prezident ailəsinin biznes maraqlarını araşdırdığını qeyd edən xanım Clooney, müdafiə edəcəyi Xədicə İsmayılovanı "cəsur qadın" kimi təsvir edib.

"Mən onun işini Media Hüquq Müdafiə Təşəbbüsü (Media Legal Defence Initiative) nümayəndəsilə birlikdə Avropa İnsan Haqları Məhkəməsinə çıxaracam və biz onun saxlanılmasına qarşı şikayət edəcəyik", Amal Clooney NBC telekanalına müsahibəsində deyib.

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də keçmiş həmkarını özünəqəsd həddinə çatdırmaq barədə ittihamla həbs olunub. Jurnalistin özü bu ittihamı rədd edir.

Amnesty International təşkilatı onun həbsini “siyasi motivli” adlandırıb.

Azərbaycan höküməti rəsmiləri isə mediaya müsahibələrində ölkədə peşə fəaliyyətinə görə jurnalistlərin həbs edildiyini inkar edir.

Bu barədə daha geniş