Rasim Əliyevin işi: Cavid Hüseynov "hadisədən xəbərsiz olduğunu" bildirib

Fotonun müəllifi Getty

Futbolçu Cavid Hüseynov mərhum jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesində verdiyi ifadədə "hadisədən xəbərsiz olduğunu" və jurnalistin döyülməsi ilə bağlı "heç kimə göstəriş vermədiyini" bildirib, vəkil deyir.

Rasim Əliyevin ailəsinin hüquqlarını müdafiə edən vəkil Fariz Namazlı BBC Azərbaycancaya prosesdə daha iki şahidin də dindirildiyini qeyd edib.

Həmin şahidlərdən biri təqsirləndirilən Cavid Hüseynov və onun bibisi oğlu Elşən İsmayılovun qohumu olub və o, "hadisə barədə "internetdən xəbər tutduğunu" deyib.

"Digər şahid Rasim Əliyev döyülən zaman Bayıl market-in yanında olan şəxslərdən biri idi. O, dedi ki, yalnız hadisənin sonunu, Rasim Əliyevin yerdən qalxıb qaçmasını görüb", cənab Namazlı bildirir.

Növbəti məhkəmə prosesi fevralın 2-də baş tutacaq, vəkil əlavə edir.

Jurnalist Rasim Əliyev ötən ilin avqust ayında Bayıl qəsəbəsində yerləşən "Bayıl market" mağazasının qarşısında bir qrup şəxs tərəfindən döyülüb və o, bir gün sonra aldığı "çoxsaylı bədən xəsarətlərindən" vəfat edib.

Vəfatından öncə o, jurnalistlərə verdiyi müsahibədə döyülməyinin səbəbini Facebook sosial şəbəkəsində Qəbələ futbol klubunun oyunçusu Cavid Hüseynovla bağlı yazdıqları ilə əlaqələndirib. Cavid Hüseynov isə özünün günahsız olduğunu bildirir.

Ötən il avqustun 11-də futbolçunun özü, onun bibisi oğlu Elşən İsmayılov və daha bir neçə nəfər həbs olunub.

Təqsirləndirilən 5 nəfərlə bağlı məhkəmə prosesi yanvarın 5-də başlayıb. Cavid Hüseynovla bağlı maddə isə ayrıca icraata götürülüb.

Bu barədə daha geniş