Mətbuat icmalı: Hökumət “Formula-1”ə nə qədər pul xərcləyəcək?

Fotonun müəllifi Getty

"Azadlıq": "Hökumət ölkəni borc bataqlığına sürükləyir."

"Azərbaycanın Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparıldığı barədə məlumat yayılıb. BVF–nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib ki, bu məsələnin müzakirə üçün BVF və DB nümayəndələri 28 yanvar – 4 fevral ərzində Bakıya rəsmi səfər edərək hökumət rəsmiləri ilə görüşlər keçirəcək.

“Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir“, – deyə o bildirib. Dünya Bankının Bakı ofisindən isə AzadlıqRadiosuna bildiriblər ki, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının nümayəndələri Bakıda ənənəvi qiymətləndirmə üçün səfərdədirlər. Dünya Bankından bildiriblər ki, yardım təşəbbüsü Azərbaycan hökumətindən gəlməyib və hələ tərəflər müzakirə aparırlar."

Maliyyə naziri Samir Şərifov isə yanvarın 28-də keçirdiyi mətbuat konfransında deyib ki, hələlik Azərbaycan BFV və DB–yə təcili borc əldə etməklə müraciət etməyib. “Biz 3 aydan sonra, 5 aydan sonra, bu ilin və ya gələn ilin əvvəlində müraciət edə bilərik,“deyə o bildirib.

"Məlumatlara görə, BVF və DB Azərbaycan hökumətinin diqqətinə çatdırıb ki, yalnız ölkədə ciddi islahatlar aparılacağı təqdirdə borc verilə bilər. Samir Şərifov da mətbuat konfransında bunu təsdiqləyib. Maliyyə naziri deyib ki, müzakirələr zamanı xüsusi olaraq iqtisadi liberallaşma və biznes mühitinin yaxşılaşdırılması başlıca mövzu olub. Beynəlxalq maliyyə qurumları Azərbaycan hökumətindən bürokratiyanın azaldılmasını və daha effektiv idarəçiliyin qurulmasını tələb edirlər.

Fotonun müəllifi AFP
Image caption Maliyyə naziri Samir Şərifov yanvarın 28-də keçirdiyi mətbuat konfransında deyib ki, hələlik Azərbaycan BFV və DB–yə təcili borc əldə etməklə müraciət etməyib.

...“Homura İnternational” şirkətinin bazar strategiyası üzrə nümayəndəsi Timoti Eş bu məsələ barədə “Bloomberg“ə açıqlamasında deyib ki, BVF iqtisadiyyatda, o cümlədən bank sektorunda geniş mənada şəffaflıq təmin olunduğu halda maliyyə yardımı göstərir. Azərbaycan hökuməti isə bu tələbə cavab verən addımlar hələ də atmır. : “Bu günə qədər Əliyev rejiminin bu tələblərə uyğun kifayət qədər addım atmamasının şahidiyik“".

AXCP sədri Əli Kərimlininsə məsələyə münasibəti belə olub: "“Bizim nəslin həyatını məhv edib, övladlarımızın gələcəyinə də əl uzadırlar. Hökumətin Beynəlxalq Valyuta Fondu və Dünya Bankından 4 milyard dollar kredit almağa hazırlaşması hamını narahat etməlidir. Açıq–aşkar ölkəni borc bataqlığına yuvarlayırlar. 100 milyarddan artıq neft gəlirini, 25 milyarddan artıq xarici borcu dağıdanlar üçün 4 milyardı yox etmək nədir ki? Aydındır ki, köklü islahatlar olmayacağı təqdirdə o 4 milyard da ölkənin problemlərini həll etməyəcək. Hökumət korrupsiyadan, inhisarçılıqdan imtina edib, islahatların önünü açmaqdansa, daha asan, lakin perspektivsiz yola baş vurdu."

"Azərbaycan": Beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə görüş

"Yanvarın 28-də Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və Asiya İnkişaf Bankının (AİB) nümayəndələrindən ibarət geniş tərkibli missiya ilə görüş keçirib. Görüşdə neft qiymətlərinin kəskin azalmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri müzakirə edilib, Azərbaycan hökumətinin həyata keçirdiyi əks tədbirlər, ölkənin iqtisadi siyasətindəki prioritetlər və qarşıda duran çağırışlar, habelə BVF və digər qurumlar tərəfindən texniki yardımın göstərilməsi ilə bağlı məsləhətləşmələr aparılıb. Ölkənin kifayət qədər yüksək xarici valyuta ehtiyatlarına malik olduğu nəzərə alınaraq danışıqlarda əsasən Azərbaycan hökuməti tərəfindən həyata keçiriləcək struktur islahatlarının əhatə dairəsi və verə biləcəyi nəticələr barədə fikir mübadiləsi aparılıb, bununla əlaqədar Azərbaycan hökumətinə müxtəlif formalarda dəstəyin verilməsi müzakirə olunub."

"Azadlıq": Hökumət “Formula-1”ə nə qədər pul xərcləyəcək?

AXCP sədri Əli Kərimli Bakıda keçiriləcək “Formula-1” yarışı üçün Azərbaycan hökumətinin bu il nə qədər vəsait xərcləyəcəyinə dair feysbuk səhifəsində qeyd paylaşıb.

O qeyd edir ki, çoxlarının düşündwyünə rəğmən Formula1 yarışlarının Azərbaycanda keçirilməsi 50 milyon dollara başa gəlməyəcək. Əslində bu çox böyük məbləğ olsa da yalnız yarışlara ev sahibliyi etmək hüququ üçün bir ildə ödənəcək məbləğdir.

"Hökumət maraqlıdır ki, bu böhran dövründə “Formula-1”in ölkəmizə həqiqətən neçəyə başa gələcəyini gizlətsin. Amma artıq bilinir ki, builki dövlət büdcəsində beynəlxalq idman yarışlarının keçirilməsi üçün 324 milyon manat (devalvasiyadan əvvəlki manatla) ayrılması nəzərdə tutulur. Düzdür, bu il ölkəmizdə həm də Ümumdünya Şahmat Olimpiadası keçiriləcək, lakin onun xərci böyük deyil. Deməli, 324 milyon manatın tam əksəriyyəti “Formula-1”ə xərclənəcək.

Bu qədər pulu “Formula-1”ə xərcləməyə hazır olan hökumət 5 min dollara qədər krediti olan vətəndaşlara kompensasiya üçün 250 milyon dolları “tapa bilmədi”. Çünki prioritetlər başqadır. Hökumət üçün əsas şöhrətdir, xalqımızdan isə narahat deyillər."

Əli Kərimli fikrini çağırışla yekunlaşdırıb: "Əmindirlər ki, gerçəkdən də dözümlü xalqıq və bir az danışıb, sonra yeni həyat standartlarına alışacağıq. Nə deyirsiniz, hökumət bizim haqda belə düşünməkdə haqlıdır?"

"Azadlıq": Ali məktəbə qəbul və buraxılış imtahanları birləşdirilə bilər

Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu TQDK rəhbərinin qəbul və buraxılış imtahanlarıının birləşdirilməsi ehtimalı barədə verdiyi məlumatı belə şərh edib: "Dünyanın bir sıra ölkələrində buraxılış imtahanlarıyla qəbul imtahanları birləşdirilmiş formada həyata keçirilir. Estoniyada da bu cür qəbul formasının tətbiq edildiyini deyən ekspert, orada nəticələrin eyni olduğunu da vurğulayır: “Buraxılış imtahanı ilə qəbul imtahanının nəticələri eynidir. Sadəcə, buraxılış imtahanı ilə qəbulu ona görə aparırlar ki, orta məktəblərdə təhsilin səviyyəsini yoxlasınlar. Eyni zamanda, qəbul imtahanını ali məktəbə seçim etmək üçün aparırlar. Bizdə isə bu iki imtahanın birləşdirilməsi müəyyən xərcləri azaltmaq məqsədilədir. Onun təhsil sahəsi üçün elə bir ciddi əhəmiyyəti yoxdur. Hər halda, bunu mənfi addım kimi də qiymətləndirmək olmaz. Belə bir forma gec-tez olmalıydı. Lakin bunun mexanizmlərini hazırlamayıblar. Mexanizmi hazırlayandan sonra bu formanı reallaşdırmaq olardı. Qərar müəyyən xərclərin azaldılması üçün yuxarıdan verilib. Burda başqa bir məqsəd yoxdur”.

"Yeni Müsavat": Baş Nazir danışsın, yoxsa danışmasın?

Qəzet yaranmış şəraitdə Nazirlər Kabineti rəhbərinin rolu və susqunluğunu sorğulayaraq yazır: "Sanki bu ölkədə baş verənlərin Nazirlər Kabinetinə rəhbərlik edən şəxsə aidiyyəti yoxdur. Bəzi iqtisadçı deputatlar da vaxtaşırı öz müsahibələrində baş nazirin qəbulunda olduqlarını, vəziyyətlə bağlı ciddi müzakirələr apardıqlarını, səsləndirdikləri təkliflərə A.Rəsi-Zadənin həssaslıq nümayiş etdirdiyini vurğulayıblar. Ancaq qəribəsi odur ki, konstitusiya ilə ölkənin ikinci adamı olan baş nazir nədənsə, ictimaiyyət arasında görünməməyə üstünlük verir...

A.Rəsizadənin bu yaşda da postunda saxlanılmasının sirri maraq doğurur. Hətta son vaxtlar islahatların köhnə komanda ilə aparılmasının qeyri-mümkünlüyünün davamlı şəkildə vurğulandığı şəraitdə baş nazirin daha gənc kadrla əvəzlənməməsi müəmmalı görünür."

İqtisadçı alim Qubad İbadoğlu “Yeni Müsavat”a bildirib ki, Azərbaycanda hazırkı siyasi sistemin xarakterinə görə baş nazir nominal persona olmalıdır: “Çünki əslində hakimiyyətin mövcud strukturunda icra hakimiyyətinə prezident rəhbərlik edir. İcra hakimiyyətinin fəaliyyəti də Prezident Administrasiyasından idarə olunur. Nazirlər Kabineti sovet dövründə olduğu kimi, daha çox təsərrüfat işləri ilə məşğuldur. Odur ki, onların nə dövlət siyasətinin müəyyənləşdirilməsində, nə də icrasında əhəmiyyətli rolu yoxdur. Hesab edirəm ki, bu, əsas önəmli amildir”.