Gənc fəal: "AİHM-in qərarına ürəkdən sevinə bilmədim"

Image caption Cəmil Hacıyev Avropa İnsan Haqları Məhkəməsinin barələrində qərar çıxardığı fəallardan biridir

Gənc fəal Cəmil Hacıyev Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) onunla yanaşı daha 5 siyasi fəal barəsində çıxardığı qərara ürəkdən sevinə bilmədiyini deyir.

İlk qələbəsinə bu cür hiss bəsləməsini o, müxalifət cəbhəsində yaşanan “uğursuzluqlar”la əlaqələndirir.

“Bu xəbərə o vaxtı ürəkdən sevinə bilərdim ki, Azərbaycanda müxalifətin güclü imkanları olardı. Verilmiş qərar toplanmış müxalifətə yeni ruh gücü verərdi” deyə fəal qələbə hissinin ona “yadlaşdığını” təəssüflə dilə gətirir.

Cümə axşamı AİHM Azərbaycandakı 6 gənc fəalın - İlham Hüseynli, Elçin Səlimov, İbrahim Əhmədzadə, Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyev - Azərbaycan hökumətinə qarşı şikayətləri barədə qərar çıxarıb.

Qərara əsasən Azərbaycan hökuməti hər bir gəncə 12 min avro təzminat, hüquqi xərclərin ödənilməsi üçün isə ümumilikdə 11 min 600 avro ödəməlidir.

Məhkəmə bildirib ki, bu işdə Avropa İnsan Haqları Konvensiyasının birləşmək, azadlıq və toxunulmazlıq və ədalətli məhkəmə araşdırması hüququ maddələri pozulub.

Hazırkı iqtisadi durumdan dolayı Azərbaycan hökumətinin maddi təzminatla bağlı qərarı icra etməsinə şübhə ilə yanaşdığından, Cəmil Hacıyev bu pulun istifadəsi ilə bağlı hər hansı bir plan qurmadığını deyir.

Azərbaycan hökuməti təzminatın ödənilməsinə tələsmir, Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov BBC Azərbaycancaya deyib.

“Ədalətin bərqərar olması”

Gənc fəal Emin Fərhadi isə xəbəri sevinclə qarşılayıb və bunu “ədalətin bərqərar olması” adlandırır.

“Öz məhkəmələrimiz vaxtında belə bir qərarı verə bilmədi. Çox təəssüf ki, bunu 5 ildən sonra ancaq Avropa Məhkəməsi edə bildi”.

“Pul mənim üçün vacib deyil” deyən Emin Fərhadi, təyin olunan cərimə ödəniləcəyi təqdirdə onunla dost-tanışlarına yardım etməyi planlaşdırır.

Gənc fəallardan İlham Hüseynlinin AİHM-ə göndərilən məhkəmə işinin vəkili hazırda həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev, digərlərinin vəkili isə Əshabəli Mustafayev olub.

Avropa məhkəməsinə göndərdiyi və “udduğu” işlərin sayının 56-ya yüksəldiyini deyən vəkil Əshabəli Mustafayev bu qərarı özü üçün “stimul” sayır.

“Azərbaycan məhkəməsində dalbadal uduzanda adamın özündə şübhə yaranır ki, yəni mən bu qədər zəif vəkiləm ki, bir işi uda bilmirəm. Ona görə Avropa Məhkəməsində udduğumuz işlər təsəllidir ki, biz vəkil kimi hələ də nəyəsə yarayırıq”, vəkil əlavə edir.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov AİHM-in qərarı ilə bağlı şikayət verməyə tələsmədiklərini deyir.

“Bizim qarşımızda hələ 3 ay var. Bu müddət ərzində Avropa Məhkəməsinin qərarının bütün məqamları təhlil olunacaq və ondan sonra biz qərar verəcəyik”, qurum rəsmisi bildirir.

Adları çəkilən 6 gənc fəal 2011-ci ilin aprel və may aylarında Bakıda aksiya keçirməyə cəhd və iştirak etməkdə təqsirli bilinərək həmin il müxtəlif müddətə həbs olunublar.

Həbsdən şikayət edən gənc fəalların hüquqlarını müdafiə edən vəkillər Azərbaycan Məhkəməsində verilən hökmlərdən Avropa İnsan Haqları Məhkəməsinə şikayət ərizəsi göndəriblər.