Mətbuat icmalı: "Artıq ölkədə bank borclarına görə həbslər başlayıb"

Fotonun müəllifi Getty

"Azərbaycan": Polis Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində işləyəcək

"Novruz bayramı günlərində respublikanın daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə martın 19-dan 28-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejiminə keçiriləcək.

Əmrdə, həmçinin bildirilir ki, bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul xidməti naryadlarının sayı artırılacaq, mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq."

"Yeni Müsavat": Dövlət Gömrük Komitəsinin sədri: "Azərbaycana idxal edilən bir sıra məhsulların gömrük rüsumu azaldıla bilər"

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib ki, bu azaldılmalar əsasən xammal və Azərbaycan mənşəli məhsulların istehsalı üçün komponentlərin idxalı üzrə gömrük rüsumlarına aid ediləcək.

O qeyd edib ki, iki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb. "Onun sözlərinə görə, İran və Gürcüstanla vizasız rejimdə olduğumuz üçün işbazlar bundan öz məqsədləri üçün istifadə edir. Azalma ilk növbədə ölkəyə guya şəxsi ehtiyaclar üçün gətirilən, lakin kommersiya məqsədləri üçün istifadə edilən tütün məhsullarının ölkəyə idxal hallarının qarşısının alınması ilə bağlıdır.

Fotonun müəllifi ap
Image caption İki ay ərzində Azərbaycana siqaret idxalı 6 dəfə azalıb.

Aydın Əliyevin iştirakı ilə baş tutan "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" adlı konfransda ixracın stimullaşdırılması, sahibkarların gömrük rəsmiləşdirilməsində qarşılaşdığı problemlərə toxunulub. Konfrans zamanı emal gömrük rejiminin tətbiqi də təklif olunub. Yəni, idxalçı malı gömrük komitəsinin icazəsi ilə rüsum və vergi ödəmədən gətirməli və müəyyən müddətdə emal edib ixrac etməldir."

"Yeni Müsavat": Artıq ölkədə bank borclarına görə həbslər başlayıb

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, artıq ölkədə bank borclarına görə həbslər başlayıb. Onun sözlərinə görə, 11 mart tarixdə Səbayel Rayon Məhkəməsinin hakimi Rauf Əhmədov 28 yaşlı Vahid Kərimovu zamin olduğu kredit borcuna görə 10 gün müddətinə həbs edib: “İşin qısa mahiyyəti belədir. Bir vətəndaşın ”Rabitəbank"a 7225,7 manat borcu var.

Həmin borc üzrə girov da var. Üstəlik, 3 zamin də var. Zaminlərdən biri cümə günü həbs edilən Vahid Kərimovdur. Kərimovun 2 və 3 yaşında körpə uşağı var. Özü və həyat yoldaşı işləmirlər. Buna baxmayaraq, zamin olduğu borc üzrə birtəhər 200 manat tapıb ödəyib. Borclu və digər zaminlər isə heç nə ödəməyib, onları narahat edən də yoxdur.

İcra məmurları girovu hərraca çıxarmağa da tələsmir. Yalnız fağır gördükləri Kərimovu təqib edirlər ki, gəl, filankəsin borcunu ödə. Nəhayət, 11 martda icra məmuru protokol tərtib edərək Kərimova qarşı inzibati xəta haqqında işin icraatına başlayıb. Dərhal da hakim Əhmədov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə (“Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi”) əsasən Vahid Kərimovu həbs edib.

Ekspert bildirir ki, qəbul edilmiş qərar Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır."

Qəzet "ilk qaranquşun ”Rabitəbank" olması təsadüfdürmü?" sualına da cavab axtarır: "həmin bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev həmçinin Banklar Assosiasiyasının da prezidentidir. Avropa Məhkəməsi birmənalı olaraq deyəcək ki, belə qərarlar qanunsuzdur və bu presedent kəsiləcək.

Vətəndaşlar Avropa Məhkəməsinə şikayət verməsələr, belə halların sayı artacaq və banklar əhalinin üstünə gedəcək. Bu, bizim və “Antikollektor” MMC-nin apardığı maarifləndirmə işinə qarşı düşünülmüş bir işdir. Bu gündən elan edirəm ki, özüm və “Antikollektor” MMC borca görə həbs edilən vətəndaşlara tam pulsuz xidmət göstərəcəyik. Avropa Məhkəməsinə də onların şikayətlərini pulsuz hazırlayıb göndərəcəyik. Kimin belə problemi varsa, mütləq bizə müraciət etsin"".

Bu barədə daha geniş