Rauf Mirqədirovun şərti cəzasına şərhlər: "ABŞ-a səfər öncəsi jest"

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil

Beynəlxalq və yerli təşkilat nümayəndələri jurnalist Rauf Mirqədirovun şərti azadlığa buraxılmasını alqışlasalar da, Azərbaycanda müsbət siyasi dəyişilikdən danışmağın "hələ tez olduğunu" düşünürlər.

Bakı Apellyasiya Məhkəməsi jurnalist Rauf Mirqədirovla bağlı hökmü dəyişdirərək 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib və o, məhkəmə zalından azadlığa buraxılıb, vəkil bildirir.

Jurnalistin vəkili Fuad Ağayev bundan sonra Rauf Mirqədirova bəraət almaq üçün çalışacaqlarını deyib.

2014-cü il aprel ayında Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunan Rauf Mirqədirov sonradan "dövlətə xəyanət" ittihamı ilə həbs edilib. Dekabrın sonunda ona Bakı Ağır Cinayətlər Məhkəməsində 6 il həbs cəzası verilib.

"O həbsdə olmamalı idi"

"Onun azadlığa çıxması xoş xəbər oldu", deyə Human Rights Watch təşkilatının Cənubi Qafqaz üzrə direktoru Georgi Gogia BBC Azərbaycancaya bildirib.

Rauf Mirqədirova qarşı irəli sürülən xəyanət ittihamının “heç bir sübutu” olmadığını düşünən tədqiqatçı “o, həbsdə olmamalı idi” deyir.

“Rauf dedi ki, öz günahsızlığını sübut etmək üçün sonuna qədər mübarizə aparacaq. Mən inanıram ki, o, tam bəraətə nail olacaq,” Georia Gogia əlavə edir.

Tədqiqatçı fikirləşir ki, Novruz bayramı Azərbaycanda hələ də həbsdə saxlanılan jurnalistlər, hüquq müdafiəçiləri və fəalların azadlığa buraxılması üçün “çox yaxşı zamandır”.

Image caption Tom de Waal ehtimal edir ki, bu qərar prezident İlham Əliyevin Vaşinqtona, Nüvə Sammiti səfəri öncəsi bir jesti də ola bilər

"ABŞ-a səfər öncəsi jest"

Beynəlxalq Sülh naminə Carnegie Fondunun (Carnegie Endowment for International Peace) böyük elmi işçisi Tom de Waal, xaricdə yaşayan ailəsindən uzaq düşsə də, “hörmətli jurnalistlərdən birinin” azadlığa çıxmasının yaxşı xəbər olduğunu deyir.

Onun iki il həbsdə olmasını “dəhşətli” adlandıran araşdırmaçı xəyanət ittihamının hələ də qüvvədə qalmasını “anlamsız” hesab edir.

Tom de Waal ehtimal edir ki, bu qərar prezident İlham Əliyevin Vaşinqtona, Nüvə Sammiti səfəri öncəsi bir jesti də ola bilər.

“Lakin Azərbaycanda hələ də bəzi məşhur jurnalistlərin, hüquq müdafiəçilərinin həbsdə olduğunu nəzərə alsaq düşünürəm ki, Azərbaycanda hər hansı real siyasi dəyişikliyin olmasından danışmaq çox tezdir”, araşdırmaçı deyir.

Yenə "əlsıxma ola bilər"

“Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev hökmün “həlledici olmayan sülhməramlı ilkin jest” olduğu qənaətindədir.

Hökmün “kökündə maliyyə böhranı” dayandığını deyən media təhlilçisi qərarın Azərbaycan hökumətinin köklü islahatlara başlamağa hazır olduğunun göstəricisi hesab edir.

“Bu prezident İlham Əliyev ilə Barak Obamanın Antalyadakı əlsıxmasının davamı kimidir. 31 martda da növbəti belə əlsıxma ola bilər. Deməli nə isə baş verəcək”, deyə jurnalist yaxın zamanda xüsusi yenilikləri gözləməyə dəydiyini düşünür.

O, jurnalist Rauf Mirqədirovun gələcəkdə bərat almasının da “qaçılmaz olduğunu” düşünür.

Image caption Müşfiq Ələsgərli: "Azərbaycan jurnalistini bu maddə ilə ittiham etmək çox ağırdır"

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli BBC Azərbaycancaya deyib ki, Rauf kimi peşəkar jurnalistin həbsdə qalması Azərbaycanın adına "layiq deyildi".

"Bu, həm də peşəkar həmkar kimi hamımızı narahat edən məqam idi. Bayram günündə şərti də olsa azadlığa çıxması gözəl xəbər oldu."

"Azərbaycan jurnalistikası Azərbaycanın müstəqilliyinin bərpası və dövlətin suverenliyinin qorunması üçün calışan jurnalistikadır. Azərbaycan jurnalistləri 90-cı illərdə sıralarına şəhidlər də qatıb. Ona görə də Azərbaycan jurnalistini bu maddə ilə ittiham etmək çox ağırdır və bütün jurnalistlərdə məyusluq doğururdu."

"Ayna-Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunduqdan sonra "dövlətə xəyanət" ittihamı ilə həbs edilib.

Rauf Mirqədirov ona qarşı ittihamları qəbul etmir. Beynəlxalq insan haqları təşkilatları onun həbsini "siyasi motivli" sayır.

Azərbaycan hökuməti bu iddiaları rədd edir.

Bu barədə daha geniş