Tofiq Yaqublu: "Hakimiyyət siyasi məhbus sayını 80-dən aşağı düşməyə qoymur"

Image caption Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub və bir il sonra 5 il müddətinə azadlıqdan məhrum edilib

Martın 17-də əfv fərmanı ilə azadlığa çıxmış Müsavat partiyası başqanının müavini Tofiq Yaqublu partiyanın qərargahında keçirilən mətbuat konfransından Azərbaycandakı həbslər barədə danışıb.

O, bildirib ki, əfv fərmanına və Rauf Mirqədirov, Leyla və Arif Yunusların, həmçinin İntiqam Əliyevin şərti azadlığa buraxılmasına baxmayaraq Azərbaycanda hələ də "80-dən çox siyasi məhbus var".

Hüquq müdafiəçisi Oqtay Gülalıyev isə deyib ki, Azərbaycanda bu ilin mart ayında imzalanmış əfvə qədər "100-dən çox siyasi məhbus olub".

Müsavat Partiyasının qərargahında baş tutan mətbuat konfransında hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı bir sıra şəxslər iştirak edib.

Onların arasında Məhəmməd Məcidli, Elnur Məcidli, Sərdar Əlibəyli, Əvəz Zeynallı və başqaları da olub.

Tədbirdə həmçinin bir neçə xarici ölkə səfirliklərinin nümayəndələri də iştirak edib.

Image caption Tədbirdə siyasi məhbus ailələri, keçmiş siyasi məhbuslar və bir neçə xarici ölkə səfirlik nümayəndələri də iştirak edib

Tədbirin təşkilatçısı 2012-ci ildə keçmiş siyasi məhbus hesab edilən şəxslər tərəfindən yaradılmış "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansıdır.

Alyansın kordinatoru Oqtay Gülalıyev deyib ki konfransın məqsədi "ölkədə olan siyasi məhbus probleminə diqqəti çəkmək olub".

O bildirib ki, Azərbaycanda sonuncu "siyasi məhbus" azad edilənə qədər mübarizə aparacaqlar.

"Biz ötən 3 il ərzində Azərbaycanda siyasi məhbuslar və həbs yerlərindəki vəziyyətlə bağlı 3 hesabat hazırlamışıq və beynəlxalq təşkilatlara göndərmişik", deyən hüquq müdafiəçisi "siyasi məhbuslarla" bağlı sayt yaradılacağını da əlavə edir.

Tofiq Yaqublu isə konfransda həbsinin qanunsuz olmasından danışıb və o, siyasi fəaliyyətini davam etdirəcəyini deyib.

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra həbs olunub və bir il sonra 5 il müddətinə azadlıqdan məhrum edilib. O, bu il prezidentin əfv fərmanı ilə azad edilib.

Azərbaycan hökuməti ölkədə siyasi məhbusun olmadığını deyir.