Əliyevin qızları qızıl mədənləri konsorsiumunda "56 faiz paya sahibdir"

Fotonun müəllifi president.az

Azərbaycan prezidenti İlham Əliyevin qızları milyardlarla dollar dəyəri olan konsorsiumda 56 faiz paya sahibdirlər, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) sızdırılımış Mossack Fonseca sənədlərinə istinadla iddia edib.

9 il əvvəl prezident milyardlarla dollar dəyəri olan altı qızıl mədənini birləşdirən konsorsiumu Britaniyadakı bir şirkətin və üç ofşor yurisdiksiyasının idarəsinə verdi, əslində isə mədənlər onun qızlarının əlinə keçdi, OCCRP-nin təhqiqatı göstərib.

Hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılova, Azadlıq Radiosu və OCCRP-nin 2012-ci ildə apardığı birgə təhqiqata görə, prezidentin ailə üzvləri konsorsiumda 11 faiz paya sahibdir.

"Ancaq [Əliyevin] qızlarının payı, əvvəl açıqlandığından daha böyükdür", OCCRP təhqiqatında iddia olunur.

Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri Panamada yerləşən Mossack Fonseca hüquq firmasından sızan sənədlərdə İlham Əliyevin ailə üzvlərinin adlarının çəkilməsini şərh edərkən deyib ki, onların biznesə sahib olması qanunsuz deyil.

BBC Azərbaycancaya danışan Azər Qasımovun sözlərinə görə, "prezidentin övladları həddi-buluğa çatmış Azərbaycan vətəndaşlarıdır və onların hər hansı bizneslə məşğul olması qadağan edilməyib".

"Biznes etmək hər bir şəxsin hüququdur", cənab Qasımov deyib.

Böyük sayda məxfi sənədlərin sızdırılması varlı və güclülərin vergidən yayınmaq üçün sığınacaqlardan istifadə edərək öz var-dövlətini necə gizlətməsini aşkar edib.

11 milyon sənəd Almaniyanın Suddeutsche Zeitung qəzetinə ötürülüb, onlar isə sənədləri Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsortiumu (ICIJ) ilə paylaşıblar.

ICIJ iddialarına görə, sızdırılmış sənədlər göstərir ki, Azərbaycan prezidentinin ailəsi Panamada ofşor şirkətlərinə sahib olanların arasındadır.

Deyildiyinə görə, sənədlər həmçinin göstərir ki, Azərbaycan prezidentinin xanımı, uşaqları və bacısı "qızıl mədənlərində və Londonda daşınmaz əmlak sahəsində gizli paylara sahib olmaq üçün "Panamadakı qurum və şirkətlərdən istifadə ediblər. Ancaq heç bir qanunsuzluq iddia olunmayıb.

Mossack Fonseca deyir ki, ofşor şirkətlər dünyanın hər yerində var və müxtəlif legitim məqsədlər üçün istifadə olunur.

Həmçinin oxuyun: Prezidentin mətbuat katibi Əliyevin qızları haqqında: "Onların da hüquqları var"

Prezidentin sözçüsü Azercell-ə sahiblik iddialarını "böhtan" adlandırır

Bu barədə daha geniş