Zaqatalada dəfn: əsgər ad günündə torpağa tapşırıldı

Dağlıq Qarabağdakı döyüşlərdə həlak olan Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Rəvan Nurayev, anadan olduğu Zaqatala rayonu Muxax kəndində dəfn olunub.

Dəfn mərasiminə yerli rayon icra nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri və kənd sakinləri qatılıb.

Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Vuruşmalarda Azərbaycan tərəfi 12, Ermənistan tərəfi 18 əsgər itirib, rəsmi məlumatlarda deyilir.

"Ad günündə dəfn olundu"

Orta məktəbi bitirən kimi Rəvan Nurayev keçən ilin aprel ayında Tərtərə əsgərliyə yollanıb, Zaqatala Muxax kənd bələdiyyə sədri Akif Abdullayev deyir.

"Əsgərlikdə olduğu müddətdə Mingəçevirdə zabit məktəbində kursa gedirdi. Döyüş başlayan günü qayıtmışdı cəbhəyə. Həmin gün də şəhid oldu", Akif Abdullayev BBC Azərbaycancaya danışır.

Onun sözlərinə görə, ailəsi Rəvanla sonuncu dəfə yanvar ayında görüşüb və bu gün anası ilə bacısı onun ad gününə hazırlaşırmış.

"Amma ad günündə onu elə doğulduğu kənddə torpağa tapşırdılar."

Azərbaycan tərəfi "atəşkəs elan etdiyini" bəyan etsə də, Ermənistan tərəfi bəyanatı “həqiqətə uyğun olmayan” adlandırıb.

Cəbhədə atəşkəsin pozulması nəticəsində 2 dinc sakin həyatını itirib və 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Ötən gün Ermənistan tərəfi də bildirib ki, mülki sakinlər arasında Qarabağ kəndlərində bir 12 yaşlı oğlanın öldüyü, 2 uşağın yaralandığı, 5-6 nəfər (həm kişi, həm qadın olmaqla) kəndlilərin yaralandığı məlumdur.