Azərbaycan və Ermənistan orduları: hansı daha güclüdür?

Fotonun müəllifi RIA Novosti

Dağlıq Qarabağda 1994-cü ildə müharibənin başa çatmasından sonra ötən bütün müddət ərzində baş vermiş ən böyük gərginlik bir çoxlarının Azərbaycan ordusu və Ermənistan tərəfindən dəstəklənən Qarabağ özünümüdafiə qüvvələrinin arasında hərbi əməliyyatların bərpa olunacağından söz açmalarına səbəb olub.

Hərbi ekspertlər bu münaqişənin tammiqyaslı hərbi əməliyyatlara çevrilmək ehtimalının çox da yüksək olmadığını söyləyirlər, lakin narahatlığa əsaslar var. Hər iki ölkənin doktrinalarında istənilən vasitələrlə Qarabağa nəzarət niyyət kimi elan edilib.

Globalpower.org saytı Azərbaycanın hərbi qüdrətini Ermənistandan bir dəfə yarım çox olaraq qiymətləndirib.

Bu göstəricidə heç də təkcə xalis hərbi potensial yox, həm də Ermənistanda olmayan neft ehtiyatları da daxil, siyasi və iqtisadi faktorlar da nəzərə alınıb.

Müxtəlif təşkilatların qiymətləndirməsinə görə yüksək neft qiymətləri Bakıya son illərdə hərbi məqsədlərə daha çox vəsait xərcləmək imkanı verib. Burada ümumi daxili məhsulda hərbi xərclərin faizi də nəzərə alınır.

Mərkəzi Kəşfiyyat İdarəsinin saytında 2014-cü ildə Azərbaycanın hərbi ehtiyaclara ÜDM-in 5,1 faizini, Ermənistanın isə 4,29 faizini xərclədiyi göstərilib. Hər iki ölkə üçün bundan əvvəlki illərdə bu rəqəmlər artsa da, nisbətdə Bakı Yerevandan həmişə daha fəal olub.

Hərbi ekspertlərin fikrincə, məhz bunun nəticəsində Azərbaycan ordusu Ermənistan ordusundan daha yaxşı silahlanıb.

Lakin ekspertlər bunu da qeyd edirlər ki, Ermənsitan Rusiyadan aldığı silahlar hesabına kiçik, lakin mobil ordu, Rusiyanın S-300 kompleksləri də daxil güclü hava hücumundan müdafiə sistemləri qura bilib. Amma belə qurğulardan Azərbaycanın da silahlı qüvvələrində var.

İki onillikdən də uzun müddətdə Qarabağda müdafiə sistemi təşkil edilib, hərbi sursat anbarları və hərbi texnika üçün saxlama yerləri yaradılıb. Bu sistemlər münaqişə baş verdiyi halda döyüş hazırlığı vəziyyətinə gətirilə və ekipajlarla təmin edilə bilər.

Bütün bunlar ekspertlərə belə bir mülahizə irəli sürmək imkanı verir ki, bir çox faktorlar, o cümlədən qoşunların mənəvi durumu və döyüş ruhu nəzərə alınmaqla iki tərəf arasında paritet mövcuddur.

Silahlanma yarışı

Hər iki tərəf son illərdə fəal şəkildə silahlar alıb. Həm də hər iki tərəf bu silahların əhəmiyyətli hissəsini Rusiyadan gətirib.

Stokholmda mənzillənmiş SİPRİ sülh araşdırmaları institutunun tədqiqatlarına görə 2011-2015-ci illər olmaqla, son beş ildə Azərbaycanın aldığı silahlar Rusiya ixracının 5 faizini təşkil edib. Halbuki bundan əvvəlki 10 ildə bu rəqəm cəmi 0,7 faiz olub.

Fotonun müəllifi AFP
Image caption Azərbaycan son illərdə fəal şəkildə silahlanır

2015-ci ilin iyulunda Rusiyanın “Eksport voorujeniy” jurnalına müsahibəsində Ermənistan müdafiə nazirinin müavini Alik Mirzabekyan demişdi ki, Yerevanı, Bakının əsas etibarilə hücum hərbi texnikası və silahları, xüsusən də “Smerç” zenit-raket qurğuları, TOS-1A “Solntsepek” ağır raket sistemləri, T-90 tankları və MTU-90 körpüsalanları alması narahat edir.

Ötən çərşənbə axşamı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovannisyan özünün Facebook səhifəsində yazmışdı ki, Azərbaycan hərbçiləri Qarabağda “Smerç”dən istifadə ediblər. Bakı bu ittihamları rədd edir.

Ermənistan da öz növbəsində fəal şəkildə silahlanıb. Bunların əksəriyyəti Azərbaycanın aldığı sistemlərdir. Bu da qeyd edilməlidir ki, Ermənistan KTMT üzvü kimi Rusiya silahlarını onun “Rosoboronaeksport” qurumundan yan keçərək də ala bilər.

Fotonun müəllifi AFP

Ötən fevralda məlum olmuşdu ki, Moskva Ermənistana növbəti iki ildə Rusiyadan silahların alınması üçün 200 milyon dollarlıq kredit verib.

Yerevanın almaq istədiyi silahların arasında da həmin “Smerç”, “Solntsepek” sistemləri, habelə “İqla-S” zenit-raket kompleksləri, “Konkurs” tank əleyhinə raketləri, RPG-26 qumbaraatanları, “Tiqr” zirehli maşınları, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat vasitələri, mühəndis və rabitə qurğuları, T-72 tanklarının və PDM-lərin modernizasiyası məqsədilə işlədiləcək cihaz və vasitələr var.

Rusiyadan başqa Ermənistan və Azərbaycan başqa ölkələrdən də silah alıblar və alırlar.

Məsələn BMT-nin adi silahlara dair reyestrində 2013-cü ildə Azərbaycana Belarusdan 62 ədəd T-72 tanklarının, bir ədəd Su-25U döyüş təyyarəsinin, Ukraynadan 14 ədəd 5B təmir-evakuasiya maşınının gətirildiyi qeyd edilib.

Rusiya Müdafiə və Xarici Siyasət İdarəsinin məlumatına görə İsrail Azərbaycana Spike-LR və Lynx reaktiv-atəş sistemləri, habelə Heron və Searcher pilotsuz təyyarələri (Ermənistan öz dronlarını istehsal edir) gətirib.

Ermənistanın həmin il üçün idxal məlumatları verilməyib, lakin Moskvanın BMT-yə verdiyi hesabatda Ermənistanın 35 tank, 110 zirehli maşın və 200 raket qurğusu ilə təchiz edildiyi göstərilib.

Bulanıq su

Bununla birlikdə bu və ya digər ölkənin aldığı silahların sayını hesablamaq çox mürəkkəbdir. Çünki üzv ölkələrin BMT-yə təqdim etdiyi rəqəmlər çox vaxt dəqiq olmur.

SSRİ-nin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi əsasında mövcud olan kvotasını bölüşdürərkən Ermənistan və Azərbaycanın hər birinin payına 220 tank, 220 zirehli döyüş maşını, 285 artilleriya qurğusu, 100 döyüş təyyarəsi və 50 zərbə helikopteri düşmüşdü.

Reallıqda hansı ölkədə hansı silahlardan nə qədər olduğunu və bunların kvotalara uyğunluğunu müəyyən etmək mürəkkəbdir. Silah ixracatçıları ilə idxal edənlərin rəqəmləri adətən bir-biri ilə ziddiyyət təşkil edir. Bakı və Yerevan isə bir-birlərini kvotaların pozulmasında ittiham edirlər.

Məsələn, elə həmin 2013-cü ildə Rusiyanın BMT-yə təqdim olunmuş rəsmi rəqəmlərinə görə Moskva Azərbaycana 10 tank və 10 zirehli döyüş maşını verib. Azərbaycan öz məlumatlarında bunların heç birini göstərməyib. Və yaxud Moskvanın 438 artilleriya sistemi verməsinə baxmayaraq Azərbaycan cəmi 18 top aldığını bildirib. Rusiyanın hesabatındakı 18 helikopterdən 10-u Bakının hesabatında “yoxa” çıxıb.

Ermənistanın hərbi qüdrətini qiymətləndirmək daha mürəkkəbdir. Bu ölkənin aldığı silahlar barədə məlumat verməkdə həvəssizliyi bir yana qalsın, Qarabağda real olaraq iki ordu mövcuddur. Ermənistanın Silahlı Qüvvələri və tanınmamış regionun ordusu. Onların silahlarını hesablamaq daha çətindir.

"Ermənistan üçün DQR “boz sahədir”. Burada onlar hansısa səbəblərdən haqqında bəyannamə verə bilmədikləri silahları gizlədə bilərlər. Üstəgəl, mən belə başa düşürəm ki, texnikanın böyük faizi anbarlanıb, amma necə deyərlər, döyüş bölgəsindədir. Bu bölgə isə o qədər də böyük deyil.

Səfərbərlər bu texnikanı istədikləri vaxt aktiv vəziyyətə gətirə bilərlər” – deyib “Eksport Voorujeniy” jurnalının baş redaktoru Andrey Frolov.

Belə texnika rəsmən cəbhəxanada sayılmır. Lakin bu texnikaya daim qulluq göstərilir ki, onu çevik şəkildə döyüş vəziyyətinə gətirə bilsinlər.

Nəticədə hərbi texnika barədə müxtəlif mənbələrdən alınan rəqəmlər bir-birindən kəskin fərqlənir.

Döyüş texnikası (vahidlərin texniki sayı)
Azərbaycan Ermənistan
Tanklar 314-750 100-166
Zirehli maşınlar 1100-1500 140-636
Art. qurğuları (Çapı 100 mm-dən çox olanlar) 240-469 150-240
Zərbə helikopterləri 18-84 Təxm. 15

Dağlıq Qarabağda 170-dən 370-dək tank, 270-dən 320-dək zirehli maşın, 290-dan 320-dək artilleriya sistemləri və 40 zenit qurğusu yerləşdirilə bilər.

Müxtəlif məlumatlara görə, Azərbaycanın və Ermənistanın pilotsuz aviasiyası, tank əleyhinə və səyyar zenit-raket kompleksləri, S-300-lər də daxil, hava hücumundan müdafiə sistemləri, “Toçka U” taktiki-ballistik raketləri və başqa silahları vardır.

Hərbi qulluqçular

Azərbaycan ordusuna çağırış yaşı 18-dən 35-dəkdir. Müddətli hərbi xidmət 18 ay təşkil edir. Ali məktəb məzunları üçün qulluq müddəti 12 aydır. Orduda müqaviləli xidmətə 17 yaşından icazə verilir.

Avropada Adi Silahlı Qüvvələrə dair Müqavilənin kvotalarına görə Azərbaycan ordusunda maksimum 70 min hərbçi qulluq edə bilər. Müxtəlif vaxtlarda real olaraq bu rəqəm 95 minə çatsa da (2005-2007) 2016-cı il üçün hərbi qulluqçuların sayı 66 mindir. Təxmini hesabalamalara görə ehtiyatda daha 300 min nəfər var.

Ermənistan üçün məhdudiyyət rəqəmi 60 mindir. Müxtəlif mənbələrin məlumatına görə, (Dağlıq Qarabağdakı hərbi birləşmələr nəzərə alınmadan) Ermənistan ordusunda 45 min hərbçi var. Ermənistanın ehtiyat imkanları 200 min olaraq göstərilir.

Müxtəlif hesablamalara görə, Qarabağ qüvvələrinin sıralarında 20-22 min silahlı qulluqçı ola bilər. Ehtiyatda olanların sayı 20 mindən 30 minədək təxmin edilir.