Cavid Ağanın bloqu: Şəhidlərin özündən başqa!

Fotonun müəllifi Courtesy photo

Müharibə haqqında bəlkə də son 5 ildə bu 8 gündəki qədər çox yazılmamışdı və yazılmayacaq kimi də görünür.

Müharibə mövzusu bir çox filosofun, yazarın problemi olub. Hamı müharibəyə öz tərifini verib, onun haqqında nəsə deməyə özünü məcbur hiss edib. Çünki müharibə faktı insanlar yaranandan və ya təkamül edəndən bəri var. Bu yazıda ona görə də müharibəyə “son” qoymağı planlaşdırmıram. Mövzum bir az başqa cür olacaq.

Sigmunt Freudun 1905-ci ildə yayımladığı “Zarafatlar və onun şüuraltı ilə əlaqəsi” kitabında belə bir hekayə var – bir gənc oğlan onu bir qızla evləndirməyə çalışan elçi ilə söhbət edir. Elçi oğlanın hər etirazını bir tərifə çevirir:

- Axı bu qadın çirkindir!

- Elə isə sənə xəyanət etmə ehtimalı azalar, deyilmi?

- Axı bu qadın kasıbdır!

- Elə isə sənin pulunu da qənaətlə xərcləyər.

Oğlan etirazlarını artırdıqca artıq cavab verə bilməyən elçi ona əsəbiləşir ki, “eh! Nə istəyirsən? Mükəmməl insan yoxdur axı!”

Bizim yaşadığımız rejim bir az da buna bənzəmir? “Ailəmə yemək apara bilmirəm” desən “Kökəlib xolesterol olmaqdan yaxşıdır” deyəcəklər, “31 şəhidimiz var” desən “Bunun sayəsində 2 təpəni aldıq” deyəcəklər, “Polis həyatımızın hər nöqtəsinə daxil olur, şəxsi həyat qalmayıb” desən “Bunun sayəsində təhlükəsizsən” deyəcəklər. Bəhanə var hər şeyə, dövlət daim bəhanə tapacaq. Son etiraza da deyəcək ki, “axı bu prezident nə etsin? Heç bir ölkə mükəmməl deyil! O təkdi, biz çox.”

Bu bəhanələri çoxaltmaq olar. Lakin bunların heç biri itirilmiş canları geri qaytara bilməyəcək. Mən hər şeydən öncə (hətta anarxistlikdən də) bir fərdiyyətçiyəm. Hər bir şəxsə bir etiketli mal kimi yox, bir fərd kimi baxıram. Buna görə də etiraf edim indidən – mənim üçün insanın şəxsi keyfiyyətləri daha önəmlidir, nəinki onun etnik və dini mənsubiyyəti. Məhz şəhidlərimizə də fərd gözü ilə baxıram.

Bu 8 gündə şəhidlərin anasından, atasından, babasından, nənəsindən, qardaşından, sevgilisindən, nişanlısından, uzaq qohumlarından, yerlilərindən danışıldı. Şəhidlərin özündən başqa! Bu artıq şəhidləri unutmağın birinci fazasıdır. Çünki artıq əzab perspektivi yaşayanlardır. Bir şəhidin ölümü ilə avtomatik yada düşən o ananın, atanın əzabıdır. Şəhidin özü yox.

Bəs şəhidimiz? O əgər 18 yaşından tutulub məcbur gətirildiyi hərbi xidmətini başa vursaydı və ya heç hərbi xidmətdə olmasaydı kim bilir nə nailiyyətlər əldə edə bilərdi. Fəlsəfə aləmində yenilik, Azərbaycan ədəbiyyatında inqilab, yeni rəsm məktəbi... Hər şey mümkün idi onun üçün. Amma bizə artıq bunlar önəmli deyil, bizə önəmli olan onun anasının əzabı, onun atasının əzabıdır. Çünki biz hələ də o şəhidlərə fərd gözü ilə yox, gübrə gözü ilə baxırıq. Bəli, bu alman filosof və pedaqoq Max Stirnerin sözləridir: “Vətən üçün ölən qəhrəmanlar xalqın gübrəsinə çevrilir, xalq onların cəsədləri ilə yaşıllaşır”

Bu həftə boyu atəşkəs istəməyənlərin, müharibəyə səsləyənlərin düşünmədiyi tək şey bu idi. Biz həlak olan hər bir insan övladı üçün təəssüflənərkən, onlar veclərinə almadılar, saydıqca saydılar, daha çox şəhid istədilər, “Vətən sağ olsun” dedilər. Halbuki normal, emosiyasız düşüncə əksini deməliydi.

Amma çifayda, bir daha şahid olduq ki, Azərbaycanda heç bir qoyun öz ayağından asılmır. Ən çətini bilirsiniz nədir? Bu yazıların hamısı boşuna yazılır. 5 yaşında uşağa bənzəyirik, yıxıldıqca dururuq, dərs almırıq və bir daha yıxılırıq. Günahkar isə yenə özümüz deyilik, ermənilərdi, ruslardı, qətiyyən İlham Əliyev administrasiyası deyil.