Formula 1-də hansı xarici müğənnilər çıxış edəcək?

Fotonun müəllifi AFP
Image caption Üç günlük yarışmanın hər gününə bilet almış şəxslər 3 konserti də izləmək imkanı əldə edəcək

İyun ayında Bakıda keçiriləcək Formula 1 Avropa Gran Prix yarışında tanınmış müğənnilər Enrique İglesias, Chris Brown və Pharrell Williams konsert verəcək, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bildirir.

İlk konsertdə iyunun 17-də Chris Brown çıxış edəcək. Konserti cümə günü yarışmanı izləmək üçün bilet alanlar izləyə biləcək. Üç günlük yarışmanın hər gününə bilet almış şəxslər isə hər 3 konserti izləmək imkanı əldə edəcək. Çərşənbə günü təşkil olunmuş brifinqdə çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai müğənnilərə ödəniləcək məbləği açıqlamayıb. Onun sözlərinə görə, müğənnilərlə aparılan danışıqlar "konfidensialdır".

Ötən ilin iyununda Bakıda baş tutmuş Avropa oyunlarında isə pop ulduzu Lady Gaga iştirak edib. Formula 1 Grand Prix yarışı bu il 17-19 iyun tarixlərində Bakıda keçiriləcək.

Formula 1-ə rəhbərlik edən FOM şirkəti ilə Bakı yarışlarını təşkil edən Baku City Circuit arasında 10 illik müqavilə imzalanıb, təşkilatçılar BBC Azərbaycancaya bildirib.

Daha sonra gənclər və idman naziri Azad Rəhimov deyib ki, yarışma Azərbaycanda 5 il "məcburi" keçiriləcək. Brifinqdə Nigar Arpadarai bilet satışından danışaraq, biletlərin 65 faizinin xaricdən alındığını vurğulayıb.

Onun sözlərinə görə, tanınmış müğənnilərin yarışmada çıxışı bilet satışına da müsbət təsir edəcək.

Nigar Arpadarai deyib ki, bu ilki yarışma üçün 5 min könüllü nəzərdə tutulsa da, artıq 12 min nəfər onlara müraciət edib və könüllülər arasında xarici vətəndaş yoxdur.

"Lakin yarışmada 1000 nəfər lisenziyalı marşallar iştirak edəcək və onlardan 300 nəfər xaricdən gələcək", o qeyd edib.