Meydan TV-nin vəzifəli şəxsləri barədə "cinayət işi başlanıb"

Image caption Emin Milli iddiaları "absurd" adlandırıb.

Meydan TV ilə vaxtilə əməkdaşlıq etmiş jurnalistlər onlara qarşı başlandığı deyilən cinayət işinin subyektləri olmasından xəbərsiz olublar, onlar BBC Azərbaycanca-ya müsahibəsində belə deyiblər.

"Məni ikinci dəfə ifadə almaq üçün istintaqa çağırılanda Meydan TV-yə qarşı cinayət işinin başlandığını desələr də, məni şahid kimi dindirdiklərini deyiblər", Meydan TV-nin adının çəkilməsini istəməyən keçmiş əməkdaşı deyir.

Meydan TV-nin direktoru Emin Milli yaydığı bəyanatda bildirib ki, "bizim yeganə “cinayətimiz” söz azadlığı hüququmuzdan istifadə etməyimizdir."

Cinayət işinin başlanması ilə bağlı Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.

"Yolverilməz"

Meydan TV-ə qarşı Baş Prokurorluğunun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işinin başlanması rəsmi təsdiq olunub və cinayət işində 15-dən çox jurnalistin adı keçir, vəkil Elçin Sadıqov bildirir.

Onun sözlərinə görə, Meydan TV-nin vəzifəli şəxsləri və onlarla əməkdaşlıq edən jurnalistlərə qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə, külli miqdarda vergiləri ödəməkdən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb.

"Vəzifə cinayətləri jurnalistlərə şamil oluna bilməz. Çünki onlar qərara verən, icra edən şəxslər deyil. Onların fəaliyyəti həm də qanunsuz sahibkarlıq ola bilməz", vəkil jurnalistlərə bu maddələrin tətbiqinin "yolverilməz" olduğunu deyir.

Vəkil jurnalistlərin fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamasının yekunlaşmadan vergi ilə bağlı hər hansı maddə ilə cinayət işinin başlanmasını "əsassız" hesab edir.

O, düşünür ki, jurnalistlər başlanılan cinayət işinin maddələrinin tərkib hissəsinə "aid olmasa da" onlar bu işin tərkibinə qatılıb.

"Absurd"

Meydan TV-nin direktoru Emin Milli məlum hadisə ilə bağlı bəyanat yayaraq "indiyədək heç bir qanunsuz fəaliyyətlə məşğul olmadıqlarını" bildirib.

"Meydan TV-nin vəzifəli şəxslərinin Azərbaycanda heç bir biznes fəaliyyəti yoxdur. Bütün jurnalistlərlə əməkdaşlığımız yalnız ictimai əsaslarladır. Bu səbəbdən də qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma kimi maddələri absurd hesab edirik", bəyanatda deyilir.

Bu barədə daha geniş