Freedom House: Azərbaycanda mətbuat azad deyil

Image caption Hesabata görə, Azərbaycan media azadlığına görə, 199 ölkə içərisində 189-cu yerdədir.

Azərbaycanda mətbuat azad deyil, 199 ölkə üzrə illik hesabatını açıqlayan Freedom House bəyan edir.

Freedom House təşkilatı hər il müxtəlif ölkələrdə tədbir və hadisələri təhlil edərək media azadlığının dərəcəsini qiymətləndirir. Ölkələr "azad", "qismən azad" və "azad olmayan" kimi dəyərləndirilib.

Hesabata görə, Azərbaycan media azadlığına görə, 199 ölkə içərisində 189-cu yerdədir.

Mətbuatın azad sayıldığı ölkələrin siyahısında Norveç, Belçika, Finlandiya, Hollandiya, İsveç, Danimarka kimi ölkələr ilk sıralardadır.

Hesabata görə, Azəbaycanın yerləşdiyi regionda heç bir ölkə azad mətbuata sahib deyil, təkcə Gürcüstan, Ukrayna və Moldova qismən azad ölkə hesab edilir.

Azərbaycan, Ermənistan, Rusiya, Belarus kimi ölkələrdə mətbuatın azad olmadığı vurğulanır.

Beynəlxalq təşkilat Azərbaycanın mətbuat azadlığına görə geriləməsini bildirir və deyir ki, tanınmış jurnalistin qətlinin üstü hələ də açılmayıb. Həmçinin, ötən ilin iyununda Bakda keçirilən Avropa Oyunlarını işıqlandırmaq istəyən xarici media nümayəndələrinə məhdudiyyətlər qoyulub.

Hesabatda o da vurğulanır ki, Azərbaycanda yüksək səviyyədə korrupsiyanı işıqlandıran jurnalistlər sərt hüquqi nəticələrlə üzləşib, o cümlədən, şərlənərək həbs edilib.

"Azərbaycan hakimiyyəti 2015-ci ildə kütləvi informasiya vasitələrində qanunverici məhdudiyyətləri sərtləşdirilib, həm də hüquqi və qanunsuz təqibi ilə ayrı-ayrı jurnalistləri hədəfləyib", hesabatda bildirilir.

Təşkilat həmçinin, Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərin, eləcə də onların ailə üzvlərinin il boyu rəsmilər tərəfindən inzibati və fiziki təzyiqlərlə üzləşdiyini qeyd edir, mərhum jurnalist Rasim Əliyevin öldürülməsindən yazır.

"Hakimiyyət orqanları 2016-cı ilin martında digər siyasi məhbuslarla yanaşı, bir neçə jurnalist və bloqçunu azadlığa buraxıb, amma tanınmış jurnalist Xədicə İsmayılova dəmir barmaqlıqlar arxasında qalır və tənqidi mediaya qarşı düşmənçilik siyasəti hökumətin yanaşmasında real dəyişikliyin baş verdiyini göstərmir", hesabat bildirir.

Beynəlxalq insan haqları və media təşkilatları illik hesabatlarında Azərbaycanda söz azadlığına və vətəndaş cəmiyyətinə təzyiqlər edildiyini deyir. Azərbaycan hakimiyyəti bu iddaları rədd edir və jurnalist və fəalların həbsinin onların fəaliyyətilə əlaqəli olmadığını bildirir.

Bu barədə daha geniş