Xədicə İsmayıla UNESCO-nun mükafatı təqdim edilir

Fotonun müəllifi Jahangir Yusif
Image caption Xədicə İsmayılın həbsdən yazdığı müraciəti anası Elmira İsmayılova oxuyub

Hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayıl UNESCO-nun 2016-cı il Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatına layiq görülüb.

Jurnalistin həbsdən yazdığı müraciətini Helsinkidə keçirilən beynəlxalq tədbirdə anası Elmira İsmayılova oxuyub.

Jurnalist müraciətində Guillermi Cano-un xatirəsini yad etdiyini bildirib və mərhum jurnalist Elmar Hüseynovu “Azərbaycanın Guillermo Cano-su” adlandırıb.

Daha sonra öz fəaliyyəti və həbsi barədə məlumat verən Xədicə İsmayılın müraciəti bu cümlə ilə yekunlaşır: “Mənimlə birlikdə azadlıq və həqiqət uğrunda savaşın”.

Xədicə İsmayıl 2014-cü ilin dekabrın 5-də həmkarını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib, lakin sonradan bu maddə üzrə ona bəraət verilib.

Həbs-qətimkan dövründə Xədicə İsmayıla qarşı mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb və o, 7 il 6 ay müddətinə həbs edilib.

Xədicə İsmayıl və onun əməkdaşlıq etdiyi Azadlıq Radiosu həbsin siyasi motivli olduğunu deyir və apardığı araşdırmalarla əlaqələndirir. Azərbaycan hökuməti bu iddiaları rədd edir.

UNESCO-nun Guillermo Cano Dünya Mətbuat Azadlığı Mükafatı 1997-ci ildə yaradılıb. Mükafat hər il mayın 3-də mətbuat azadlığı sahəsində gördüyü işlərə görə dünyanın müxtəlif bölgələrindən olan jurnalist və təşkilatlara təqdim olunur.

Bu barədə daha geniş