Əliyevaların "Londondakı malikanəsi" barədə təhqiqat dərc edilib

Fotonun müəllifi Getty
Image caption Arzu və Leylanın Londonda sahib olduğu deyilən mənzil şəhərin mərkəzindəki Hyde Park-a baxan binada yerləşir

Azərbaycan prezidentinin qızlarının Londonda daha bir dəbdəbəli mülkə sahib olduğu məlum olub, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) araşdırmasında deyilir.

Bundan əvvəl beynəlxalq qrup Əliyevlərin Londonda 25 milyon dollarlıq malikanə və 8 milyon dəyəri olan mənzilə malik olduğunu bildirmişdi. Bundan başqa ailənin Dubay, Moskva və Çexiyanın Karlovı-varı şəhərində onlarla milyon dollar qiyməti olan mülkləri var, OCCRP bildirir.

Qrupun araşdırmasına əsasən, Əliyevlər dünya boyu dəyəri 140 milyon dollardan artıq olan daşınmaz əmlaka sahibdirlər.

Qızıl mədənləri, inşaat və rabitə şirkətləri də daxil, ölkənin ən iri bizneslərinə sahib olmaqla prezident ailəsi nəhəng fərdi biznes imperiyasını qurub, OCCRP saytında deyilir.

Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəri bu iddialarla bağlı şərh verməyib. Bundan əvvəl BBC Azərbaycancaya danışan Azər Qasımov prezident qızlarının biznesə sahib olmasının qanunsuz olmadığını deyib.

Onun sözlərinə görə, "prezidentin övladları həddi-buluğa çatmış Azərbaycan vətəndaşlarıdır və onların hər hansı bizneslə məşğul olması qadağan edilməyib".

"Biznes etmək hər bir şəxsin hüququdur", cənab Qasımov əvvəlki müsahibəsində BBC Azərbaycancaya bildirib.

Hyde Park-a baxan bina

OCCRP yazır ki, İlham Əliyevin ailə üzvləri "məşhurlar kimi dünyanı dolaşarkən Azərbaycan rəhbəri etirazçıları təqib edir, fəallarla müstəqil jurnalistləri həbsə atır". Məhbəsdə olanlar arasında OCCRP layihəsinin partnyoru Xədicə İsmayılova da var.

Fotonun müəllifi Getty

Azərbaycanda hakimiyyət insanların siyasi baxışlarına və ya jurnalist fəaliyyətinə görə təqib olunması barədə iddiaları "əsassız" adlandırıb.

Arzu və Leylanın Londonda sahib olduğu deyilən mənzil şəhərin mərkəzindəki Hyde Park-a baxan binada yerləşir.

İnşaat işləri 2005-ci ildə tamamlanıb. Vaxtilə binadakı mənzillərin 1-dən 26 milyon dollaradək təklif olunduğu bildirilir. OCCRP-nin saytında hazırda onların qiymətinin qat-qat yuxarı olduğu bildirilir.

Arzu və Leyla Əliyevaların yaşadığı iddia olunan penthouse mənzil 2006-ci ilin sentyabr ayında satılıb. Bu barədə onlayn arxivlər və daşınmaz əmlak saytlarında məlumat yoxdur. Buna görə satışın özəl şəkildə aparıldığını güman etmək olar, OCCRP bildirir.

Penthouse Leyla Əliyevanın rusiyalı milyardçının oğlu, pop ulduz Emin Ağalarova ərə getməsindən cəmi 5 ay keçmiş alınıb. Onlar daha sonra ayrılıblar, araşdırmada deyilir.

Həmçinin oxuyun: Emin Ağalarov: "Əgər Leyla Əliyeva ilə evliliyimiz bitsə..."

OCCRP ailənin başqa mülklərini müəyyən edə bilməyib, çünki onların çoxu ofşor şirkətlərinə məxsusdur, yazıda deyilir.

Bundan əvvəl OCCRP ofşor hesablar barədə mətbuata sızdırılımış Mossack Fonseca sənədlərinə istinadən prezidentin qızlarının milyardlarla dollar dəyəri olan konsorsiumda 56 faiz paya sahib olduğunu xəbər verib.

Ofşor hesablarının idarə olunması ilə bağlı Almaniyanın Suddeutsche Zeitung qəzetinə sızdırılan 11 milyon sənəd mülk və sərvətlərin kölgəyə keçməsində vasitə olan vergi sığınacaqları üstündən sirr örtüyünü qaldırıb.

Həmçinin oxu: Panama sənədləri: Fazil Məmmədov Əliyevlər ailəsilə necə ortaq oldu?

Bu barədə daha geniş