Heykəl üzərində qraffitidən sonra gənclər "yoxa çıxıb"

Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra 2 gəncin saxlanılması barədə Daxili İşlər Nazirliyi "məlumatlı deyil".

NİDA təşkilatından BBC Azərbaycancaya verilən məlumata görə, hərəkatın üzvü Bayram Məmmədov və Qiyasəddin İbrahim adlı gənc mayın 10-u gecə saatlarından "yoxa çıxıblar".

Onların mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı iddia olunur.

Sosial şəbəkələrdə yayılan şəkillərə görə, hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündə yerləşən parkdakı Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarı yazılıb.

NİDA sözçüsü Turqut Qəmbərin sözlərinə görə, hazırda gənclərin harada olması barədə məlumat yoxdur.

Onun sözlərinə görə, gənclərin abidəyə şüarlar yazıb-yazmaması barədə məlumatlı deyil.

Gənclərin dostları və yaxınları onun polis tərəfindən saxlanıldığını və DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa dair Mübarizə İdarəsində olduğu iddia edir.

DİN sözçüsü Ehsan Zahidov bu barədə "məlumatlı olmadığını" bildirib.