İki gənc fəal 4 aylıq həbs edildi

Image caption Gənclərin mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı iddia olunur

Mayın 10-u gecə saatlarında sabiq prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılan gənclər, NİDA hərəkatının üzvü Bayram Məmmədov və fəal Qiyas İbrahimov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib, vəkil deyir.

Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma maddəsilə cinayət işi başlayıb.

"Sabah qərardan apellyasiya şikayəti verəcəyik", vəkil BBC Azərbaycancaya bildirib.

Onun sözlərinə görə, ittiham sübut olunarsa onları beş ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Bayram Məmmədov məhkəmə zamanı hakimə bədənindəki işgəncə əlamətləri barədə məlumat verib və hakim "prokurorluğa bu halı araşdırması üçün göstəriş verib", vəkil bildirir.

"Qulağının dibində işgəncə əlaməti var", vəkil deyir.

Daha öncə DİN-in yaydığı rəsmi məlumata görə, çərşənbə günü hər iki gəncin üzərində narkotik maddə aşkar edilib.

Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin, Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan isə 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib.

Qiyas İbrahimovda oxşar miqdarda narkotikin aşkar olunduğu iddia edilir, vəkil Elçin Sadıqov daha sonra BBC Azərbaycancaya deyib.

Çərşənbə günü NİDA təşkilatından BBC Azərbaycancaya verilən məlumata görə, hərəkatın üzvü Bayram Məmmədov və Qiyas İbrahim adlı gənc mayın 10-u gecə saatlarından "yoxa çıxıblar".

Onların mərhum prezident Heydər Əliyevin heykəli üzərinə cızılmış qraffiti ilə əlaqədar saxlandığı iddia olunur.

Daxili İşlər Nazirliyinin sözçüsü Orxan Mansurzadə həbslərin məhz qraffitinin çəkilməsilə bağlı olmasından məlumatlı olmadığını deyib.

Sosial şəbəkələrdə yayılan şəkillərə görə, hər il mayın 10-da təntənəli şəkildə Gül bayramı keçirilən Milli Bankın önündə yerləşən parkdakı Heydər Əliyevin abidəsinin ətrafına "Qul bayramınız mübarək" şüarı yazılıb.

Həmçinin oxuyun: Heykəl üzərində qraffitidən sonra gənclər "yoxa çıxıb"

Bu barədə daha geniş