Azərbaycanca altyazılı film sevərlər keyfiyyətin artmasını istəyir

Fotonun müəllifi Courtesy
Image caption Kampaniya filmlərin azərbaycanca subtitrlərlə verilməsini irəli çəkib.

Bakı kinoteatrlarında may ayının əvvəlindən xarici filmlərin subtitr ilə nümayiş etdirilməsinə başlanılıb.

Bu, ilin əvvəlində Mədəniyyət və Turizm Nazirliyinin kinoteatrlara filmlərin Azərbaycan dilində subtitrlə nümayiş etdirilməsinə dair məsləhətlərindən sonra baş verib.

Fevral ayında nazirliyin kino şöbəsinin sektor müdiri Yusif Şeyxov mediaya deyib ki, subtitrlə xarici filmlərin nümayiş olunmaması ictimaiyyətdə narahatlıq yaradıb.

Nazirliyin qərarı təxminən 1 il yarımdır xarici filmlərin Azərbaycancaya dublyajını tələb edən kampaniya iştirakçılarını sevindirib.

#özdilimdəkino kampaniyası

"Biz #özdilimdəkino həştəqi ilə bu kampaniyanı başladanda bilmirdik ki, belə nəticə olar", kampaniyanın yaradıcısı Orxan Kərimov BBC Azərbaycancaya bildirib.

Türkiyədə kino fakültəsi məzunu olan Kərimov kampaniyaya 2014-cü ildə Bakıya qayıtdıqdan sonra başlayıb.

"Türkiyədən bura gələndə kino problemi yaşadım və bu problemin çox ciddi problem olduğunu başa düşdüm. Azərbaycanda yaşayır 9 milyon insan, onlardan 250-300 mini gündəlik rusca istifadə edir deyə bütün Bakı məcburdur ki filmlərə rusca baxsın. Bu, heç kimə lazım deyil. Amma o vaxt bu, heç kimin vecinə deyildi."

Kərimov kampaniyaya rəsmi dövlət orqanlarına məktub yazmaqla başlayıb.

"Prezident.az-a məktub yazdıq, onlar da məktubu Mədəniyyət və Turizm Nazirliyinə yönləndirdilər. Sonradan bu il xəbər eşitdik ki, kinoların subtitrlə göstərilməsinə göstəriş verilib."

Mədəniyyət və Turizm Nazirliyindən Orxan Kərimova gəlmiş 23 sentyabr 2014-cü il məktubunda deyilir ki, "kinoteatrlarda Azərbaycan dilinin tətbiqi ilə bağlı kinoteatrlarda tərəfimizdən monitorinqlər keçirilsə də, nəticələr qənaətbəxş olmayıb."

Kinoteatrlara cərimə xəbərdarlığı

Nazirliyin 2016-cı il fevral xəbərdarlığında isə deyilir ki, Azərbaycanda subtitri olmayan filmlər qeydiyyata alınmayacaq, eləcə də subtitrsiz film nümayiş etdirən kinoteatrlar 2 min manat məbləğində cərimə olunacaq, Trend agentliyi yazıb.

Həmin vaxt cənab Şeyxov qeyd edib ki, tərcüməni təmin etmək üçün kinoteatrlarla məsləhət edilib ki, onlar öz distribütorları ilə danışıq aparsınlar.

Park Cinema kinoteatrlar şəbəkəsi mayın 5-dən etibarən xarici filmləri orijinal və ya türk dilində olmaqla, azərbaycanca subtitrlə təqdim edir.

"Ümid edirəm ki, bu, dil baxımından çətinlik çəkənlər üçün bir seçim olacaq. Bizə də maraqlıdır ki, insanların davamiyyəti artsın," kinoteatrın satış - marketinq şöbəsinin direktoru Musa Axundov BBC Azərbaycancaya bildirib.

Cinema Plus kinoteatrlar şəbəkəsi mayın 1-dən bütün xarici filmlərin azərbaycanca altyazı ilə nümayişinə başlayıb, baş direktor Zaur Darabzadə deyib.

"Həmişə istəmişik ki, filmlər Azərbaycanca təqdim edilsin, bundan sonra da çalışacağıq ki, həmişə subtitrlə təqdim edilsin," o əlavə edib.

Azərbaycandilli auditoriya

Nizami Kino Mərkəzinin sözçüsü Arzu Əhədova isə deyir ki, hazırda türk dilində filmlər nümayiş etdirilir, eyni zamanda Avropa və ABŞ studiyaları ilə filmlərin tərcüməsi ilə bağlı danışıqlar aparılır.

"Altyazıları özümüz tərcümə edə bilmərik, həm ixtiyarımız yoxdur, həm də şərait."

Arzu Əhədovanın sözlərinə görə, filmlərin altyazı ilə göstərilməsinin səbəbi azərbaycandilli tamaşaçı auditoriyasının artmasıdır.

"80 faiz rus dilini bilmir, biz də israrlıyıq ki, distributorlar kino bazarını Azərbaycan dilində altyazılı filmlərlə təmin etsin."

2014-cü ilin sentyabrında sosial mediada başladılan kampaniyanın tədbir səhifəsinə azı 1400 nəfər qoşulub.

Facebookda yaradılmış tədbir səhifəsində deyilir ki, filmlərin rusca təqdim edilməsinin səbəbləri - filmlərin Rusiyadan gəlməsi, yerli dublaj şirkətlərinə müraciət olunmaması, subtitr mədəniyyətinin olmaması, sahibkarların laqeyd davranışı və əlavə pul xərcləmək istəməməsi, Mədəniyyət və Turizm Nazirliyinin bu mövzuya biganə yanaşması və mövcud qanunvericiliyin tələblərinin pozulmasıdır.

Hazırda kampaniya iştirakçılarının növbəti məqsədi azərbaycanca altyazıların keyfiyyətini artırmaqdır, Kərimov bildirib.