Öz ölkəsində "diskriminasiyaya məruz qalan işçilər"

Fotonun müəllifi Getty
Image caption Təhlilçilər bildirir ki, xarici şirkətlər yerli işçilərə dəfələrlə az maaş ödəyir.

Azərbaycanda fəaliyyət göstərən şirkətlərdə eyni işə görə xarici vətəndaşlar çox, yerli vətəndaşlar isə az maaş alır, hüquq müdafiəçiləri deyir.

BBC Azərbaycancaya danışan hüquq müdafiəçiləri bu halın ölkədə geniş yayıldığını bildirir və bunu "diskriminasiya" adlandırır.

Bununla yanaşı bəzi xarici şirkətlərdə yerli işçilərə daha yaxşı şəraitin yaradıldığını və yüksək əmək haqqının verildiyini deyənlər də var.

Azərbaycanda fəaliyyət göstərən BP şirkətinin sözçüsü də işçilərə qarşı ayrıseçkilik iddialarını qəbul etmir.

Əmək haqqında böyük fərq

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı deyir ki, 1996-cı ildə təşkilatın yaranmasından bəri yerli işçilərə qarşı diskriminasiya halları məsələsi gündəmdədir.

Image caption Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı deyir ki, yerli işçilərə qarşı diskriminasiya halları məsələsi gündəmdədir.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətdə çalışan xarici ölkə vətəndaşları ilə yerli vətəndaşların maaşları arasında "çox böyük fərq var".

"İndi fəxrlə deyilir ki, Şahdəniz və digər layihələrdə azərbaycanlı işçilərin sayı 80 faizi keçib. Amma o siyahıda sürücü, katibə, süpürgəçi, çaydaşıyan da azərbaycanlı mütəxəssislərin siyahısına aid edilir. Əslində rəhbər vəzifələrdə azərbaycanlıların sayı olduqca azdır. Bəzən xarici işçilərə 10 dəfə artıq əmək haqqı verilir", o bildirir.

Təşkilat sədri xarici işçilərin niyə çox maaş alması ilə maraqlanır, o, sual edir ki, niyə onlar üçün daha yaxşı şərait təmin edilir və daha yüksək vəzifələr verilir. O, bu halı "absurd" adlandırır.

Mirvari xanım yerli işçilərlə əmək müqavilələrində əmək haqqının manatla nəzərdə tutulduğunu, xarici işçilərdə isə bunun dollarla hesablandığını deyir.

O, hökumətin bu sahədə addım atmamasından narazıdır.

"Biz deyirik ki, bu neft bizim ölkənindir və xalqa məxsusdur. Niyə xaricilər milyonlar, yerli işçilər isə minlər aparmalıdır?", o deyir.

Təşkilat sədri onu da əlavə edir ki, Cənubi Qafqaz Boru Kəməri, Şahdəniz, Baku-Tbilisi-Ceyhan kimi layihələrdə yerli işçilərdən daha çox Livan, Suriya, Pakistan və Sinqapurdan işçi gətirilir. Ölkədə yaranmış işsizliyə göz yumulur, Mirvari xanım bildirir.

Hərçənd ki, BBC Azərbaycancaya danışan və böyük lahiyələrin operatoru olan BP şirkətinin sözçüsü bu iddialarla razılaşmayıb.

"Burda BP-nin işçilərinin əsas aparıcı qüvvəsi yerlilərdir. İşçilərin 85 faizi Azərbaycan vətəndaşıdır", - BP-nin Azərbaycanda Əlaqələr üzrə meneceri Tamam Bayatlı deyib.

Fotonun müəllifi Getty

"Beş azərbaycanlı vitse-prezident var. Onlar BP-nin regional rəhbər komitəsinin üzvləridir. Bizim işçilərə münasibət bilik, bacarıq, şirkətə verdiyi töhfə üzərində qurulub. Onlara heç bir digər formada münasibət bəslənə bilməz".

Qanun nə deyir?

Yerli qanunlara görə, işəgötürən işçiyə peşəkarlıq səviyyəsinə və gördüyü işə görə əmək haqqı ödəməlidir.

Hüquqşünas Müzəffər Baxışovun sözlərinə görə, xarici ölkə vətəndaşına eyni işə görə çox, yerli işçiyə isə az əmək haqqı verilirsə, bu Əmək Məcəlləsinin kobud şəkildə pozulmasıdır.

"Azərbaycan hüquqa söykənən ölkə deyil. Bunu o şirkətlər də bilir, ona görə də istədiyi şəxsə istədiyi əmək haqqını verir, digər şəxsin hüquqlarını pozur", hüquqşünas deyir.

Cənab Baxışov deyir ki bu əmələ görə cinayət məcəlləsinin vəzifədən sui-istifadə etmə və ya inzibati xətalar məcəlləsinin əmək qanunvericiliyinin pozulması maddəsinə görə məsuliyyət daşıya bilər.

Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, Azərbaycanda bərabər əməyə görə bərabər ödəniş prinsipi pozulur və bu da Azərbaycan qanunvericiliyi ilə cinayət məsuliyyəti yaradır.

Müsahibə zamanı hüquq müdafiəçiləri əmək hüquq pozuntuları ilə bağlı digər şirkətlərlə yanaşı BP şirkətinin adını hallandırır.

Hərçənd ki, Tamam Bayatlı BP-nin fəaliyyətdə olduğu ölkələrdə işə qəbul şərtləri, o cümlədən maaş hədlərini həmin ölkədəki bazar tələbatının qiymətləndirilməsi nəticələrinə əsaslandırır.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşları ilə bağlanılmış müqavilələr Azərbaycan Respublikasının qanunlarına, həmçinin BP-nin əməliyyatçısı olduğu Hasilatın Pay Bölgüsü sazişlərinə əsaslanır.

Kateqoriyalar

Əgər Azərbaycan vətəndaşı xarici ölkədə işə götürülərsə, ona buradakından fərqli həmin ölkənin bazarına uyğun şərtlər və maaş təklif olunur, o bildirir.

O, bu halın uzun illərdir davam etdiyini qeyd edir. Hüquq müdafiəçisinin sözlərinə görə, iri şirkətlərdə işçiləri təmsil etdiyi regiona görə də kateqoriyalara bölürlər. Avropadan gələnlər üstün sayılır, daha sonra başqa regionları təmsil edənlər, məsələn cənub-şərqi ölkələrdən gələnlərdir, sonuncular isə yerli işçilərdir, cənab Məmmədov bildirir.

"Bəzən onların qidalanmasından tutmuş yataq yerinə qədər fərqli yanaşmalar var. Açıq aşkar ayrıseçkilikdir. Bunu əsas qərb şirkətləri edir. Və həmin şirkətlərin aid olduğu ölkələr bununla bağlı öz şirkətlərinə irad bidirmir. Amma insan hüquqlarını həmin dövlətlər bayraq edirlər", o əlavə edir.

Sahib Məmmədov bildirir ki, əmək haqlarında fərqlər 3-4 dəfədən başlayır, bəzən 10-15 dəfəyə qədər olur.

"Təbii ki, xaricdən gəlmiş şəxsə əlavə təminatlar verilə bilər. Amma bu özünü əmək haqqı fərqində göstərməli deyil. Bəzi xarici işçilərin illik abunə kartları, bahalı səyahətləri, avtomobili olur, onlar villalarda yaşayır. Bunların hamısı neft xərclərinin içinə salınır", o deyir.

Hüquq müdafiəçisi iddia edir ki, belə iri şirkətlərin "qara siyahısı" belə var və onlar etiraz edən və ya tələb irəli sürən işçiləri bu siyahıya salırlar. Həmin işçilər sonralar iş tapmaqda çətinlik çəkirlər. O, bu halı "diskriminasiya" adlandırır.

Sahib Məmmədov deyir ki, Azərbaycanda fəaliyyət göstərən neft şirkətləri imzaladıqları Hasilatın Pay Bölgüsü sazişində göstərildiyi kimi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində hərəkət etməlidir.

"Bizim ölkənin əmək qanunvericilyinə əməl edən yoxdur. Bu şirkətlər bütün dünyada belə işləyirlər. Milli qanunvericiliyə etinasız yanaşırlar", o əlavə edir.

BBC Azərbaycancaya danışan Tamam Bayatlı BP-də "qara siyahının" mövcudluğunun mümkünsüz olduğunu bildirib.

Daha yaxşı şərait

İqtisadçı Zöhrab İsmayıl isə bildirir ki, maaşların həcmi əmək bazarında tələbata uyğun, ölkədəki əmək haqqı səviyyəsinə uyğun müəyyən edilir. Bununla belə, xarici neft şirkətində çalışan yerli işçilərin maaşları Azərbaycandakı orta əmək haqqından dəfələrlə yüksəkdir.

"Həmçinin onların çox sərfəli sosial paketləri var. Məsələn, Azərbaycanda yerli şirkətlərin çoxu işçilərə tibbi sığorta təqdim etmədiyi halda, xarici neft şirkətləri bütün ailə üzvlərinin faydalandığı tibbi sığorta, idman və mədəni faydalar paketi təqdim edir", o deyir.

Bununla belə iqtisadçı xarici işçilərin daha çox maaş aldığını danmır. Amma o qeyd edir ki, onların yerli işçilərlə eyni işə görə yüksək maaş aldığını hesab etmir.

"İşçilərin xarici və yerli sayı kontraktla müəyyən edilir və hazırda Azərbaycandakı şirkətdəki işçilərin əksəriyyəti yerlidir. Xaricilər isə yalnız yüksək ixtisaslı mütəxəssislərdir. Onların maaşı da tələbata uyğun müəyyən edilir", o əlavə edir.

Bu barədə daha geniş