Azərbaycan dronlarını xaricdə sata bilərmi?

Fotonun müəllifi Julian Herzog

Azərbaycanın Müdafiə sənayesi naziri Yavər Camalov yaxın üç ay ərzində yeni nəsil pilotsuz uçan aparatların (PUA) Azərbaycanda istehsal olunacağını bildirib. Hazırda bəzi PUA növləri Azərbaycanda istehsal olunsa da, son nəsil dronlar xaricdən alınır.

Dronlar son illərdə tez-tez alovlanan Qarabağ münaqişəsində çox istifadə olunan hərbi vasitəyə çevrilib.

Aprel ayında Qarabağda şiddətli döyüşlər zamanı və ondan daha əvvəl də həm Ermənistan, həm də Azərbaycan biri digərinə məxsus dronu vurduğunu nümayiş etdiriblər.

Londonda mənzillənən Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan (IISS) təhlilçisi Douglas Barrie deyir k, hər iki tərəf adi kəşfiyyat və müşahidə dronlarından istifadə edir.

"Adətən kamera ilə təchiz olunmuş belə dronlar texnika və canlı qüvvənin yerini müəyyən etmək və hədəfləmək üçün istifadə edilir", o deyir.

İntiharçı dron

ABŞ-da nəşr edilən Washington Post.com saytı aprel ayında təmas xəttində baş verən döyüşlər vaxtı “intiharçı dronun”istifadəsinin “ilk məlum halı”nın qeydə alındığını xəbər verib. Azərbaycanın istifadə etdiyi PUA çox güman ki, İsrailin Harop adlı dronu olub, məqalədə iddia olunur.

“Çəkicbaşlı akula” şəklində olan dron zərbəsilə “erməni könüllüləri”nin hərəkət etdiyi avtobusda olan 7 nəfər öldürülüb, məqalədə bildirilir. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhanisyan döyüş dronunun istifadəsini təsdiqləyib.

İsrael Aerospace Industries (İAİ) şirkətinin istehsal etdiyi Harop raket və dron texnologiyasının üstün cəhətlərindən istifadə edərək mobil nəqliyyat qurğusundan atıla bilər. PUA uçuş vaxtı döyüş radiusu dairəsindəki obyektləri hədəfləməyə qadirdir, İAİ saytında deyilir.

Harop olduğu iddia edilən dronun istifadəsi nadir hal təşkil edir. "Döyüş PUA-lardan daha ehtiyatlı istifadə olunur. Çünki döyüş başlığı olan bu dron hədəfə zərbədən sonra ikinci dəfə istifadə oluna bilməz".

Yerli istehsal

Dronların yerli istehsalı uzun müddətli vəsait yatırımı tələb edir. Görəsən bu, özünü doğruldurmu?

Hərbi eskpert Uzeyir Cəfərov hesab edir ki, yerli istehsal həm iqtisadi, həm də ki, təhlükəsizlik baxımından düzgün addımdır. Belə ki, dronların daxili istehsalı xaricı ölkələrdən asılılığı azaldaraq təhlükəsizliyin artmasına xidmət edir.

“Dronları baha qiymətə alırdıq. Onların Azərbaycana gətirilməsi əlavə nəqliyyat xərcləri tələb edir. İndi istehsal artsa, dronları xaricə də satmaq olar”.

Lakin dronların xaricə satılması üçün bazar mövcuddurmu? Douglas Barrie deyir ki, daha sadə dronlar üçün belə bazar var. Lakin döyüş dronlarına gəlincə, məsələ birmənalı deyil.

Onun sözlərinə görə, ABŞ bu qəbildən olan dronların satışına məhdudiyyətlər tətbiq edir və başqa ölkələrin də bu məsələdə eyni şəkildə "davranacağını görmək istərdi".

Azərbaycanın İsraildən dron alması barədə məlumat öz təsdiqini 2012-ci ildə tapıb. O, vaxt İsrailin müdafiə nazirliyi Azərbaycana 1.6 milyard dollar məbləğində hava hücumundan müdafiə sistemləri satıldığını təsdiqləyib.

Aprel ayında baş verən döyüşlər dronların geniş istifadə olunduğunu nümayiş etdirib və Azərbaycan dron istehsalını buna görə inkişaf etdirmək istəyir, hərbi ekspert Uzeyir Cəfərov BBC Azərbaycancaya bildirib.

“Yaxın 3 ayda prezident İlham Əliyevin tapşırığı ilə yeni nəsil “Zərbə” adlı pilotsuz uçuş aparatlarının serialı istehsalı həyata keçiriləcək”, - Yavər Camalov ANS-ə bildirib. - "Aprel döyüşlərindən sonra Ermənistan ordusunu vahiməyə salan hədəfi vurmaq gücündə olan pilotsuz uçuş aparatlarının Azərbaycanda istehsalına başlanılacaq".

Bu barədə daha geniş