İslamda qəbirüstü təsvirlər: mif və reallıqlar

Fotonun müəllifi chai khana.org

İslam dini insan təsvirlərini qadağan edirsə, Azərbaycandakı müsəlman qəbiristanlıqlarında bu qadağaya niyə əməl olunmur, Chai-Khana layihəsinin hazırladığı icmalda sual edilir.

İslam dini müəyyən zaman keçdikdən sonra qəbrin itməsinin lazım olduğunu tələb edirsə, təcrübədə hər şey niyə fərqlidir? Azərbaycanlılar məzarın ətrafında niyə heykəl və abidələr ucaldırlar?

Bəziləri bunu islamdan əvvəlki mədəniyyət və insanları dindən uzaqlaşmağa məcbur edən sabiq kommunist hakimiyyəti ilə əlaqələndirirlər.

Müsəlman qəbirlərinin problemli və müxtəlif cür nəql olunan tarixi var.

Bəzi mənbələrə görə Məhəmməd peyğəmbər öz evində üzərində heç bir nişan və əlamət olmayan şəkildə dəfn edilməsini istəmişdi və nə İslamdan öncəki ərəblərdə, nə sasanilərdə nə də Mesopotamiya xalqlarında qəbrin üzərində heykəl ucaltmaq adəti olub.

Bu halda böyük, gözəçarpan qəbirlərlərin məna və formaları öz başlanğıcını hardan götürüb?

Çox güman ki, bu bir çox insanın İrana muzdlu əsgər, müharibə əsiri və qul kimi axın etdiyi Abbasilər dövrünə (8-13-cü əsrlər) təsadüf edir. Buraya axın edən insanların özləri ilə məzarı çadırla örtmək mədəniyyətini gətirdikləri ehtimal olunur. Lakin bu da bir fərziyyə olaraq qalır.

Adı çəkilən dövrdə üzəri bahalı naxışlarla bəzədilmiş qəbir daşları bəzi insanların bir növ nəzərə çarpan xərcləri idi. İndi əbədi həyatın rəmzi olaraq, məzarların üzərinə sərv ağacları və həmişəyaşıl ağaclar əkilir. Ağaclarla əhatə olunmuş qəbir cənnətin təsviri kimi qəbul edilir.

Müsəlman qəbristanlıqları Kəbənin ikonoqrafik təcəssümüdür, yəni kub şəklindədir. Tarixən, müsəlman qəbirləri əsasən həndəsi və kalliqrafik əsaslara söykənib və heç bir obrazlı mənası olmayıb. Qəbirlərin üzərində Quran ayələri həkk olunur.

Fotonun müəllifi chai khana.org
Image caption Bəziləri belə hesab edir ki, ağaclarla əhatə olunmuş qəbir cənnətin təsviri kimi qəbul edilir.

Bəs müsəlman qəbirlərində bu dəyişiklik nə zaman baş verdi?

Siyasi təhlilçi Rəşad Şirin, düşünür ki, hazırkı qəbiristanlıq mədəniyyəti islamdan əvvəlki dövrdən qalıb.

“Qədimdə abidə və mavzoleylər zəngin və məşhur insanlar üçün inşa edilirdi, məsələn, krallar və fironlar üçün. Lakin, müasir dövrümüzdə insanların hüquqlarının bərabər olduğundan, kasıb təbəqə də qəbirlərin üzərində heykəl ucalda bilir, bununla da öz varlıqlarının əhəmiyyətli olduğunu bildirmək istəyir".

Bu məsələ də xususi qeyd olunmalıdır ki, İslamdan əvvəlki mədəniyyətlərin təsiri güclü olan Hindistan, İran, İsrail, Pakistan və Azərbaycan kimi bir sıra ölkələrdə müsəlmanlar müqəddəs hesab etdikləri insanların qəbirləri üzərində mavzoleylər tikmiş və hətta zamanla qızıl və qiymətli daşlarla bəzədilmələri (Hindistan) bu türbələri daha da ekzotik etmişdir.

Hazırda Türkiyədə yaşayan gürcü memar Nikoloz Lekveişvili, hesab edir ki, böyük qəbirlərin inşası ölən insanlara bir növ hörmət mənası daşıyır və onları ölümsüzləşdirir.

O, bildirir ki, İslamda ölüm mövzusu Xristian mədəniyyətindən fərqli olaraq daha çox xatırlanır. Məsələn, Gürcüstanda qəbiristanlıqlar əsasən şəhərdən kənarda olur, ancaq bir çox müsəlman ölkələsində qəbiristanlıqlar şəhərin mərkəzində yerləşir.

Fotonun müəllifi chai khana.org
Image caption Mərmər daşlar daha bahalı və “hörmətli” sayılır və bu səbəbdən mərmər biznesi gəlirli sahələrdən birinə çevrilib.

“Ölümdən sonrakı həyat. İnsanların dəyəri ancaq öldükdən sonra bilinir. İnsanlar düşünür ki, daha böyük qəbirdaşı qoymaqla ölmüş şəxsə daha çox ehtiram göstərmiş olurlar. Bəlkə də onlar düşünür ki, sirli qüvvələr onları izləyir”, o vurğulayır.

“Özümüzü qorumaq ən təbii instinktimizdir. Hər kəs özünü ölümsüzləşdirmək istəyir. Qəbiristanlıq həyatla ölümün kəsişdiyi yerdir. Buna əsaslanaraq, insanlar qəbiristanlığın əhəmiyyətini göstərmək üçün bu cür məqbərələr inşa edir,” Nikoloz Lekveişvili bildirir.

Müqayisəli ədəbiyyat üzrə professor Rahilə Qeybullayeva deyir ki, insan sürətinin təsvirləri Sovet zamanından əvvəl də olub. O, təsvirlərə artıq qədim miniatürlərdə rast gəlindiyini qeyd edir.

Məsələn, onlar 16-cı əsrin əvvəllərində, Şah Abbasın öz kitablarında əks olunub: lakin insanlar bütünlüklə yox, yarı insan yarı heyvan şəklində təsvir olunurdular ki, bu da öz növbəsində şəkildəki insanların artıq öldüklərini ifadə edirdi.

Vəfat etmişlərin şəkillərinin yanındakı simvollara gəldikdə isə, Qeybullayeva bunu din ilə yox, insanların mərhum şəxs haqqında daha çox məlumat vermək arzusu ilə izah edir.

Burada siz adi şəkillər və onların ətrafında olan simvolları görə bilərsiz. Məsələn, gənc yaşlarında ölən subay qızın qəbrinin yanında gəlin paltarı görmək olar.

Sumqayıtlı molla Mirzə deyir ki, mərhum qızın gəlin geyimində təsviri bu barədə arzunun puça çıxmasına işarədir.

Fotonun müəllifi chai khana.org
Image caption Bəzən gənc yaşlarında ölən subay qızın qəbrinin yanında əlavə simvollar görmək olar.

“Evlənmək və ailə qurmaq həyatın təməl prinsiplərindən biridir. Bu cür məzarların üzərində xonça, məzar daşının ətrafına dolanmış qırmızı lent (vəfat edənin gənc olduğunu bildirir) görə bilərsiz".

Onun sözlərinə görə, bəzən də ölən gənc qızın nəşi evdən vağzalı (gəlinin ata evindən çıxardardılıb toy məkanına aparılarkən çalınan musiqi) sədaları altında çıxarılır.

Lekveişvili bunu valideyinlərin öz ovladına olan sonsuz məhəbbəti ilə izah edir. “Onların qızlarını gəlin paltarında görmək arzusu artıq reallaşmayacaq”.

Dini Qurumlar üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı ANS TV-yə verdiyi müsahibədə bildirmişdir ki, insanların böyük qəbir daşları və məzarın üzərində heykəllər inşa etmək ənənələri hardasa 50-60 il əvvəl yayılmağa başlayıb. İnsanlar iri məzardaşları üçün minlərlə manat xərcləyir. Halbuki, İslam dinində qəbir yox olmalıdır.

“Bu ənənə davam etsə, bir müddət sonra Abşeron yarımadası böyük bir qəbiristanlığı xatırladacaq. Qəbiristanlıqlar Panteona dönəcək. Bütün qəbirlər standart ölçüdə olmalıdır,” Mübariz Qurbalı 2014-cü ildə verdiyi müsahibədə həmçinin bildirmişdir ki, qəbirlərin standartlaşdırılması lahiyəsi müzakirə edilir və tezliklə qəbul olunacaq.

“Belə olduqda, heç kim qəbrin üzərində bahalı daşlar və heykəllər ucalda bilməyəcək”.

Azərbaycanda imkanı çatanlar qəbirdaşlarını mərmərdən hazırladır. Mərmər daşı daha bahalı və “hörmətli” sayılır və bu səbəbdən mərmər biznesi ölkənin çox gəlirli sahələrdən birinə çevrilib.

“Vəfat etmiş insanın qəbir daşı onun sosial statusunu müəyyənləşdirən meyar olmamalıdır. Bütün qəbirlər standart ölçüdə olmalıdır. Heç kim “gələcək qəbirlər” üçün əlavə yer ala bilməyəcək”, Qurbanlı deyir.

Chai-Khana ilə BBC Azərbaycanca üçün hazırlanan yazı.

Bu barədə daha geniş