Mətbuat icmalı: Məmurlara xaricdə istirahətə "qeyri-rəsmi" qadağa qoyulub?

Fotonun müəllifi Getty

"Azərbaycan": "AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycan torpaqlarının işğalı faktı bir daha sübut edilib"

Mayın 23-də AŞ PA Monitorinq Komitəsinin Parisdə keçirilmiş iclasının birinci iş günündə Azərbaycanla bağlı hazırlanan məruzə dinlənilib, Azərbaycan qəzeti bildirir.

Bu haqda AZƏRTAC-a məlumat verən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seydiov deyib ki, aprel ayında AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycanda səfərdə olub və mayın 23-də Monitorinq Komitəsində həmin missiyanın ilkin məruzəsi dinlənilib.

"Məruzədə ölkədə insan hüquqlarının vəziyyəti, xüsusilə də Prezident İlham Əliyevin imzaladığı əfv fərmanları, qeyri-hökumət təşkilatlarının normal şəraitdə fəaliyyət göstərməsi, Azərbaycanda gedən müsbət proseslər haqqında məlumatlar əksini tapıb. İclasda aprel ayında qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən danışılıb, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı faktı ilə bağlı fikirlər söylənilib və müzakirələr aparılıb. Müzakirələr zamanı Ermənistan nümayəndələrinin etirazlarına baxmayaraq, AŞ PA Monitorinq Komitəsinin üzvləri, həmməruzəçilər, digər deputatlar bununla bağlı öz mövqelərini bildiriblər".

Fotonun müəllifi Council of Europe
Image caption AŞ PA Monitorinq Komitəsində təşkilatın Azərbaycan üzrə həmməruzəçisinin məruzəsi dinlənilib.

"Monitorinq Komitəsinin bu iclası həmişə Azərbaycana qarşı ciddi tənqidi mövqedə olan avropalı deputatların ölkəmizdəki proseslərə müsbət münasibətləri ilə yadda qalıb. Avropalı deputatlar Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin göz qabağında olan nəticələrinin təqdirəlayiq olduğunu bildiriblər...", məqalədə deyilir.

"Xalq qəzeti": Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib

"Mayın 23-də AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda Dünya Xəbər Agentlikləri Konqresi (NACO) Şurasının növbəti iclası keçirilib.

İclasda AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Böyük Britaniyanın Press Association agentliyinin icraçı direktoru Klayv Marşal, Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Küveyt Xəbər Agentliyinin (KUNA) baş direktoru Şeyx Mübarək İbrahim Əl-Sabah, Bolqarıstanın BTA agentliyinin baş direktoru Maksim Minçev, Rusiyanın TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Sorensen, Ərəb Xəbər Agentlikləri Federasiyasının baş katibi Fərid Əyyar, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Erik Naylen, İspaniyanın EFE agentliyinin beynəlxalq əlaqələr üzrə meneceri Xuan Mario Kalvo və nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, dünya informasiya siyasətinin önündə gedən təşkilatları və agentlikləri öz ətrafında birləşdirən Dünya Xəbər Agentlikləri Konqresi 2016-cı il noyabrın 16-17-də Bakıda keçiriləcək. O, Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilində bu iclasın həlledici rol oynayacağını bildirib. Qeyd edilib ki, dünyanın hər yerindən xəbər agentliklərinin rəhbərləri Bakıya toplaşacaq və peşəkar fəaliyyətlə bağlı bir sıra mövzular müzakirə ediləcək..."

"Xalq qəzeti": Çinin Dövlət Təhlükəsizlik Nazirliyi Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti ilə sıx əməkdaşlıq edəcək

"Mayın 23-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti ilə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi arasında kommunike imzalanıb. AZƏRTAC xəbər verir ki, sənədlərin imzalanmasından əvvəl Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə mühüm fəaliyyəti, ölkəmizdə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışdı..."

"Azadlıq": Məmurlara qeyri-rəsmi “xaricdə istirahət” qadağası

"Məmurlara xaricdə dincəlməyə qeyri-rəsmi qadağa qoyulub", Azadlıq qəzeti iddia edir.

Qəzet yazır ki, qadağa xaricə pul axını ilə bağlıdır. “Hakimiyyət düşünür ki, məmurlar istirahət üçün pullarını ölkə daxilində xərcləsinlər. Bu baxımdan qeyri-rəsmi şəkildə hər kəsə tapşırılıb ki, xaricdə dincəlməyə getməsinlər”, – deyə məlumatı verən mənbə bildirib.

"Məlumata görə, bu qadağa bəzi məmurların ürəyincə olmayıb.

“Xarici ölkələrdəki kurort zonalarında villaları olan məmurlar bu qadağadan narazı qalıblar. Lakin qərar qəti olduğuna görə bu narazılığı dilə gətirmirlər”, – deyə mənbə əlavə edib. Məlumat üçün deyək ki, hər il yayda Azərbaycan məmurlarının xarici ölkələrdəki kurort zonalara axını başlayır."

"Azadlıq": Bakıda məşhur şirkət direktoru özünü güllələdi

Bakıda intihar hadisəsi qeydə alınıb. 1962-ci il təvəllüdlü Söhbət Hacıyev mayın 21-də səhər saat 07:30-da yaşadığı mənzildə ov tüfəngi ilə özünə intihar məqsədi ilə atəş açıb və hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Söhbət Hacıyevin rəhbərlik etdiyi “İnteryer S” MMC şirkəti təhlükəsizlik və müşahidə kameralarının quraşdırılması və sazlanması ilə məşğul olurmuş.