Aİ-dən çıxmaq Britaniyanın Azərbaycanla münasibətlərinə təsir edəcəkmi?

Fotonun müəllifi Reuters

Böyük Britaniyanın Avropa İttifaqından çıxması Azərbaycan iqtisadiyyatına təsir edə bilər, iqtisadi təhlilçilər deyir.

Onların sözlərinə görə, maliyyə bazarlarında funt və avronun dəyərinin azalması bütün dünyada ABŞ dollarına olan tələbatı artırır.

Siyasi təhlilçilər isə, referendum nəticələrinin Azərbaycanın həm siyasi, həm də iqtisadi partnyoru olan Britaniya ilə münasibətlərində xüsusi dəyişiklik etməyəcəyi fikrindədirlər.

"Təsir etməyəcək"

Millət vəkili Rasim Musabəyov da belə düşünür. O, Norveçin də Aİ-yə daxil olmadığını xatırladaraq, bu halın Azərbaycan və Norveç arasındakı münasibətlərə heç bir təsirinin olmadığını vurğulayır.

"Onsuz da Britaniya nə Şengenə daxil idi, nə də Avrozonaya. Bu baxımdan referendum nəticələrinin Azərbaycan və Britaniya əlaqələrinə gözəçarpan təsiri olmayacaq", millət vəkili bildirir.

Cənab Musabəyov bununla yanaşı Britaniyanın Aİ-dən çıxmasını "yanlış qərar" adlandırır. O, bu qərarın "istər-istəməz biznes üçün müəyyən çətinliklər yardacağını" desə də, bununla Aİ-nin dağılacağına inanmadığını qeyd edir.

"İndi Aİ-dən daha geniş olan Transatlantik birlik lahiyəsi işlənilir. Bura ABŞ, Kanada, Aİ ölkələri və Britaniya daxil ola bilər. Bir çox məsələlər onun daxilində həllini tapacaq", o əlavə edir.

Politoloq Hikmət Hacızadə də Britaniyanın Aİ-dən çıxmasının Azərbaycanla əlaqələrinə təir etməyəcəyi fikrindədir.

O həmçinin, bu qərarla Britaniyanın maliyyə sistemi və xarici siyasətinin zəifləyəcəyini də bildirir. Politoloq ölkənin Avropa İttifaqından çıxmasına təəssüfləndiyini də qeyd edir.

"Dünyada hamı-hamıdan ayrılmaq kənarlaşmaq istəyir. Şotlandiya Britaniyadan, Kataloniya İspaniyadan. Keçmiş SSRİ ərazisində bir çox separatçı hərəkatlar da var. Birləşmək, sərhədləri açmaq, əməkdaşlıq etmək faydalıdır", deyən cənab Hacızadə əlavə edir ki, Britaniyanın Aİ-də qalaraq yeni qaydalar tətbiq edə bilərdi.

Üçüncü devalvasiya riski?

İqtisadi məsələlər üzrə təhlilçi Şəhla Əliquliyevanın sözlərinə görə, bu hadisənin ilk baxışdan iki ölkə münasibətlərinə təsir etməyəcəyi görünsə də, əslində iqtisadiyyata təsiri ola bilər.

Təhlilçi deyir ki, ilk təsir məhz neft qiymətlərinin aşağı düşməsi məsələsidir.

"Mütəxəssislərin fikrincə, Aİ-dən çıxmaq Britaniyanın iqtisadiyyatında müəyyən artımın azalmasına səbəb olacaq. İqtisadiyyatın zəifləməsi neftə olan tələbatı müəyyən qədər azalda bilər və bazar qiymətinə təsir olacaq. Azərbaycanın əsas gəlirləri neftdəndir deyə, bizə də təsir edəcək", o bildirir.

O, ikinci amilin valyutanın məzənnəsinin dəyişməsi olduğunu deyir. Onun sözlərinə görə, hazırda müşahidə olunan funt və avronun dəyərinin aşağı düşməsi kapitalın dollara axacağı deməkdir.

"Kapital dollara tərəf axdığına görə dollara tələbat artacaq, nəticədə dollar bahalaşa bilər. Çünki bazarda hamı dollar axtarır", təhlilçi vurğulayır.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, referendumun nəticəsi gözlənilməz olsa da, bu hadisənin funt və avronun ucuzlaşmasına səbəb olacağı təxmin edilirdi. O deyir ki, artıq bu ehtimal baş verib, funt və avro ucuzlaşır, dollardan başqa isə yapon yeni də bahalaşıb. Həmçinin neftin qiyməti ucuzlaşır, qızılın qiyməti artıb.

İqtisadçının fikrincə, bu halın Azərbaycana təsiri neft qiymətinin ucuzlaşması və valyuta ehtiyatının azalması olacaq.

Onun sözlərinə görə, Azərbaycanın valyuta ehtiyyatlarında funtun payı 5-6 faizdir və böyük sayılmır. Ancaq funtla bərabər ucuzlaşan avronun payı milli valyuta ehtiyyatlarında 30-35 faizdir.

"Bu o deməkdir ki, Azərbaycanın valyuta ehtiyatının 40 faizi dəyərini itirəcək və ehtiyat azalacaq", cənab Əliyev deyir.

Samir Əliyevin bildirdiyinə görə, bu iki nüans mənatın məzənnəsinə təzyiqi artıracaq. "Yeni devalvasiya ola bilərmi" sualına iqtisadçı cavab verir ki, bunu Mərkəzi bankın davranışından asılı olacaq.

"Manatın məzənnəsi deyildiyi kimi üzən məzənnə olsaydı, artıq ucuzlaşmanı hiss etmişdik. Amma manatın məzənnəsini Mərkəzi bank tənzimləyir və onun qərarlarına əsasən nəticəni görəcəyik", o qeyd edir.