Qafqaz Universitetinin yeni rektoru "sabah təqdim ediləcək"

Fotonun müəllifi qu.edu.az

Qafqaz Universitetinin yeni rektoru cümə axşamı günü təqdim ediləcək, bu barədə məlumatı BBC Azərbaycancaya "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi"nin idarə heyətinin üzvü məlumat verib.

İdarə heyətinin üzvünün sözlərinə görə, Qafqaz Universitetinin adı dəyişməyəcək və universitet "yenə də öz diplomunu təqdim edəcəkdir, bununla bağlı sənədlər hazırlanır".

Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin çərşənbə günü verdiyi qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verildi.

"Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcəkdir", Dövlət Neft Şirkətinin kadr məsələləri üzrə vitse-prezidenti Xalik Məmmədov öz Facebook səhifəsində bu barədə məlumat yayıb.

Təhsil üzrə ekspertlər universitetin BANM-in idarəçiliyinə verilməsinin tam olaraq nə anlama gəlməsini dəqiqləşdirmək üçün əlavə izahatlara ehtiyac olduğunu düşünür.

"Qafqaz" Universitetinin təsisçisi bu gün universitetin bağlanması haqqında qərar qəbul olunması barədə Təhsil Nazirliyinə məlumat versə də ali təhsil ocağında çalışanlar bundan "xəbərsizdir".

Universitetin təsisçisiliyi 2013-cü ildən etibarən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib. İctimai Birlik sayılan mərkəz “Çağ Öyrətim İşlətmələri” şirkəti və ARDNŞ-nın təsisçiliyi ilə yaradılıb. Əsas təsisçi Dövlət Neft Şirkəti hesab olunur.

"Fərq etmir"

Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin rəhbəri Ülviyyə Mikayılova düşünür ki, idarəetmədə tətbiq olunacaq bu yenilik Qafqaz Universitetində təhsilin keyfiyyətinə təsir göstərməyəcək.

"Bu yaxınlarda Azərbaycan Müəllimlər İnstitutu Pedaqoji Universitetin tərkibinə qoşuldu. İdarəçiliyin ümumi qaydası və yanaşması var. Orda fərq etmir siz haranı idarə edirsiniz."

Təhsil üzrə ekspert düşünür ki, universitetin BANM-in idarəçiliyinə verilməsinin hüquqi mahiyyəti və status formasının müəyyən olunmasına ehtiyac var.

"Hələlik aydın deyil bu, qoşulub, birləşib ya sadəcə idarəçiliyə verilib. Sadəcə idarəçilikdirsə bu, o anlama gələ bilər ki, sadəcə bir muxtar qurum kimi onun tərkibindədir", xanım Mikayılova buna dair açıqlama olacağını ehtimal edir.

Tələbə ümidi

BBC Azərbaycancanın əlaqə saxladığı universitet əməkdaşlarından biri deyib ki, hazırda təhsil davam edir və bağlanmaqla bağlı onlara heç bir məlumat verilməyib.

Universitetin yay məktəbində oxuyan tələbələrdən biri deyib ki, təhsil ocağında dərs keçirilməsinə baxmayaraq bu gün onlara "evə gedin, sonra məlumat verəcəyik" deyiblər.

"Bizə çıxın gedin deməyiblər, sadəcə deyiblər indi dərs yoxdur."

Digər bir tələbənin sözlərinə görə isə onlara bu günə imtahan təyin olunsa da təxirə salınıb və ona "universitetə bu gün gəlmə" deyiblər.

Birinci kursu bu il bitirən tələbələrdən biri "inşallah ikinci kursu oxuya biləcəm" deyir. Hazırda ali təhsil ocağının əsas binasında universitetin "gələcək taleyi müzakirə olunur".

Tələbələr Qafqaz Universitetinin yüksək təhsil verən ocaq olduğunu deyərək "bağlanmaq istəmədiyini" dilə gətiriblər.

Qafqaz Universitetinin ikinci kurs tələbəsi də ali təhsil ocağının bağlanmasından xəbərsiz olduğunu və buna "inanmaq istəmədiyini" deyib.

Məlumat

"Qafqaz” Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib, Təhsil Nazirliyinin rəsmi saytı yazır.

Məlumatda bildirilir ki, müvafiq rəsmi sənədlər Nazirliyə daxil olandan sonra “Qafqaz” Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədi ilə nazirlikdə müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Qərarın qəbul olunma səbəbini dəqiqləşdirmək üçün ARDNŞ ilə əlaqə yaratmaq mümkün olmayıb. Təhsil Nazirliyi məsələ ilə bağlı hər hansı şərh verməyib.

Qafqaz Universiteti Azərbaycanda 1993-cü il mayın 1-i fəaliyyətə başlayıb. 1995-ci ildə dövlət qeydiyyatına alınan ali təhsil ocağı "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir.

2003-2004-cü tədris ilində mərhum prezident Heydər Əliyevin şəxsi göstərişi ilə Bakı-Sumqayıt yolu üzərində Universitetə ayrılmış 20 hektar torpaq sahəsində müasir tədris korpusu inşa olunub.

Ali təhsil ocağının hazırki rektoru Prof. Dr. Ahmet Saniç-dir. Hazırda univeristetdə 5 mindən çox tələbə təhsil alır.

Bu barədə daha geniş