"Düzəltdiyim tanburlar avarların toylarında istifadə olunur"

İsmayıl Meqçiyevin dediyinə görə düzəltdiyi tanburlar avarların toylarında istifadə olunur

Şəklin mənbəyi, chai khana

Şəklin alt yazısı,

İsmayıl Meqçiyevin dediyinə görə düzəltdiyi tanburlar avarların toylarında istifadə olunur

İsmayıl Meqciyevin dediyinə görə atası da, babası da mahir tanbur ifaçıları olublar.

Elə bu maraq tezliklə onu tanbur düzəltməyə də vadar edir. O, ilk tanburunu 1973-cü ildə düzəldib.

Nurlan Babazadənin Zaqatala rayonundan Chai Khana və BBC Azərbaycanca üçün reportajı.

Danaçı kəndi

Zaqatala rayonu etnik azlıqların müxtəlifliyi və sıx məskunlaşması ilə məşhurdur. Burda azərilərlə yanaşı saxurlar, avarlar, ləzgilər, ingiloylar və digər etnik azlıqlar da yaşayırlar.

Rayonun ən böyük kəndi Danaçı kəndidir. Avarların sıx məskunlaşdığı bu kənd təkcə Zaqatalada yox, avarların yayıldığı bütün ərazilərdə – Dağıstanda, Azərbaycanın şimal-qərbində məşhurdur.

Səbəb isə İsmayıl ustanın burda yaşamasıdır.

İsmayıl Meqciyev 1959-cu ildə Danaçı kəndində anadan olan avardır. Uşaq yaşlarında tanbur çalmağa maraq yaranıb. O, ilk tanburunu da erkən yaşlarında düzəltməyə başlayıb.

Lakin bir müddətdən sonra ağır xəstəliklə üzləşən İsmayılın sağ tərəfi iflic olur. Bundan sonra tanbur düzəltməyin daşın atır.

Daha sonra onun gördüyü yuxular onu narahat etməyə başlayır.

Kənddəki yuxuyozanın yanına gedir, qadın isə deyir ki, sən tanbur düzəltməlisən, səni tanbura səsləyirlər.

"Hər iki əlimi işlədə bilsəm..."

İsmayıl Meqciyev deyir ki, bir dəfə dostunun atası ondan tanbur istəyir.

O isə çətinliklə də olsa, tanburun əsas hissəsini hazırlayır, dostunun atası isə içini doldurub, simlərini taxır, əsas işi isə İsmayıl görmüş olur: “Bir az keçəndən sonra tanburu ondan geri almaq istəyirdim. Amma utanırdım. Çünki tam hazır vəziyyətdə verməmişdim ona. İstəyə bilmədiyimə görə başladım özümə birini düzəltməyə. Sonra bu formada davam elədim, bir də baxdım ki, bir neçə tanbur düzəltmişəm.”

Meqciyev deyir ki, iki əllə işləyə bilmədiyinə görə, xüsusi alətin köməkliyi ilə işini rahatlaşdırıb: “Bu cür nisbətən rahat işləsəm də, ləng oluram. Əgər hər iki əlimi işlədə bilsəm, bir tanburu 10-12 günə düzəldə bilərəm, amma bir əllə bir tanburu 1 aya düzəldirəm.

Əvvəlcə ağacı müəyyən ölçüdə dördbucaqlı şəkildə kəsdirirəm, sonra onun üzərinə xətlər çəkərək həmin xətlər vasitəsilə ağacı yonub tanbur halına salıram. Tanburu müxtəlif ağaclardan düzəltmək olar; tut, cökə, çinar, şam və sairə. Ancaq qoz ağacından hazırlananda tanburun səsi daha çox sazın səsinə oxşayır. Əsl avar tanburunun səsi jilka (fiber ip) ilə olanda çıxır. Simlə edəndə səs gur çıxsa da, əsl tanbur səsi vermir.”

“Bu ərazilərdə yeganə tanbur ustası mənəm. Ona görə də Azərbaycanda və Qafqazda avarlar tanburu əksərən məndən alırlar. Yanıma Bakıdan, Balakəndən, elə Zaqatalanın özündən, Dağıstandan, Mahaçqaladan gələnlər olur.

Təzəlikcə, Balakəndə və Zaqatalanın Car kəndində tanbur düzəldənlər var, amma onlar hələ təzədirlər, əsl avar tanburunun ruhunu verə bilmirlər. Son zamanlarda isə bəzi adamlar məndən tanbur alırlar, sonra isə gedib öz adlarına çıxarırlar, guya ki, həmin tanburu onlar özləri düzəldiblər.

Mənim düzəltdiyim bu tanburlar isə avarların toylarında istifadə olunur. Daha rahat olması üçün mikrofon qoşula bilən tanbur da düzəltmişəm. ”

“Dörd oğlum var, hər birisi ayrı-ayrı işlərlə məşğuldur. Heç vaxt tanbur düzəltməyə maraqları olmayıb. İndi heç şagirdim də yoxdu. Olmağını istəyərəm, amma bu iş səbir tələb edir, gələn şagird 3 gün, 5 gün dözəcək, sonra atacaq. İrsin qorunmasını çox istəyərdim.”