Mətbuat icmalı: Azərbaycan olimpiyaçıları avqustun 1-də yola düşür

Fotonun müəllifi Getty

"Xalq qəzeti": Sosial Müdafiə Nazirliyi cəza çəkməkdən azad edilmiş 3484 şəxsə birdəfəlik pul müavinətləri verib

"Cari ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan 3484 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib.

Müvafiq qanunvericiliyə uyğun olaraq həmin insanların hər birinə minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində müavinət ödənilib.

Qeyd olunan dövrdə həmin şəxslərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanlarına iş üçün müraciət edən insanların kvota üzrə ayrılmış iş yerlərində məşğulluqlarının təmin edilməsi üçün müvafiq işlər görülüb.

Nazirlik tərəfindən Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün hazırda 50 yerlik Sosial Adaptasiya Mərkəzi də inşa etdirilir..." qəzet yazır.

"Xalq qəzeti": Azərbaycan nümayəndə heyəti Rio-de-Janeyroya avqustun 1-də yola düşəcək

Gənclər və idman naziri Azad Rəhimov iyulun 25-də keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanın Olimpiya komandası avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək.

Nazir deyib ki, "komandamız 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq".

"Bir gün sonra Olimpiya Kəndində Azərbaycan idmançılarının salamlanması və dövlət bayrağımızın qaldırılması mərasimi təşkil olunacaq..."

“Zika” virusuna qarşı lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıran nazir deyib: “Bütün bunları nəzərə alaraq, nümayəndə heyəti üçün xüsusi tibb çantaları hazırlanıb. Həmin çantalarda “Zika” virusuna qarşı xüsusi şprislər var. Çantada, digər lazımi tibbi ləvazimatlar da var”".

Nazir qeyd edib ki, “Rio-2016” Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək davam edəcək. "Paralimpiyaçılardan da uğurlu nəticələr gözləyirik".

"Azadlıq": "Moody's": "Azərbaycanın xarici borcları kəskin artacaq"

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini “neqativ” proqnozla “Ba1” səviyyəsində təsdiq edib.

Agentlik Azərbaycanın iqtisadi geriləməsinin dünya bazarında neft qiymətlərinin azalması və milli valyutanın devalvasiyası ilə dərinləşdiyini qeyd edib."

Hesabatda deyilir: “Ölkə hökumətinin ÜDM-lə bağlı 2016-cı il üçün 3,3%-lik azalma qeydə alınması ehtimalı bizim proqnoza uyğundur. Daxili tələbatın bərpa olunması ilə 2017-ci ildə real ÜDM-in artımını 0% ətrafında proqnozlaşdırırıq.”

"Bildirilib ki, gəliri milli valyutada olan borcalanlar üçün xarici valyutada borc ödəmək prosesinin çətinləşməsi ilə devalvasiya bank aktivlərinin keyfiyyəti və gəlirliyinə ciddi ziyan vurub. Həmçinin, manatın zəifləməsi yüksək inflyasiyaya səbəb olub."

Hesabatda qeyd edilir ki, “Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin I yarısında inflyasiya 10,5% olub. Buna görə də məişət xərcləri sahəsində bu il durğunluğun olmasını, inflyasiyanın 2017-ci ildə azalmasını və iqtisadiyyatın bərpa prosesinin başlamasını gözləyirik..."

"Azadlıq": Bank sektoru çökür: 1 il ərzində daha 10 bankın bağlanacağı gözlənilir

"Ötən həftə bank sektorunda ciddi itkilərlə yadda qaldı. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının qərarı ilə bir gündə 4 bankın lisenziyası geri alındı.

Indiyədək eyni gündə bu sayda bank ləğv edilməmişdi. Bank sektorunun gələcəyi barədə MBNP rəhbərindən açıqlama diqqət çəkib. Rüfət Aslanlının sözlərinə görə, Azərbaycan Beynəlxalq Bankı və “Bank Standard”dan başqa indi ölkədə problemli bank yoxdur.

Di gəl, hələlik, nə ekspertlər, nə də bank hesabatları nikbinliyə əsas verir."

...İqtisadçı ekspert Qubad Ibadoğlu hesab edir ki, MBNP rəhbərinin açıqlaması ictimaiyyətə hesablanıb.

“Məncə, bu açıqlama bankların bağlanmasının yaratdığı rezonansı ictimai diqqətdən yayındırmaq məqsədi güdür. Bizdə olan məlumatlara görə, problemli bankların sayı 2-dən çoxdur və onların sayı getdikcə artacaq,”deyə o bildirib.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov da Rüfət Aslanlının fikirlərini bölüşmür: “Razı deyilem. Bankların yarıdan çoxu hesabatını gizlədir və kapital tələbini pozursa, deməli, problem var.

Olmasaydı, şəffaf olardılar. Azərbaycanda bir neçə bank illik hesabatını açıqlayıb və oradan görunur ki, 50 milyon manat kapital tələbi pozulur.

Rəsmi bildirilir ki, bankların problemli kredit portfeli 20 faizi ötub. Bankların yarıdan çoxu rüblük və illik hesabatını gizlədir. Təbii, bütün bunlar yalnız 2 bankda ola bilməz.

Deməli, problemli borcların sayı xeyli çoxdur. Bu ayın sonunadək banklar 2 rüb üzrə hesabatlarını açıqlayacaq. Onları təhlil edəndə, hər şey məlum olacaq,” ekspertə istinadən qəzet yazır.

Bu barədə daha geniş