Şirvan zavodunda partlayış: iki nəfər dünyasını dəyişib

Fotonun müəllifi qafqazinfo.az

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda baş verən güclü partlayışda zavodun iki əməkdaşı dünyasını dəyişib, Müdafiə Sənayesi Nazirliyi bu haqda məlumat yayıb.

Dünyasını dəyişənlər, Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızıdır.

Prezident Əliyev baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Çərşənbə axşamı günorta saat 15:35 radələrində baş verən partlayışdan sonra 24 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, Səhiyyə Nazirliyinin məlumatında deyilir.

"Onlardan bir nəfər xəstənin ümumi vəziyyəti orta-ağırlıqda olub. O sanaviasiya xətti ilə sonrakı müalicə üçün Bakıya göndərilib. Qalan xəstələr, dəm qazı ilə zəhərlənmə və müxtəlif qəlpə yaraları ilə xəstələrə yardım olunur", Şirvan xəstəxanasının baş həkimi Azadlıq Radiosuna müsahibəsində deyib və əlavə edib ki, xəstələrin ümumi vəziyyəti "qənaətbəxşdir".

Xəsarət alan və xəstəxanaya yerləşdirilənlərdən dördü bu gün evə buraxılıb, bir neçəsi gün ərzində evə buraxılacaq, Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumatda deyilir.

"Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılmış, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir", Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliyini yaydığı birgə məlumatda qeyd olunur.

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi açılıb, birgə məlumatda deyilir.

Partlayışın mərmi saxlama anbarında baş verdiyi deyilir. Hadisə zamanı partlayan mərmilər yaxınlıqdakı ərazilərə səpələnib, APA xəbər verir.

"Tüstü-duman"

BBC Azərbaycancaya danışan Şirvan sakininin sözlərinə görə, zavod şəhərin özündə yerləşir. Onun sözlərinə görə, evi zavoddan çox uzaq olsa da, partlayış güclü olduğundan səsi aydın eşidə bilib, hətta "evin pəncərələri və divarları da silkələnib".

"Uşaq, böyük, hamı qorxdu səsdən. Həmin güclü partlayış səsləri hardasa 2-3 saat davam etdi", sakin bildirir.

Digər bir sakin də həmyerlisinin dediklərini təsdiqləyir və deyir ki, zavoddan 3 kilometr aralı yaşamaqlarına baxmayaraq partlayış səsini "tam aydın evdə eşidiblər".

"Bir də onu gördük ki, o tərəfdə tüstü-duman qalxıb. Amma külək tüstünü dağa tərəf apardı deyə indi şəhərdə toz duman yoxdur", sakin sözügedən dağlıq ərazidə yaşayışın olmadığını əlavə edir.

"Evdə oturmaq olmurdu gurultudan, yellənirdi. Uşaqlar hamısı qucaqlaşıb ağlaşırdı, çünki qorxurduq", daha bir Şirvan şəhər sakini baş verən hadisə ilə bağlı təəssüratlarını BBC Azərbaycanca ilə bölüşür.

Sakin deyir ki, zavodda işləyən qohumları olduğuna görə qorxuları "ikiqat olub". "Şükür o qaçıb qurtula bilib."

Xanım sakinin dediyinə görə, hadisədən sonra yerli polislər bir-bir sakinlərin qapısını döyərək sakinlərdən işıqları söndürməyi, evdən çölə çıxmamağı tapşırıb. Ancaq belə bir vəziyyətin nə vaxta qədər davam edəcəyi haqda sakinlərə məlumat verilməyib.

Partlayış səsləri

"Fasilələrlə yaranan partlayış səslərinin səbəbi utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən sifariş olunan 1500 ton məmulatdan qalan 146 tonda yaranan qığılcımlardır", Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumatda qeyd edilir.

Hadisə baş verən ərazi yaşayış evlərindən aralıda yerləşdiyindən yaşayış evlərindən insanlar təxliyyə edilməyib. Lakin əraziyə toplanan mülki şəxslər təhlükəsizliklə bağlı ərazidən uzaqlaşdırılıblar, APA bildirir.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım avtomobilinin cəlb olunduğu söylənir.

Yerli sakinlərin sözlərinə görə, zavodda silah-sursat istehsal olunur və hazırda partlayış baş verən əraziyə "yaxın düşmək mümkün deyil", musavat.com yazır.

"Şirvan şəhərində yerləşən Telemexanika zavodunda baş vermiş partlayış nəticəsində ümumilikdə Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 Təcili Tibbi yardım briqadası cəlb olunub", məlumatda bildirilir.

Daxil olmuş 19 nəfərdən 13-ə ambulator yardım göstərilərək evlərinə buraxılıb, rəsmi məlumatda deyilir.

"Hadisə ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Xidmətindən Şirvan şəhərinə toksikoloq, yanıq cərrahı və reanimotoloq briqadası ezam olunmuşdur. Hazırda xəstəxanada olan 6 nəfərin müalicəsi aparılır".

Sosial mediada yayılan şəkillərdə yanğın ərazisindən böyük qara tüstünün ucaldığını görmək olar.

Cinayət işi

İlkin araşdırmalarla partlayışın zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verdiyi müəyyənləşib, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliyini yaydığı birgə məlumatda deyilir.

Hadisənin baş vermə səbəblərini dəqiqləşdirmək üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işi üzrə kompleks ekspertizalar təyin olunub.