Əliyev, Putin, Ruhani görüşündən nə gözləməli?

Fotonun müəllifi Getty Images

Avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk dəfə Bakıda birgə görüşü keçiriləcək. Görüşdə ölkələr arası ticari əlaqələr, xüsusilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inşası və Xəzərin statusu ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Bəzi politoloqlar düşünür ki, 3 ölkə liderinin ilk dəfə bir araya gəlməsindən "müsbət nəticə gözləməyə dəyməz", digər bir qrup isə görüşün iqtisadi perspektivi yüksək qiymətləndirir.

İqtisadçıların fikrincə, əsas gəlir mənbəyi olan neft gəlirlərinin azalması fonunda nəqliyyat dəhlizinin inşası üçün lazım olan vəsaiti əldə etmək üçün Azərbaycan "borclana bilər".

Ümumi uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiya Federasiyasının ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəlib.

"Yaxşı heç nə"

Image caption politoloq Zərdüşt Əlizadə prezident Putin və Əliyev arasında Dağlıq Qarabağdan başqa bir məsələnin müzakirə olunacağını gözləmir

Siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, ilk dəfədir bir araya gələn prezidentlərin görüşündən gözlədiyi yenilik "yalnız Dağlıq Qarabağla bağlı olacaq". Cənab Əlizadənin fikrincə, Azərbaycanın mövqeyi güclü deyil, "güclü olsaydı biz nə isə gözləyə bilərdik".

"Regiondakı hadisələr, Sarkisyanın bəyanatı onu göstərir ki, Ermənistan güzəştlərə hazır deyil. Yəqin ki, üsyançıların qiyamı da səhnələşdirilmiş bir şey idi ki, göstərsinlər Azərbaycana və desinlər ki, bəli, Rusiya istəyir, amma Ermənistan razı olmur. Hətta Serj Sarkisyan da istəyir, amma cəmiyyət qoymur", politoloq baş verənləri "oyun" adlandırır və üçtərəfli görüşdən yaxşı heç nə gözləmədiyini əlavə edir.

O, prezidentlər Putin və Əliyev arasında Dağlıq Qarabağdan başqa bir məsələnin müzakirə olunacağını da "gözləmir".

Görüşün iqtisadi perspektivinə gəlincə politoloq fikirləşir ki, Azərbaycanın qaz satışı məsələsində "kiçik detallar" müzakirə oluna bilər.

"Hakim elitası qaz satışında şəxsən maraqlıdır. Ola bilsin ki, hansısa quplaşma öz istəyini Azərbaycanla sövdələşmə hesabına təmin edə bilsin."

"Artıq enerji"

Fotonun müəllifi Aziz Karimov

Millət vəkili Rasim Musabəyov iqtisadi layihələrin müzakirəsini görüşün əsas elementlərindən biri kimi dəyərləndirir.

Cənab Müsabəyovun sözlərinə görə, İran və Rusiyanın elektrik enerjisinə tələbatı qarşılıqlı təmin etmək üçün iki ölkə arasında elektrik körpüsününü tikilməsi nəzərdə tutulub.

"Bu çox perspektivli və faydalı layihədir" deyən politoloq körpü vasitəsilə Azərbaycanın "artıq enerjisi olduğu halda" həm şimala, həm də cənuba ötürmək imkanı əldə edəcəyindən bəhs edir.

Rasim Musabəyov görüşdə müzakirəsi gözlənilən "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin yalnız 3 ölkəyə deyil, Hindistan, Pakistan, Çin və cənub-şərq ölkələri üçün də əhəmiyyətli olacağını vurğulayır.

"Görüşdə Azərbaycan hələlik inşa olunmayan, Rəşt-Astara dəmiryolunun tikintisinin maliyyə yükünü boynuna götürməyə hazır olan dövlət kimi çıxış edir. Düşünürəm görüş zamanı bu məsələ müzakirə oluna bilər, xeyir duası veriləcək və buna start veriləcək", o deyir.

"Məhdud" imkan

İqtisadi təhlilçi Qubad İbadoğlu isə düşünür ki, Şimal-Cənub nəqliyyat dəhlizindən Azərbaycan "qısa bir müddətdə təsirini görməyəcək".

"Bu gün hansısa rəqəmlərdən danışmaq tez olsa da gələcəkdə həmin dəhlizlərin işləməsi bütövlükdə iqtisadiyyatda və büdcədə əlavə gəlir mənbəyinə çevrilə bilər", iqtisadçı neft gəlirlərinin azalması fonunda nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsi üçün ölkənin regional və beynəlxalq təşəbbüslərə qoşulması "müsbət addımdır" deyir.

Azərbaycanın indiki vəziyyətdə belə bir layihəyə investisiya qoyma imkanlarının məhdud olmasından söz açan təhlilçi güman edir ki, ölkə layihəni "borc vəsaitləri hesabına maliyyələşdirəcək".

"Burda Asiya və ya İslam İnkişaf bankının və ya digər beynəlxalq maliyyə kredit təşkilatların iştirakı mümkündür. Çox güman ki, bu vəsaitlər onlar tərəfinqən qoyulacaq", Qubad İbadoğlu deyir.

Bu barədə daha geniş