Mətbuat icmalı: Dövlət Departamenti “Nardaran işi”ni saxta hesab edir

Fotonun müəllifi Getty

"Azadlıq": Dövlət Departamenti “Nardaran işi”ni saxta hesab edir

Dövlət Departamenti dünya ölkələrində din azadlığına dair illik hesabatı dərc edib. Hesabatın Azərbaycanla bağlı hissəsində bildirilir ki, konstitusiya ilə vətəndaşlara dini inanclarını ifadə etmək hüququ verilsə də hökumət, xüsusilə də qeyri-ənənəvi hesab etdiyi dini qrupların üzvlərinin, din azadlığını məhdudlaşdırır.

ABŞ Dövlət Departamentinin hesabatında göstərilir ki, noyabr ayında Daxili İşlər Nazirliyinin polis qüvvələri Nardaran kəndinə daxil olub ekstremizm ittihamları ilə müstəqil Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadə də daxil olmaqla 14 nəfəri həbs edib.

”Növbəti dörd gün ərzində Daxili İşlər Nazirliyinin polis qüvvələri kəndə quru və su yolu ilə gediş-gəlişə məhdudiyyətlər qoyub və evbəev axtarış aparıb.

Mediada verilən xəbərlərə əsasən, Daxili İşlər Nazirliyi təxminən 38 nəfəri saxlayıb, onların çoxu sonradan ittiham irəli sürülmədən azad edilib.

Hökumətin verdiyi bəyanata əsasən, bu tədbirlər Müsəlman Birliyi Hərəkatı tərəfindən milli təhlükəsizliyə hədələrə cavab olaraq görülüb.

Bununla belə, bəzi demokratiya və insan hüquqları fəalları ittihamların saxta olduğunu bildirib,” hesabatda deyilir.

"Azərbaycan": Elmar Qasımov “Rio-2016”da gümüş medal qazanıb

AzərTac xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub. Beləliklə o, “Rio-2016”da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb.

"Birinci gümüş medalı Azərbaycana cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də qazandırmışdı," qəzet yazır.

"Yeni Müsavat": Nardaran hadisələrində həbs edilən şəxs: “İki dəfə özümü asmaq istəmişəm...”

Avqustun 11-də Nardaran hadisələrinə görə həbs edilən şəxslərin məhkəmə prosesi davam etdirilib.

Təqsirləndirilənlərdən Abbas Quliyev istintaqa verdiyi ifadələrin təzyiq və işgəncə altında alındığını iddia edərək həmin ifadələri təsdiqləmədiyini bildirib.

“İşgəncələrə dözə bilmirdim. Ona görə iki dəfə özümü asmaq istəmişəm. Amma kamera yoldaşlarım xilas edib,” deyə o bildirib.

Digər təqsirləndirilən İbrahim Xudaverdiyev isə ifadəsində belə deyib:

“Üzərimdən silah, kitabça tapılması yalandır. Nardaran camaatının vətənə xəyanət etdiyini demək özü elə vətənə xəyanətdir. Mənim qulaqlarım yaxşı eşitmir. ...Vətəni sevmək imandandı. Bunlar vətəni sevirlərsə, bəs niyə Allahdan qorxmurlar?”, - deyə təqsirləndirən şəxs ifadəsinə əlavə edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı öz ifadəsində həbsinin siyasi sifariş olduğunu deyib.

“Mənə qarşı ittihamlar siyasi repressiya aktıdır... Cəmiyyət media, sosial şəbəkələr vasitəsilə bu məhkəmə prosesini izləyir, səfirliklər prosesi diqqətdə saxlayırlar. İnsanlara elə işgəncələr veriblər ki, biz onları faşizm dövrü barədə kinolarda görmüşük. Allah müsəlmanlara buyurub ki, ətrafınızda baş verən haqsızlığa, zülmə biganə qalmayın," deyə o, hakimiyyəti sərt tənqid edib.

Məhkəmə prosesinin avqustun 17-də davam etdiriləcəyi bildirilir.

Bu barədə daha geniş