Bəxtiyar Hacıyevin vəsatəti təmin edilib: "görüntülər izləniləcək"

Fotonun müəllifi Courtesy Photo

Yasamal rayon məhkəməsində xırda xuliqanlıq maddəsilə ittiham edilən sosial fəal Bəxtiyar Hacıyevin vəsatəti təmin edilib, bu barədə onun vəkili Cavad Cavadov bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə qərar qəbul edib ki, kamera görüntüləri izlənilsin.

Proses sabah davam etdiriləcək.

Cənab Hacıyev bazar ertəsi günorta saatlarında şəxsi Facebook hesabından paylaşıb ki, YPX əməkdaşları ilə yaşadığı insidentə görə polis bölməsinə aparılıb.

"Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə mübahisə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır."

Daha sonra o xırda xuliqanlıq ittihamı ilə Yasamal rayon məhkəməsinə yönləndirilib.

Digər bir açıqlamasında isə fəal bildirib ki, "söyüş söyən, yumruq atan YPX əməkdaşları, məhkəməyə aparılan mən... Ərazidəki və polis bölməsindəki kamera görüntülərinə baxsınlar, üzərində dövlət attributları olan, özünü aparmağı bacarmayan xuliqanların kim olduqlarını görəcəklər".

O əlavə edib ki, [Avropadan] ölkəyə qayıtdıqdan sonra "4 gündə 4 dəfə YPX ilə insident yaşamağım təsadüfi deyil".

"Evdən işə gedirəm, işdən evə... Ya DYP ilə yazdığım tənqidi yazılara görədir, ya da başqa səbəb var".

"Bəxtiyar özü ittihamları qəbul etmir. Hüququnu müdafiə etdiyim şəxs bildirir ki, ona qarşı hüquq pozuntusu və kobudluq olub. İzahatında da belə bildirib", vəkil deyir.

İnzibati Xətalar Məcəlləsinin bu maddəsinin tələbinə əsasən ittiham olunan şəxsi 50 manatdan 100 manatadək məbləğdə cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 15 günədək müddətə inzibati həbs tətbiq olunur.

Keçmiş deputatlığa namizəd olan cənab Hacıyev 2011-ci ildə hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa buraxılıb. Həmin vaxt beynəlxalq təşkilatlar onu "vicdan məhbusu" elan edib.

Bu barədə daha geniş