N!DA fəalı Elgiz Qəhrəmanın "harada saxlanmasından xəbər yoxdur"

Fotonun müəllifi NDA

N!DA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman həbs olunandan sonra ailəsi onun harda saxlanmasından xəbərsizdir, fəal Samir Əsədli BBC Azərbaycancaya müsahibəsində deyib.

"Biz güman edirik ki, Elgizi döyüblər ya da nəsə xəsarət yetiriblər deyə gizlədirlər və məlumat vermirlər. Onun taleyindən çox narahatıq", deyə Samir Əsədli axtarışları davam etdirdiklərini deyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

N!DA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman avqust ayının 12-si günorta saatlarında, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələri qanunsuz hazırlanma, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma maddəsi ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkil Nemət Kərimli BBC Azərbaycancaya bildirib ki, baxış keçirilərkən "fəalın üzərindən şortikinin cibindən 3 qramdan çox narkotik maddə tapıblar".

Məhkəmə qərarında təqsirləndirilən şəxsin Bakı İstintaq Təcridxanasına göndərilməsi yazılsa da Samir Əsədli deyir ki, təcridxanadan ailəsinə bildirilib ki, Elgiz Qəhrəman orada saxlanılmır.

Samir Əsədlinin sözlərinə görə, onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlərinə də "eyni cavabı veriblər".

Seçilmiş həbs qətimkan tədbirindən vəkil, Nemət Kərimli bu gün apellyasiya şikayəti verib və ərizədə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması da əksini tapıb, gənc fəal Samir Əsədli deyir.

Hüquq müdafiəçisi Nemət Kərimlinin sözlərinə görə, 29 yaşlı fəal barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxmayaraq bu günə qədər onunla görüşə bilmir.

"Mən müstəntiqlə əlaqə saxlaylıb orderi təqdim etmək istədim. Onun vəzifəsidir qəbul etmək və məni təqsirləndirilən şəxsə təqdim etmək. O da mənə yol göstərdi ki, poçta qoy poçtla gəlsin", deyə vəkil Elgiz Qəhrəmanın həbsinin "siyasi motivli" olduğunu deyir.

Elgiz Qəhrəmana qarşı ittihamlar təsdiqlənərsə o, beş ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Əlaqəli mövzular