Baş Prokurorluq Natiq Cəfərlinin nədə ittiham olunduğunu açıqlayıb

Fotonun müəllifi Azadliq Radiosu

Baş Prokurorluq Respublikaçı Alternativ (ReAL) hərəkatının icra katibi Natiq Cəfərlinin "2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ... dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqda" şübhəli bilindiyini açıqlayıb.

Cənab Cəfərli avqustun 13-də Nəsimi rayon məhkəməsində axşam keçirilən iclasdan sonra qanunsuz sahibkarlıq fəaliyyəti, mənimsəmə və vergidən yayınmada ittiham olunaraq 4 ay müddətinə həbs edilib.

ReAL ittihamları rədd edərək həbsin siyasi motivli olduğunu bildirib.

Hakim partiyanı və İlham Əliyevi tənqid edən hərəkatın lideri İlqar Məmmədov 2013-cü ildən həbsdədir.

"...Demokratiyaya Milli Dəstək Fondu tərəfindən özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94.565 ABŞ dolları məbləğində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə pul vəsaitlərinin “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin etməklə nağdlaşdırıb götürərək təşkilati-sərəncamverici funksiyaları həyata keçirən layihə rəhbəri kimi müxtəlif vəzifələrə işçilər cəlb edərək özünə, eləcə də həmin şəxslərə xidmət və əmək haqları adı ilə pul vəsaitlərinin ödənilməsini təşkil etməsində, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirərək 71.334 manat məbləğində xeyli miqdarda gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasında əsaslı şübhələr müəyyən edilmişdir", Baş Prokurorluğun bazar ertəsi yaydığı açıqlamada deyilir.

Prokurorluğun məlumatına görə Natiq Cəfərli iş üzrə verdiyi ifadələrində "göstərilənləri təsdiq edərək qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, eyni zamanda həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkiliyi ilə mənfəət əldə etmək məqsədi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq etmişdir".

Natiq Cəfərli bir il öncə BBC Azərbaycancaya bildirib ki, 2014-cü ildən "QHT-lərin işi" ilə bağlı istintaq işində şahid qismində dindirilib.

2014-cü ildə ölkədə fəaliyyət göstərən və əsasən hakimiyyəti tənqid edən yerli insan hüquqları ilə məşğul olan qeyri-hökümət təşkilatları və bu sahədə layihələr həyata keçirən xarici QHT-lərin yerli nümayəndəliklərinin bank hesabına Baş Prokurorluğun vəsatəti əsasında həbslər qoyulub.

Əlaqəli mövzular