N!DA-çı Turqut Qəmbər sərbəst buraxılıb

N!DA Vətəndaş Hərəkatının üzvü Turqut Qəmbər 4 saatdan çox Bakı Şəhər Baş Polis İdarəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb, hərəkat üzvü Ülvi Həsənli BBC Azərbaycancaya bildirib.

"Polis idarəsindən aparıb Nərimanov metrosu yaxınlığında buraxıblar. Biz də hələ onu görməmişik. Bir azdan görüşəcəyik", deyə hərəkat üzvü Turqut Qəmbərin hazırda evdə olduğunu deyir.

Daha əvvəl Turqut Qəmbər saxlanılaraq Bakı Şəhər baş Polis İdarəsinə aparılıb, hərəkatın idarə heyətinin üzvü Ülvi Həsənli BBC Azərbaycancaya müsahibəsində deyib.

"Mülki geyimli şəxslər gəlib Turqutu kənara çəkdilər ki, gəl səninlə 2 dəqiqləlik söhbətimiz var. Sonra da onu maşına mindirdilər və apardılar", Ülvi Həsənli onun saxlanılma səbəbindən indyə qədər xəbərsiz olduğunu deyir.

N!DA-nın digər üzvü İsmi Şahzadə də çevik polis alayı əməkdaşları tərəfindən yarım saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Hadisə, onlar bir neçə gün əvvəl saxlanılan NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Elgiz Qəhrəmanın məhkəməsinə qatılmaq üçün Bakı Apellyasiya Məhkəməsi qarşısına toplaşdıqları vaxt baş verib.

Turqut Qəmbər, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbərin oğludur.

İsmi Şahzadə deyir ki, məhkəmə qarşısında prosesin başlamasını gözləyirdilər. Bu zaman bir neçə mülki geyimli şəxs onlara yaxınlaşaraq ərazidən uzaqlaşdırmağa çalışıb.

"Məni çəkiliş apararkən qanunsuz olaraq saxladılar. Orda başqa bir jurnalisti saxlamaq istəyəndə mən də onun telefonunu atdım göyə ki, götürməsinlər. Ona görə saxladılar, apardılar fotoaparatın yaddaşına baxdılar, sonra da buraxdılar", İsmi Şahzadə BBC Azərbaycancaya müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə yerində çəkiliş aparan Meydan TV-nin əməkdaşı Aytac Əhmədova və müstəqil jurnalist İlqar Vəliyev Xətai rayon 37-ci Polis bölməsinə aparılıblar.

"Onlar çəkiliş zamanı polis əməkdaşı ilə mübahisə etdiyinə görə saxlanılmışdılar, amma daha sərbəst buraxılıblar", İsmi Şahzadə deyir.

Fotonun müəllifi NDA

N!DA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman avqust ayının 12-si günorta saatlarında, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin külli miqdarda narkotik vasitələri qanunsuz hazırlanma, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma maddəsi ilə ittiham irəli sürülərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Elgiz Qəhrəman həbs olunandan sonra ailəsi onun harda saxlanmasından xəbərsizdir, fəal Samir Əsədli BBC Azərbaycancaya deyib.

Çərşənbə axşamı ReAl hərəkatının üzvü Toğrul İsmayılov və Elşən Qasımov İnzibati Xətalar Məcəlləsinin polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə ittiham olunaraq 7 sutka həbs cəzası alıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş