Cavid Ağanın yazısı: Vətən vətəndaşlara borcludur

Fotonun müəllifi COURTESY PHOTO

Azərbaycanda jurnalistikanın azadlığı tez-tez vurğulanır. Adətən xalq “müstəqil media orqanı” deyəndə heç kim tərəfindən maliyyələşməmiş qurumları başa düşür.

Vay o günə ki, bir qəzetin ya kanalın kimlərdənsə maliyyə aldığı ortaya çıxsın, o qurum avtomatik həmin şəxsin və ya dövlətin maraqlarını müdafiə edir kimi qəbul edilir. Lakin reallıq çox vaxt bunun tərsinin doğru olduğunu göstərir.

Belə ki, bir media qurumu kimlərinsə marağını açıq-aşkar müdafiə edəndə artıq onun maliyyə mənbəyini tapmaq elə də çətin deyil. Maliyyə mənbəyi həmişə maraqları açıqlamasa da, maraqlar həmişə maliyyə mənbəyini açıqlayır.

Azərbaycanda media əvvəllər ikitipli idi. “AZTV” kanalı tipli birbaşa dövlət-iqtidar mediası və “Azadlıq” qəzeti kimi birbaşa partiya-müxalifət mediası.

Daha sonra isə Meydan TV kimi müxalif fikirli, ancaq heç bir siyasi partiyaya bağlılığı olmayan media, digər düşərgədə isə dövlətin birbaşa rolu olmayan, amma iqtidaryönlü – dolayısıyla iqtidardan maliyyələşən və idarə olunan - media ortaya çıxdı.

Bu media struktur olaraq birbaşa elit iqtidar jurnalistlərindən ibarət deyil, əksinə ortabab halı olan, xalqa daha yaxın, onların dilində danışan, yəni daha yaxşı təsir etməyi bacaran mediadır.

Bu jurnalistlərin yazılarında “mışdır, mişdir” sonluğu ilə bitən kitab cümlələri görməzsiniz. Manipulyasiya daha da güclüdür.

Silinən məqalə

Avqust ayının əvvəllərində elə bu saytlardan birində şəhid Raquf Orucovun həyat yoldaşının "Övladlarıma verilməli olan pulu ala bilmirəm" başlıqlı müraciəti yayımlandı.

Bu məqalə elə eyni başlıqla ölkənin aparıcı saytlarında yayımlandı. Hamısı da əsas mənbəyə istinadla. Daha sonra ailəyə nazirlikdən cavab, yardım və sairə gəldi.

Həmin saytlar bu məlumatları da işıqlandırdılar. Lakin birdən nəsə oldu, bu məqalə saytdan silindi.

Nazirliyin cavab, yardım xəbərləri isə yerində qaldı. Daha sonra saytın təsisçisi Facebookda tükürpədici bir status yazdı: "Hər nə olur-olsun, şəhid ailəsi pul davası edə bilməz. Şəhid Vətən üçün canını verib. Bu, pul davasına əsas vermir. Vətən kimsəyə borclu deyil".

Görəsən şəhid ailəsinin pul davasına kömək etmiş bu jurnalisti əməlinə xilaf çıxaran nə idi? Çox güman ki, maliyyə mənbəyindən gələn əmr və bir də ki, təcrübəsizlik. Qırmızı xəttə yaxınlaşmışdı.

Bu yeni növ iqtidar mediası öncələr, fransız filosofu Jean Baudrillard tərəfindən təsvir olunmuşdu: Primitiv cəmiyyətlərdə güc bir nəfərə aiddir və geri qaytarıla bilməz. Geri ödəniş, sadəcə onun xeyrinə bir iş görərək, başqa bir şey verərək mümkündür ki, monopoliya yaransın. Beləliklə, tənlikdən sosial proses çıxardılır. Eyni şey media üçün də keçərlidir. Nədənsə söhbət gedir, nəsə danışılır, amma cavab haqqına laqeyd qalınır. Mediada inqilabın yeganə yolu cavablamaqdır ki, ünsiyyət yaransın (Jean Baudrillard - Media üçün rekviyem, 1972).

Xalqa dövlətin ünsiyyəti

Həqiqətən də, bu iqtidarpərəst jurnalist bəlkə özü də bilmədən inqilaba cəhd etmişdi. İnformasiya monopoliyasının qanunu, oxucuları informasiya ilə doyuzdurmaq və beynini yumaqdır.

Bir şəhid ailəsinin taleyi haqqındakı araşdırmanın partlaması nazirlikdən cavabın gəlməsinə səbəb oldu. Xalqla dövlət arasında ünsiyyət yarandı. Belə şeylər dövlət strukturlarının qəbul etməyəcəyi şeylərdir.

Ona görə də jurnalist "yuxarılar" tərəfindən geri addım atmağa məcbur edildi. Öz "səhvini" başa düşdü. Umberto Ekonun dediyi kimi, o, intermedianı multimediaya çevirmişdi bir anlığına.

Bu yazıda qeyd olunmayan, tənqid olunası başqa məqamlar da var. Söhbət jurnalistin özünü tənqiddən, hədəfə almaqdan getmir.

Məsələn, Azərbaycan Respublikasının şəhidlərə və ailələrə borcu olması həqiqəti kimi gözə alınmayan bir həqiqət var. Dövlətçilər dövlətin xalqa xidmət etdiyinə inanır və bunun tərəfini tutur.

Bir insanın bir dövlət uğrunda ölməsinin dövlətə təsiri olmaya bilər amma ailəsi üçün, elitlərin vecinə almadığı bu kiçik insanlar həyatlarının məhvi mənasına gəlir.

Şəhid ailəsindən olub minbir əzab çəkmək və dövlətdən haqqını istəməmək ən kiçik ehtimalla Stokholm sindromuna, ən böyük ehtimalla isə insanlıqdan çıxmağa işarədir.

Rasional və məntiqli insanın şüarı budur: Hər nə olur-olsun, şəhid ailəsi haqqını istəməlidir. Şəhid vətənə canını veribsə, ailəsi dölət tərəfindən rifah içində yaşadılmalıdır. Vətən vətəndaşlara borcludur.

Bu barədə daha geniş