Azərbaycan mətbuatı: Girdiman çayının suyu yaşıl rəngə boyanıb, suyun dadı dəyişib

Fotonun müəllifi APA

"Azadlıq": İki rayonun əhalisi təlaşda: Girdiman çayının suyu yaşıl rəngə boyanıb, suyun dadı dəyişib

Artıq 10 gündür ki, İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb.

Suyun dadı da dəyişib, ondan qeyri-adi qoxu gəlir. Çayın içərisindəki daşlar da yaşıl rəngə boyanıb. Bu təhlükəli vəziyyət çayın suyundan istifadə edən İsmayıllının bir çox kəndinin və Ağsu şəhərinin sakinlərinin narahatlığına səbəb olub.

“Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya çamaşırxana və kanalizasiya tullantıları axıdılır. Zəhərli toksik maddələrin axıdıldığı Girdiman çayının suyu artıq insanların sağlamlığına da ciddi ziyan vurur. Son günlər Gəraybəyli kəndində 15-ə yaxın adam mədə-bağırsağında yaranan problemlə, işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib. Çayın suyu qəflətən çirklənəndən sonra insanların səhhətində problemlər yaranıb. Suyun tərkibinin yoxlanılması və bunun insan sağlamlığına hansı təsirinin olub-olmadığını müəyyən etmək üçün aidiyyati qurumlara müraciət etmişik. Əvvəllər bu çayda belə bir hal baş verməyib. Hazırda bu sudan məişətdə istifadə etmək mümkün deyil,” İsmayıllı Rayon İcra Hakimiyyətinin Gəraybəyli kəndi üzrə icra nümayəndəsi Rüstəm Babayev deyib.

Sakinlər içmək üçün hazırda avtomobillərlə baha qiymətə su almaq məcburiyyətində qaldıqlarını deyirlər.

"Azadlıq": Milli Şura:“Repressiya dalğasının hədəfi AXCP və onun sədri Əli Kərimlidir

Fotonun müəllifi Courtesy photo

”Milli Şura “Azadlıq” qəzetinin direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsi və son günlər güclənən repressiya ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

“Azərbaycan hakimiyyəti ölkədə monarxiya quruluşunu qanuniləşdirməyə xidmət edən referendum hazırlığındaykən, bir tərəfdən də yeni repressiya dalğası başladıb. Bu dəfə dalğanın hədəfi birbaşa AXCP və onun sədri Əli Kərimlidir.

Hakimiyyət cari regional kanyukturadan sui-istifadə etməklə, AXCP üzvlərini və partiya sədrini Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülənlə əlaqələndirməyə çalışır. Bu məqsədlə AXCP üzvləri şərlənərək həbs olunur və onların guya “Gülənçi” olduqları haqda uydurmalar rəsmi məlumat şəklində yayılır."

Bəyanatda həmçinin deyilir ki, Faiq Əmirlini “Gülənçi” kimi təqdim etməyə çalışmaqla hakimiyyət həm də "“Azadlıq” qəzetini bağlatmaq üçün zəmin yaratmaq istəyində ola bilər."

"Ölkədə “Gülənçi” axtarmaq lazımdırsa, öz içində axtarmalı olan hakimiyyət açıqca mövzu ilə manipulyasiya edərək, rəqibini şərləmək və repressiyaya məruz qoymaqla məşğuldur. Bu işdə onun rəsmi Moskvadan kömək alması isə utancverici olmaqla yanaşı, həm də niyyətin nə qədər uzağa getdiyini göstərir," bəyanatda deyilir.

"Azərbaycan": Prezident Olimpiya çempionu Radik İsayevə telefonla zəng edib

Fotonun müəllifi Getty Images Sports

Prezidentin mətbuat xidməti bildirir ki, avqustun 21-də prezident İlham Əliyev Rio-de-Janeyro Olimpiadasında qızıl medala layiq görülmüş taekvondoçu Radik İsayevə telefonla zəng edib.

"Prezident İlham Əliyev bildirib ki, Radik İsayevin bu inamlı qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Dövlətimizin başçısı qeyd edib ki, Radik İsayev əvvəllər də sübut edib ki, o taekvondo üzrə öz çəki dərəcəsində dünyada ən güclü idmançıdır. Belə ki, o, həm dünya çempionatında qələbə qazanıb, indi də Olimpiya çempionu adına layiq görülüb. Prezident İlham Əliyev idmançımızı səmimi qəlbdən təbrik edib, ona yeni-yeni uğurlar və qələbələr arzulayıb. Dövlətimizin başçısı onun təbriklərini idmançının məşqçisinə də çatdırmağı xahiş edib," məlumatda deyilir.

Əlaqəli mövzular