Girdiman çayının çirklənməsinin səbəbləri "bəlli deyil"

Fotonun müəllifi APA

Azərbaycanın iki rayonunun sakinləri 15 gündür ki, içməli su və suvarma mənbəyi hesab edilən Girdiman çayının çirklənməsindən şikayətlənir.

Çayda suyun bir hissəsinin rəngi yaşıllaşıb, digər hissədə isə bulantı var, İsmayıllı rayon icra başçısının müavini Rövşən Ağayev BBC Azərbaycancaya təsdiqləyib.

İsmayıllı rayonunun Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsu şəhəri də daxil olmaqla, Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli və Mustafalı kəndlərinin sakinlərinin çayın suyunun rənginin və dadının dəyişməsindən və sudan qeyri-adi qoxu gəlməsindən narahatlıq bildirib.

Sakinlərin yerli mediaya dediyinə görə, çaydan içməli su kimi istifadə etmək, çimmək və paltar yumaq mümkün deyil.

Çaydakı dəyişiklərin səbəbləri hələlik məlum deyil, cənab Ağayev qeyd edir.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyi suyun çirklənməsinin səbəblərini araşdırmaq üçün nümunə götürüb.

"Suyun rənginin dəyişməsinin hələ ki səbəbləri bilinmir. Amma su müayinə olunub və heç bir zəhərli maddə aşkarlanmayıb", o deyir.

Rəsmi güman edir ki, səbəblər müxtəlif- təsərrüfat fəaliyyəti ilə əlaqədar və ya quraqlığa görə mal-qaranın sudan daha çox istifadə etməsi - ola bilər.

Köpüklü su

“On gün əvvəl Girdiman çayı ilə köpüklü su gəlib, sonra isə yaşıl rəngdə çirkli su axmağa başlayıb. Qeyri-adi iyə malik olan bu çirkli su hələ də gəlməkdə davam edir. Rayon ərazisində zavod və fabrik olmadığı üçün ehtimal olunur ki, İsmayıllı rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzləri tərəfindən qanunsuz olaraq bu çaya çamaşırxana və kanalizasiya tullantıları axıdılır", Gəraybəyli kəndi üzrə icra nümayəndəsi Rüstəm Babayev APA-ya deyib.

İcra nümayəndəsinin sözünə görə, kənddə 15-ə yaxın sakin mədə-bağırsağında yaranan problemlə, işləmə-qusma əlamətləri və dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edib.

Fotonun müəllifi APA

Rövşən Ağayev isə sakinlərin sağlamlığındakı problemin su ilə əlaqədar olmadığını iddia edir.

"Sadəcə əhali arasında təşviş yaranır. Havayla və qidayla əlaqədar yaranan qızdırma və digər xəstəlik nişanələri müşayiət edilən xəstəlik digər kəndlərdə də var."

Sakinlərin suyu almaq məcburiyyətində qalmasına dair məlumatlar var.

Cənab Ağayev isə deyir ki, bələdiyyələrə, ehtiyac yaranarsa su almaq barədə göstəriş verilib.

Oxşar hadisə may ayında da baş verib və həmin zaman da suyun tərkibindən zəhərli maddələr aşkarlanmayıb, icra rəsmisi əlavə edib.

Girdiman çayı Babadağdakı bulaq sularından qidalanır.

Bu barədə daha geniş