4 200 000 - Azərbaycanda olimpiyaçılara bu qədər ödəniləcək

Fotonun müəllifi Getty Images Sports

Azərbaycan idmançıları Rio-2016 Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc olmaqla 18 medal qazanandan sonra onların mükafatlarının ümumi məbləği 4,2 milyon manat (2,6 milyon dollar) təşkil edir.

Ötən ay Prezident İlham Əliyevin "XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə" qərara aldığı sərəncamında göstərilir ki, ən yüksək nəticələrə görə Azərbaycan idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

  1. birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
  2. ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
  3. üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Azərbaycan, ən uğurlu idmançılarına böyük məbləğ xərcləyən yeganə ölkə deyil.

Sinqapur, Moldova və Fransa kimi ölkələr də qızıl medalçılara böyük pul xərcləyir.

  • Sinqapur: $745 264 birdəfəlik ödəniş
  • Moldova: $132 000 birdəfəlik ödəniş
  • Rumıniya: $79 000 + ömürlük gəlir
  • Malaziya: Nəğd pul + $1 200 ömürlük aylıq gəlir
  • Fransa: $55 000 birdəfəlik ödəniş
  • İndoneziya: $18 000 illik stipendiya
  • Nigeriya: $2 000 birdəfəlik ödəniş

Elə ölkələr də var ki, uğurlu idmançılara pul deyil, başqa hədiyyələr verir.

Fotonun müəllifi GOH CHAI HINAFPGetty Images
Image caption Qazaxıstanı təmsil edən Azərbaycan millisinin sabiq üzvü Nicat Rəhimov ağırlıq qaldırma üzrə Olimpiya qızılına sahib olub

Qazaxıstanda mənzillər populyardır - Qazaxıstan üçün qızıl qazanan idmançı üç-otaqlıq, gümüş qazanan iki-otaqlıq, bürünc qazanan isə bir otaqlıq ev verir.

Ukraynanın gümüş medalçısı Serhiy Kulish $85 000 və yeni mənzil alacaq, Ukraynanın Segodnya qəzeti xəbər verir.

Amma uğurlu idmançılara bir qəpik də verməyən ölkələr də var - məsələn Britaniya, Norveç, İsveç və Xorvatiya.

2008-ci ildə Belarusda bir sosis şirkəti, qızıl medal qazanan hər bir idmançıya pulsuz sosis verəcəyini vəd etmişdi. İranda qızılı ayaqqabılar paylayırlar.

Qələbə vergisi

Fotonun müəllifi Reuters

ABŞ idmançıları isə "qələbə vergisi" ödəməlidir: medal qazanan atletlər həm uğura görə Olimpiya komitəsindən aldıqları pula, həm də Olimpiya medalına qoyulan qiymətə görə vergi ödəməlidirlər.

Qızıl medalçılar $25 000, gümüş medalçılar $15 000, bürünc medalçılar isə $10 000 qazanır.

Medalların hazırlandığı materiallara da qiymət verilir və vergi hesablanır: qızıl medalların dəyəri təxminən $600, gümüş medalların qiyməti $300, əsas tərkibi mis olan bürünc medalların dəyəri isə cəmi $4 kimi hesablanır.

Əlaqəli mövzular