Futbol bloqu: "Qrupu keçmək onların özlərindən asılıdır"
- Toğrul Bağırov
- London, BBC Azərbaycanca üçün

Şəklin mənbəyi, Gabriele Maltinti/ Getty
"Qarabağ"ın növbəti rəqibi qrupun ən güclü komandası "Fiorentina" olacaq
Bu həftə Azərbaycanın iki klubu - "Qarabağ"la "Qəbələ" Avropa Liqasının qrup mərhələsində çıxışlarına başlayır.
Ağdamlılar artıq üçüncü, qəbələlilər isə ikinci dəfədir ki, qrup mərhələsində çıxış edirlər və indiyədək onlar bu səddi aşa bilməyiblər.
Bəs görəsən bu dəfə onlar bunu etməyə bacaracaqlarımi? Bu məsələdə çox şey onların özlərindən asılı olsa da, rəqiblərin də bu işdə payı az olmayacaq.
Ona görə yuxarıdakı suala heç olmasa qismən cavab vermək üçün, gəlin Azərbaycan klublarının rəqiblərinə nəzər salaq.
Çexiya slavyanları
"Qarabağ" daha təcrübəli iştirakçı olduğuna görə, onun qrupundan başlayaq. Ağdamlıların ilk rəqibi Çexiyanın "Slovan" Liberes klubudur.
Əvvəla onu deyim ki, Liberes futbolçuları "slavyan" mənasını verən "Slovan" adını təsadüfi yerə seçməmişdilər - iş ondadır ki, tarixən bu şəhərdə əhalinin əksəriyyəti almanlar olub və Birinci Dünya müharibəsindən sonra müstəqilliyini əldə edən çexlər bununla özlərinin şəhərdə mövcud olan alman futbol klubundan fərqli olduqlarını nümayiş etdirmək istəyirdilər.
Nə isə, vaxt keçdikcə məsələ həll olundu və İkinci Dünya müharibəsindən sonra şəhərdə alman qalmadı. Slavyan adı isə qaldı və bir qədər dəyişdirilərək (əvvəlki "Slavia" idi) indiyədək klubun fəxridir.
"Slovan" Çexoslovakiyada bir uğur əldə edə bilməsə də, ölkə parçalanandan sonrakı Çexiya çempionatında "açılışdı".
2002-ci ildə "Slovan" Çexiya çempionu adını qazanan paytaxt Praqanı təmsıl etməyən ilk klub oldu.
Ondan bəri libereslilər bu uğuru daha iki dəfə təkrarlaya bildilər. "Slovan" Avropa yarışlarında da pis çıxış etmir.
Son üç mövsümdə libereslilər iki dəfə Avropa Liqasının qrup mərhələsində çıxış ediblər, iki il bundan əvvəl isə hətta bu mərhələni də aşıb 1/16 finala çıxa bilmişdilər.
"Slovan" Çexiya futbolunun ənənələrinə uyğun sürətli və taktiki baxımdan savadlı oyun nümayiş etdirir.
"Qarabağ"ın bundan əvvəlki rəqibi "Viktoriya"dan fərqli olaraq libereslilər cinahlardan daha çox istifadə edirlər.
Klubun heyətində müasir Çexiya futbolunun əfsanələrindən biri, Avropanın aparıcı klublarında iz qoymuş Milan Baroş çıxış edir.
Təhlükə baxımından Baroşdan əlavə istedadlı gənc yarımmüdafiəçi Yan Sikoranı da qeyd etmək olar.
Ümumilikdə isə "Slovan" "Qarabağ" üçün tamamilə keçilən bir rəqibdir və ağdamlılar hər iki oyunda qələbə qazana bilərlər.
Dişli "bənövşələr"
"Qarabağ"ın növbəti rəqibi qrupun ən güclü komandası "Fiorentina" olacaq.
"Fiorentina" İtaliya futbolunun aparıcı klublarından sayılır və əslində elə bunun özü onun gücü barəsində hər şeyi deyir.
Florensiyalılar Avropa yarışlarında da kifayət qədər uğurla çıxış edirlər - misal üçün ötən il onlar Avropa Liqasının yarımfinalına qədər yüksələ bilmişdilər və orada yarışın gələcək qalibi "Sevilya"ya məğlub olmuşdular.
"Bənövşələr"in (komandanın geyimi bənövşəyi rəngdə olduğuna görə ona belə ləqəb qoyulub) heyətində dünyanın bir çox milli komandalarında çıxış edən yüksək səviyyəli futbolçular çıxış edir.
Baş məşqçi, Portuqaliya futbolunun əfsanəlırindən biri Paulo Souza da öz işini çox yaxşı bilir.
"Fiorentina" tipik italyan futbolu oynayır - fiziki qüvvəyə, top uğrunda mübarizəyə, qüvvətli zərbələrə və sürətli əkshücuma əsaslanan bir futbol.
"Qarabağ"ın üstün cəhətlərindən biri topa nəzarət etməkdir ki, belə oyun üsulu məhz italyanlar üçün qorxulu deyil - onlar çox zaman topu qəsdən rəqibə verirlər ki, öz işlərini əkshücumlar vasitəsilə görsünlər.
Amma bu heç də o demək deyil ki, "Fiorentina" keçilməzdir - ağdamlılar lazımsız top itkilərinə yol verməsələr "bənövşələri" daha fəal olmağa və müdafiədə boşluqlar yaratmağa məcbur edə bilərlər.
Belə olan bir halda qələbə qazanmaq da mümkün olacaq. Hər halda "Qarabağ" hər iki qarşılaşmada ən azı heç-heçə əldə etməyə tamamilə qadirdir.
Dəyişməyən yunanlar
Ağdamlıların növbəti rəqibi haqqında çox şey danışmağa ehtiyac yoxdur.
Yunanıstanın PAOK klubu ötən mövsümdə Avropa Liqasında "Qəbələ"nin rəqibi olmuşdu və hər iki oyun 0:0 hesabı ilə bitmişdi.
Ötən ildən isə Salonikdə çox şey dəyişməyib. Düzdür, indi komandaya yeni, gənc məşqçi Vladimir İviç başçılıq edir və oyunda müəyyən dəyişikliklər baş verib.
Lakin əslində PAOK ötənilki ortabab səviyyəsindən (təbii ki, Avropa Liqası üçün ortabab) çox irəli getməyib və "Qarabağ" işə ciddi yanaşsa, yunanları məğlub edə bilər.
Təəssüflər olsun ki, "Qəbələ"nin rəqibləri haqqında bunu demək olmur.
Onların üçü də ortababdan xeyli yüksək səviyyəli klublardır və bu baxımdan demək olar ki, püşk ilahisi "Qəbələ" ilə amansız davrandı.
Azərbaycanlılardan öyrənən "Anderlext"
Qəbələlilərin ilk rəqibini də Azərbaycan futbol həvəskarlarına tanıtmağa ehtiyac yoxdur.
Avropa kuboklarının üçqat qalibi, 33 dəfə Belçika çempionu olmuş "Anderlext" də ötən mövsümdə Bakıya gəlmişdi - "Qarabağ"ın Avropa Liqasındakı rəqibi olaraq.
O zaman "Qarabağ" 1:0 hesabı ilə qalib gəlsə də, Brüsseldə 1:2 hesabı ilə məğlub oldu.
Nəticədə ağdamlılardın fərqli olaraq, "Anderlext" qrup mərhələsini aşıb, hətta 1/8 finaladək yüksələ bildi.
Ötən ilə nisbətən belçikalılar daha da yaxşı oyun nümayiş etdirirlər.
Komandanın heyətində çoxlu istedadlı gənclər var və onlar daha varlı Avropa klublarına yol açmaq üçün meydanda var güclə çalışırlar.
Əslində "Anderlext"in oyun üsulu "Qəbələ"nin göstərdiyi oyunu xatırladır, amma brüssellilər mən deyərdim ki, daha sürətlidirlər, cinahlardan daha geniş istifadə edirlər və onların uzaqdan vurduqları zərbələr "Qəbələ"dən xeyli daha təhlükəlidir.
Yeri gəlmişkən, "Qarabağ"la ötənilki qarşılaşmalardan sonra "Anderlext" "azərbaycansayağı künc zərbəsi"ndən istifadə etməyə başlayıb və bu mövsümdə onun vasitəsilə artıq bir neçə qol vura bilib.
Elə məhz oyun üslublarındakı bu oxşarlıq daha səviyyəli belçikalılara "Qəbələ" ilə oyunlarda üstünlük verir və məncə müsbət nəticə əldə etmək üçün Qriqorçuk başqa oyun üsulu seçməlidir.
Misal üçün "Rostov"un məşqçisi Qurban Berdıyevin bir ay bundan əvvəl "Anderlext"ə qarşı uğurla istifadə etdiyi sıx və hərəkətli müdafiə (kütləvi müdafiə ilə səhv salmayın) taktikasına nəzər salmaq olar.
Daha bir fransalı
"Qəbələ"nin qrupdakı daha bir rəqibi də bu yaxınlarda "Qarabağ"ın Avropa Liqasındakı rəqibi olub. Söhbət "Sent-Etyen"dən gedir.
Iki il bundan əvvəl fransızlar ağdamlılarla hər iki oyunu 0:0 hesabı ilə bitmişdi və hər iki komanda qrup mərhələsini aşa bilməmişdi.
Ötən il isə "Sent-Etyen"in Avropadakı çıxışı daha uğurlu oldu və klub 1/16 finaladək yüksələ bildi.
Ümumilikdə "Sent-Etyen" bütün fransız klubları kimi taktiki gedişlərə əsaslanan futbol nümayiş etdirir.
Burada hər şey qol vurmaqdan daha çox öz qapısını toxunulmaz saxlamaqda və müvafiq olaraq meydanın mərkəzində top uğrunda amansız mübarizəyə əsaslanır.
Əslində qəbələlilər belə bir oyun üsulu ilə yaxşı tanışdırlar - bir neçə həftə bundan əvvəl onların məğlub etdiyi "Lill" də belə oyun nümayiş etdirir.
Düzdür, "Lill" "Sent-Etyen"dən daha hücuma meylli komandadır, lakin burada da fərq o qədər də böyük deyil.
Belə ki, "Lill"in öhdəsindən gələn "Qəbələ" əslində bunu "Sent-Etyen"lə də etməyə bacarmalıdır. İşə ciddi yanaşsa...
Hər şey özümüzdən asılıdır
"Qəbələ"nin sonuncu rəqibi Azərbaycan klubları ilə indiyədək qarşılaşmayıb.
Əslində "Maynts" Avropa kuboklarında indiyədək cəmi üç dəfə iştirak edib və bunların son ikisində - 2011 və 2014-cü illərdə artıq birinci mərhələlərdə məğlub olub.
Amma bu o demək deyil ki, "Maynts" zəif rəqibdir. Sadəcə olaraq bu klub ildən ilə aparıcı oyunçularını başqa, daha varlı klublara satmalı olur və hər dəfə oyununu yenidən qurmalı olur.
Bu çətinliklərə baxmayaraq, "Maynts" Bundesliqa kimi yarışda kifayət qədər uğurla çıxış etməyə bacarır və bu faktın özü komandanın gücü haqqında çox şeyi deyir.
"Maynts" alman komandalarına məxsus sürətli, fiziki baxımdan hazırlıqlı, savadlı və keyfiyyətli futbol nümayiş etdirir.
Mənə elə gəlir ki, əslində bu qrupda "Qəbələ" üçün ən çətin rəqib elə məhz "Maynts" olacaq.
Ümumilikdə isə, demək olar ki, hər iki Azərbaycan komandası üçün qrup səddini aşmaq mümkün bir məsələdir. Çünki bu, rəqibdən daha çox onların özlərindən asılıdır.

Futbol bloqu: "22 il gözlədiyim möcüzə" və ya Azərbaycan-San Marino matçı
"Siz San Marino - Azərbaycan oyununa baxmısınızsa, həmin tarixin yazılmasının canlı şahidi oldunuz", Toğrul Bağırov yazır.