Toğrul Bağırovun futbol bloqu: Tarixə ancaq qaliblərin adları yazılır
- Toğrul Bağırov
- London, BBC Azərbaycanca üçün

Şəklin mənbəyi, Getty Images
"Slovan" komandasının baş məşqçisi Yundrix Trpişovski
"Biz necə oynyacağımızı "Qarabağ"ın "Viktoria" ilə keçirdiyi oyunlardan öyrənmək istəyirik".
Bu sözləri "Slovan"ın baş məşqçisi Yindrix Trpişovski "Qarabağ"la oyun ərəfəsində demişdi.
Və oyun göstərdi ki, o, doğrudan da öyrəndi.
Əminəm ki, "Anderlext"in baş məşqçisi Rene Vayler də "Qəbələ" haqqında bu kimi sözlər deyə bilərdi. Çünki hər iki oyunda aydın görünürdü ki, rəqib komandalar Azərbaycan klublarının güclü və zəif tərəflərini öyrənib, bunları öz xeyirinə istifadə etməyə çalışırlar. Və bunu müvəffəqiyyətlə etdilər.
Müasir dünyada artıq heç nəyi gizlətmək mümkün deyil. Peyklər hansısa parkda oturan insanın əlindəki dəftərdə nəyin yazıldığını görür, jurnalistlərin öz evlərinin içində məşğul olduğu sırf fərdi və intim hərəkətlər gizli kameralarla çəkilib dünyaya yayılır, dövlət orqanlarının kompüterlərində saxlanılan və xüsusi sistemlərlə qorunan gizli sənədlər həvəskar kompüterçilər tərəfindən açılıb ictimaiyyətin nəzərinə verilir.
Habelə Sakit okeanın hansısa adasında oynanılan kəndlərarası futbol matçlarını da canlı olaraq internetdə izləmək olur...
Və bütün bunlardan sonra siz elə bilirsiniz ki, Avropa Liqasının qrup mərhələsində çıxış edən, karyeraları, qazandıqları pulları, ümumiyyətlə gələcəkləri həmin oyunların nəticələrindən asılı olan komandaların məşqçiləri rəqiblərini öyrənib, onlara qarşı oyun qurmayacaqlar?
Əgər mən ötən yazım üçün nisbətən qısa araşdırma apararaq komandalarımızın rəqibləri haqqında müəyyən məlumat toplaya bilmişdimsə, inandırım sizi ki, onlar "Qarabağ"la "Qəbələ"nin necə deyərlər, hər cikini-pikini də öyrəndilər.
"Qarabağ" tarixə düşdü
"Slovan"ı təqdim edəndə mən yazmışdım ki, "Qarabağ" üçün təhlükə yaradacaq iki oyunçu Baroşla Sikora olacaq.
Nəticədə məhz bu ikisi qolların müəllifləri oldular.
Əvvəlcədən aydın idi ki, ağdamlılar texniki baxımdan rəqiblərini xeyli üstələyirlər və bu cür oyunda onların qapısına təhlükəni yalnız rəqibin ən texnikalı futbolçuları yarada biləcəklər ki, bunlar da Baroş və Sikoradır.
Nəticədə oyun başlanandan beş saniyə sonra Miçel topu Baroşa bağışladı və hadisələrin gedişatı hakimin ilk fitindən 10,69 saniyə sonra Sikoranın vurduğu qolla yekunlaşdı.
Vaxtı elə dəqiq bilməyimin səbəbi isə odur ki, bu, Avropa Liqasının tarixində ən tez vurulan qol oldu. Hər halda, bu yolla olsa belə, "Qarabağ"ın adı tarixə yazıldı...
Ağdamlılar qonaqlardan üstün idilər. Onlar tamamilə layiqincə hesabı bərabərləşdirdilər (Miçel günahını yudu) və daha bir neçə dəfə qol vura bilərdilər.
Lakin yaratdıqları gözəl imkanlardan istifadə edə bilmədilər.
Bu artıq bəxtsizliyə bənzəmir. Bu, daha çox futbolçuların səviyyəsi haqqında deyir.
Amma nə edəsən - Qurban Qurbanov əlində olan materialdan istifadə edir və atalarımız demişkən, yesən də budur, yeməsən də...
Rəqibi bilməyin vacibliyi
Buna baxmayaraq, ikinci hissədə də hadisələr belə davam etsəydi, "Qarabağ" mütləq qonaqların qapısına yol tapıb, qələbə qazanacaqdı.
Trpişovski də bunu gözəl başa düşürdü və fasilədən sonra biz meydanda tamamilə başqa cür oynayan "Slovan"ı gördük.
Çexlər "Qarabağ"ın oyununa qarşı olan məncə ən yaxşı taktikaya əl atdılar - onlar çox aqressiv pressinq tətbiq etdilər.
"Slovan"ın oyunçuları fiziki cəhətdən ağdamlılardan daha güclü olduqlarından bu pressinq onlardan daha çox meydan sahiblərini yorurdu və ağdamlıların oyunu tamamilə dağıldı.
Nəticədə "Slovan" yenə irəli çıxa bildi və demək lazımdır ki, qonaqlar buna layiq idilər.
Növbə Qurban Qurbanovun idi və o, Trpişovskiyə layiqli cavab verdi.
Belə oyunda pressinqin altından çıxmaq üçün komandanın texniki qabiliyyətini gücləndirmək lazım idi və Qurban müəllim Ndlovu ilə Qara Qarayev əvəzinə texnikalı Müərrəmlə Əfran İsmayılovu buraxdı.
Nəticədə oyun yenə də "Slovan"ın qapısı qarşısına keçdi və son saniyələrdə Rəşad Sadıqovun möhtəşəm zərbəsi ağdamlılar üçün bir xalı xilas etdi.
Rəşad haqqında çox şey demək olar və bu qoldan sonra Azərbaycan mətbuatında çox şey deyildi.
Mənə isə yalnız onu demək qalır ki, Rəşad onun haqqında deyilən bütün təriflərə və hətta ondan da çoxuna layiqdir.
Son 15 il ərzində Azərbaycanda onun səviyyəsində futbolçu olmayıb.
Futbolçu ustalığından əlavə Rəşadın insani qabiliyyətləri də göz qarşısındadır ki, elə bircə bunlara görə o, tərənnümə layiqdir.
Nə isə, ümumilikdə oyuna gəldikdə isə demək lazımdır ki, 10 saniyədən sonra vurulan qol qonaqların köməyinə çox çatsa da, "Qarabağ"ın bir komanda kimi "Slaviya"dan daha güclü olmağı şübhəsiz idi...
"Qəbələ"nin süvari döyüşü
Təəssüflər olsun ki, bu sözləri "Qəbələ" ilə onun rəqibi haqqında demək olmur.
Şəklin mənbəyi, Getty Images
Qəbələlilərin məşqçisi Roman Qriqorçuk özü oyundan sonra jurnalistlərə etiraf etdi ki, "Anderlext" sadəcə olaraq "demək olar ki, hər bir sahədə bizdən güclü idi"...
Bunu biz oyundan əvvəl də bilirdik.
Və məhz buna görə mən ötən yazımda qeyd etmişdim ki, "Qəbələ" özünün ənənəvi, üç müdafiəçili, sırf hücuma meylli oyun üslubunu tətbiq etsə, onun xal əldə etmək şansları çox cüzi olacaq.
Amma Qriqorçuk öz taktikasına sadiq qaldı və "Qəbələ" rəqibin hər hücumuna hücumla cavab verməyə çalışırdı.
Nəticədə oyun ötən əsrlərin süvari döyüşlərinə bənzəyirdi.
Əladır! Gözəldir! Baxımlıdır!
Amma Brüsseldə "Anderlext"ə qarşı oyunda xal gətirən deyil. Çünki "Anderlext" özü də belə bir oyun üsulu tətbiq edir.
Belə olan bir halda isə süvarilər döyüşlərilə müqayisəyə qayıtsaq, daha yaxşı atları və zirehi olanlar qalib gəlir.
Bu baxımdan, komandaların heyətlərinə nəzər salsaq, "Qəbələ"nin şanslarının çox az olduğunu əvvəlcədən görmək olardı.
Bu oyunda Uikslə Kverkveliyanın iştirak etməməsi isə bu şansları demək olar ki, sıfıra endirdi...
Dünyanın bir çox hərbi tədqiqatçıların fikrincə bəşəriyyət tarixində ən yaxşı süvari ordusu Qızılbaş cəngavərləri idilər.
Lakin Çaldıran döyüşündə bu yenilməz ordu darmadağın edilmişdir.
Çünki soltan Səlim onlara qarşı öz süvarilərini göndərməyinin əhəmiyyətsiz olduğunu başa düşərək, onları geriyə çəkdi.
Şəklin mənbəyi, AFP
Qriqorçuk oyundan sonra dedi ki, komandasının öz oyun fəlsəfəsi var və o, bu fəlsəfəni dəyişdirmək fikrində deyil
İrəliyə isə topları və tüfənglərlə silahlanmış yeniçəriləri qoydu. Onlar isə hücuma atılan, buna qədər məğlubedilməz olan azəriləri odlu silahlar vasitəsilə biçdilər.
Qələbə üçün tək cəsurluq kifayət etmir
Döyüşlər belə qazanılır. Şah İsmayıl kimi qızılbaşları ölümcül hücuma göndərməklə deyil, cəsurluqdan əlavə taktika və strategiya işlətməklə.
İnanıram ki, "Anderlext"ə qarşı da taktika və strategiya işlətməklə, o qədər açıq oynamamaqla, müdafiə xəttini say baxımından gücləndirməklə nəyəsə nail olmaq olardı.
Amma Qriqorçuk oyundan sonra dedi ki, komandasının öz oyun fəlsəfəsi var və o, bu fəlsəfəni dəyişdirmək fikrində deyil.
Əslində alqışlanılası və hətta ağılabatan bir fikirdir.
Bəlkə də həmin oyun üslubunu tətbiq edən güclü rəqibə qarşı oyunda komanda öz çatışmazlıqlarını görüb, onları düzəltmək üzərində çalışar.
Şübhəsiz ki, hətta məğlubiyyətlə bitən belə oyun komandanı daha təcrübəli edir.
Əbəs yerə demirlər ki, poladı döyə-döyə bərkidirlər...
Amma belə getsə, biz "Qəbələ"nin növbəti mərhələyə keçməyini görmək arzumuzu gələn illərədək təxirə salmalı olacağıq.
Çünki hər bir oyunda hər bir komandanın əsas məqsədi xal qazanmaqdır, gözəl oyun göstərmək deyil.
Əks halda bu komanda yalnız nadir romantik azarkeşlərin şəxsi xatirələrində qalacaq.
Lap elə süvari qızılbaşlar kimi. Çünki tarixə ancaq qaliblərin adları yazılır...