Futbol bloqu: Danışmağa dəyən məsələ
- Toğrul Bağırov
- London, BBC Azərbaycanca üçün

Şəklin mənbəyi, John Peters/GETTY
Azərbaycandan kənarda da həyat mövcuddur. Əminəm ki, bilirsiniz bunu.
Amma mən futbol haqqında danışıram. Son zamanlar Azərbaycan millisinin və klublarının nisbətən yaxşı çıxışı ölkə futbol azarkeşlərini daha çox daxili futbol haqqında danışmağa sövq edib.
Gəl ki, Azərbaycandan kənarda da futbol həyatı mövcuddur. Bir çox yerlərdə mövcuddur. Xüsusən də İngiltərədə.
Əvvəla ona görə ki, bu futbol elə bu İngiltərədə dünyaya gəlib. Və bu İngiltərə bu futbolu əsl valideyin kimi sevir.
İngilislər öz futbolunu o qədər sevirlər ki, öz çempionatını dünyada ən baxımlı tamaşaya çevirməyi də bacardılar.
Və bütün dünya bu çempionatı əbəs yerə izləmir. Bu çempionat doğrudan da izləniləsi bir tamaşadır. İldən ilə bu tamaşa ən qeyri-adi Latin Amerikası serialından beşbətər süjetlər və Hindistanın ən partlayıcı fantaziyaya malik film rejissorunun ağlına belə gələ bilməyən tamaşalar yaradır.
Ən maraqlı çempionat
Cari çempionat da belələrindəndir. Əslində bu, gördüyüm İngiltərə çempionatlarının hələ ki, ən maraqlısıdır.
Deyəcəksiniz ki, Toğrul ötən il də həmin sözləri deyirdi.
Amma düz deməyəcəksiniz. Çünki ötən il mən bu sözləri indiki kimi çempionatın ilk rübündən sonra deyil, yarısından sonra dedim.
Və ötən il "maraqlı" deyəndə mən o çempionatın qeyri-adiliyini nəzərdə tuturdum.
Şəklin mənbəyi, Getty Images
Beşinci yerdə gedən Tottenham, çempionatda məğlubiyyətə uğramayan yeganə komandadır
Leicester-in qələbəsilə bitən o yarış tarixdə əbədi olaraq qeyri adiliyi ilə qalacaq və inanmıram ki, biz belə bir nağılın nəinki yaxın, hətta uzaq gələcəkdə də təkrarlanmasını görə bilək.
Niyə?
Ona görə ki, ötən mövsümdən sonra bütün varlılar (yəni ən varlılar) belə hadisənin təkrarlanmaması üçün əllərindən gələni etdilər.
Varlıların isə əllərindən də, əllərinə də çox şey gəlir.
İlk növbədə pul.
Pul isə dünyanın bütün nemətlərini cəlb edir. O cümlədən ən yaxşı məşqçi və futbolçularını da.
Bu mövsümlər arasında İngiltərənin klubları futbolçuların alışına bir milyard funt sterlinqdən daha çox pul xərclədilər.
Ağılasığmaz bir rəqəmdir. Buna səbəb məhz Leicester-in qələbəsi idi.
Varlı klubların rəhbərləri qərara gəldilər ki, xərclədikləri pul az idi və klublarına ondan da çox sərmayə qoymaq lazımdır.
Varlığa darlıq yoxdur
Nəticədə bu mövsüm ərəfəsində İngiltərə klubları kütləvi şəkildə əla futbolçularla dünyanın aparıcı məşqçilərini aldı. Topdan da, pərakəndə də.
Təbii ki, ən böyük maraq doğuran o qədər tanınmış məşqçilərin bir çempionatda yığşması oldu.
Mövsüm ərəfəsində Pep Guardiola, Jose Mourinho və Antonio Conte kimi nəhənglər gəlib, heyətləri ulduzlarla dolu adlarına layiq nəhəng klublara başçılıq etməyə başladılar - müvafiq olaraq Manchester City, Manchester United və Chelsea-yə.
Nəzərə alsaq ki, daha üç nəhəng kluba daha üç böyük məşqçi rəhbərlik edir - Arsene Wenger Arsenala, Jurgen Klopp Liverpool-a və Mauricio Pochettino Tottenham-ə, burada heç bir Leicester üçün şansın olmayacağı hələ çempionatdan əvvəl aydın idi.
Nəticədə demək olar ki, bütün bu məşqçilər indiki mərhələyədək adlarına və yatırılan sərmayələrə layiq çıxış edirlər.
Bircə Mourinho-nun işi hələ ki, o qədər də yaxşı getmir. Gəl ki, məhz onun başçılıq etdiyi Manchester United dünyanın ən bahalı (dəyərinə görə olmasa da, hər halda ona görə ödənilən pullara görə) futbolçusu Paul Pogba-nı və dünyanın ən yaxşı hücumçularından biri Zlatan İbrahimoviçi almışdı.
United bunlardan əlavə daha bir neçə tanınmış futbolçu, o cümlədən Mxitaryanı da əldə etmişdı.
Şəklin mənbəyi, Matthew Peters/GETTY
Və bəzi təhlilçilərin fikrincə indi Mourinho bu Mxitaryanın alınmasını çox böyük səhv hesab edir, çünki o, kollektivdə bütün münasibətləri və ab-havanı korlayır.
United mübarizədən kənardadırmı?
Nə isə, bu Mxitaryanın belə hərəkətləri (mən demirəm bunu, Mourinho deyir) ona gətirdi ki, United indi yarış cədvəlinin ortalarındadır və heç də təsiredici oyun nümayiş etdirmir.
Düzdür, çempionatın hələ dörddə-bir hissəsi keçib və hər şey dəyişə bilər, amma lider olan komandaların başında yuxarıda sadaladığım nəhənglər durduğuna görə, onların hamısının birdən birə əyləcləyib, Manchester Unitedin yaxınlaşmasına imkan verəcəyi inanılası görünmür.
Gəl ki, təcrübə göstərir ki, onların hərəsi çempionatın hansısa mərhələsində mütləq büdrəyəcək.
Hələlik isə, cədvəlin ilk üç pilləsində gedən Manchester City, Arsenal və Liverpool eyni sayda xal toplayıb, dördüncü Chelsea isə onlardan cəmi bir xal geridədir.
Beşinci yerdə gedən Tottenham daha iki xal geridə olsa da, çempionatda məğlubiyyətə uğramayan yeganə komandadır, bu isə onun bacarıqları haqqında kifayət qədər deyən bir məqamdır.
Belə ki, bu çempionat son dərəcə maraqlı inkişaf edir və əməlli başlı bir triller kimi izləniləsi bir tamaşadır.
Və biz danışacağıq hələ onun haqqında...