Premyer Liqa: Mourinho - Wenger qarşıdurması

Manchester United - Arsenal matçı Fotonun müəllifi Michael Regan
Image caption Premyer Liqada ən böyük maraqla gözlənilən oyun Manchester United-lə Arsenal arasındakı matçı idi

Məşqçilərin qeyri-adi qarşıdurması

Premyer Liqada ən böyük maraqla gözlənilən oyun Manchester United-lə Arsenal arasındakı qarşılaşma idi. Gəl ki, Arsenal dördüncü, United isə altıncı pillədə idi. Yox, əlbəttə ki, oyunun idman tərəfi də maraqlı idi, çümki hər iki klub İngiltərənin və ümumiyyətlə, dünyanın nəhənglərindəndir, hər ikisi kifayət qədər sıx gedən liderlər qrupundadır və hər ikisi çempionluğa iddialıdır. Amma marağın əsas səbəbi komandaların deyil, onların məşqçilərinin qarşıdurması idi. Və burada söhbət məşqçilərin meydandakı taktiki mübarizəsi barədə getmir - bunu siz Premyer Liqada tez-tez görə bilərsiniz. Burada söhbət birbaşa iki məşqçinin bir-birini yumşaq desək, sevməməsi və həmin sevməməkdən irəli gələn bütün amillərdən gedir.

Hər şey təbii ki, öz kəskin dili və ona-buna sataşmaqla tanınan United-in baş məşqçisi Jose Mourinho-dan başladı. Hələ Chelsea-ni çalışdırarkən portuqaliyalı Arsenalın baş məşqçisi Arsen Wenger haqqında xoşagəlməz sözlər deməyə başladı, onun uzun illər ərzində komandasını çempionluğa gətirə bilməməsinə sataşdı və ümumiyyətlə Wenger-i bacarıqsız məşqçi adlandırdı. Özünün ziyalılığı ilə tanınan (razılaşın ki, futbol məşqçiləri üçün bir qədər qeyri-adi bir xüsusiyyətdir) Wenger Mourinho-nun bir-iki belə ifadəsini qulaq ardına vurdu, lakin Jose kişi ifadələrini dayandırmırdı və nəticədə Arsen müəllimi əsəbiləşdirməyə bacardı.

Sərmayə-gəlir nisbətində Wenger-in tayı yoxdur

Özü də elə əsəbiləşdirdi ki, oyunların birində Wenger Mourinho-nun üstünə cumdu, itələdi və hakimlər onları aralamasaydı, məşqçilər arasında güman ki, qızğın dava düşəcəkdi. Ondan sonra Mourinho ümumiyyətlə hər bir imkan tapan kimi, Wenger-i məşqçi bacarıqsızlığında günahlandırmağa başladı. Wenger bunlara cəmi bir-iki dəfə cavab verdi, amma onun da dedikləri kifayət qədər acı idi...

Fotonun müəllifi Michael Regan
Image caption ManU-nun baş məşqçisi Jose Mourinho Arsenalın baş məşqçisi Arsen Wenger-i bacarıqsız məşqçi adlandırıb

Əslində, mən Mourinho-nun bu ittihamları ilə razı deyiləm. Arsen Wenger artıq 20 ildir ki, Arsenala rəhbərlik edir ki, futbol məşqçisi üçün bu öz-özlüyündə dahi bir göstəricidir. Bu 20 ildə Arsenal bir dəfə də olsa dördüncüdən aşağı yer tutmayıb, dalbadal 19 mövsümdür ki, Çempionlar Liqasında iştirak edir və son 17 mövsümdə bu yarışda daimi olaraq qrup mərhələsini aşa bilir. Bu, doğrudan da parlaq nəticədir.

Özü də Wenger bu nəticələri komandaya qoyulan nisbətən aşağı sərmayə ilə əldə edir ki, bu da onun ustalığını daha da qabardan bir amildir. Düzdür, onun komandalarında həmişə parlaq futbolçular olub, amma heyətlərini ulduzlarla doldurmuş Mourinho-nun Chelsea-si, və yaxud Mançesterin iki nəhəngilə müqayisədə, Arsenalın heyətini hərdən lap uşaq bağçası adlandırmaq olar. Belə ki, sərmayə-gəlir nisbətinə görə Wenger-i İngiltərə çempionu adlandırmaq olar. Düzdür, arada kimsə bu baxımdan Arsenalı qabaqlayır, misal üçün ötən mövsümkü Leicester kimi, lakin bu işi iyirmi il ərzində davam etdirməyi inanmıram ki, kimsə bacara bilsin.

Səxavətli United

Mourinho isə bu il Manchester United-ə gəldikdən sonra, bu klub dünyanın ən bahalı futbolçusunu aldı, bir transfer pəncərəsi ərzində alınan futbolçulara xərclədiyi pullara görə dünya rekordunu vurdu və üstəgəl, dünyada oyunçularına ən çox orta əməkhaqqı verən futbol klubu oldu. Belə ki, United-in futbolçuları orta hesabla hərəyə ildə 7,7 milyon dollar alırlar. Hətta "Barselona" və "Real" öz futbolçularına o qədər pul odəmir. Bütün bunlara baxmayaraq, Mourinho-nun rəhbərlik etdiyi komanda Premyer Liqada cəmi altıncı yerdə gedir. Bəlkə buna görə Jose müəllim o qədər əsəbidir?

Nə isə, oyundan əvvəl jurnalistlər Wenger-dən onun görüş qabağı Mourinho-nun əlini sıxıb-sıxmayacağını soruşanda, o cavab verdi ki, mütləq sıxacaq, çünki Premyer Liqanın bu gözəl ənənəsinə çox hörmət edir. Fikir verin - Mourinho-ya deyil, Premyer Liqanın gözəl ənənəsinə! Və texniki olaraq, Wenger sözünə əməl etdi. Əgər onun Mourinho-ya sürətlə yaxınlaşıb, üzünü başqa tərəfə döndərərək, portuqaliyalının əlinə ani toxunuşuna əl sıxmaq demək olarsa...

Özünüz başa düşürsünüz ki, bütün bunlardan sonra bu məşqçilər üçün həmi oyunda qələbə və məğlubiyyət nə demək idi. Və oyunun gedişatından görünürdü ki, Mourinho öz komandasını bu qarşılaşmaya çox yaxşı hazırlayıb. Həmin axşam United bu mövsümdə ən yaxşı oyununu nümayiş etdirdi. Xüsusilə də Mourinho-nun dəst-xətti olan müdafiədə. Mançesterlilər elə oyun qurmuşdular ki, özünün kəskin hücumları ilə seçilən Arsenal oyunun 89-cu dəqiqəsinə qədər meydan sahiblərinin qapısı çərçivəsinə bir dəfə də olsa, zərbə endirə bilmədi.

Fotonun müəllifi John Peters
Image caption Wenger Mourinhonun sözlərinə adətən fikir vermir

Və məhz 89-cu dəqiqədə Olivier Giroud-nun başla vurduğu həmin zərbə Arsenalı məğlubiyyətdən xilas etdi. Çünki bütün oyun ərzində üstünlüyə malik olan United artıq Juan Matanın dəqiq zərbəsi sayəsində 1:0 hesabı ilə irəlidə idi.

Məşqçiləri bilmək olur ki?

Ümumiyyətlə, United elə gözəl təşkilatlanmışdı ki, Arsenal topa daha çox yiyələnsə də, mançesterlilərin qapısına yaxınlaşa bilmirdi. Nəticədə Wenger oyunu sadələşdirmək və İngiltərə futbolunun dədə-baba üsulu - cinah asmalarına əl atmalı oldu. Bu ötürmələri bitirmək üçün isə o, oyunun sonuna 15 dəqiqə qalmış meydana Giroud-nu buraxdı. Bu məhsuldar hücumçu cari mövsümdə daha çox ehtiyat skamyasında oturur və Wenger-in bunu niyə etdiyini mütəxəssislər heç başa düşə bilmirlər. Giroud fransız olsa da, son illər ərzində ənənəvi ingilis üsulu olan başla qol vurmaqda Premyer Liqada onun tayı-bərabəri yoxdur. Amma bu məşqçiləri kim bilə bilər ki? Bilsəydik, elə özümüz məşqçi olardıq da...

Nə isə, bu heç-heçə Wenger üçün qələbə, Mourinho üçün isə məğlubiyyət dəyərində oldu. Ümumilikdə isə bu iki məşqçinin qarşıdurmasında İngiltərənin ictimai rəyi Wenger-in tərəfində idi. Və hamı United-in daha yaxşı oynadığını qeyd etsə də, bu oyunda Mourinho-nun qələbəyə layiq olması barədə heç kim heç nə demədi...

Liderlərin iştirakı ilə keçirilən digər qarşılaşmalarda Manchester City ilə Tottenham çətin qələbələr əldə etdilər, Liverpool isə Southampton-la heç-heçə edərək, büdrədi. Bundan istifadə edən Chelsea isə dalbadal altıncı qələbəsini əldə edərək (və bu oyunlarda bir qol olsa belə, buraxmayaraq!) liderliyi əldə etdi.

Bu oyunlarda da çoxlu maraqlı hadisələr baş verdi, amma bunlar barədə gələn həftələr ərzində danışarıq. Nəsə məndə elə hissiyat ver ki, bu mövsümdə Premyer Liqada hələ çox maraqlı hadisə baş verəcək. Hətta həmişəkindən də çox!

Əlaqəli mövzular

Bu barədə daha geniş