Nərmin Kamal: Şirniyyat dükanının adı niyə Padişah olsun?
- Nərmin Kamal
- Yazıçı, bbcazeri.com üçün

Şəklin mənbəyi, Nərmin Kamal
Bakıda, bizim küçədə təzəlikcə bir şirniyyat dükanı açıldı, adını "Padişah" qoydular. Şəhərdə binaların aşağı mərtəbələrində yerləşən xırda dükanların, kafe və restoranların adlarında bir neçə ildir ki, trendlərdən biri budur: "Padişah", "Şahənşah", "Sultan", "Bəyzadə", "İmperator" və sairə.
Bununla iş sahiblərinin məqsədi məhsullarının çox yaxşı, padşahlara layiq olduğunu söyləməkdir.
Amma bir məsələ var ki, adlar sadəcə ad deyil. İstər ticarət obyektlərinin adları, istərsə də adam adları öz sosial-mədəni çevrələri, insanların idealları və bir sıra başqa məsələlər haqda məlumat verir. Adların işi bir dükanı, bir restoranı oxşar funksiyaları həyata keçirən obyektlər arasında fərqləndirməklə yekunlaşmır.
Ümumiyyətlə, Orta əsrlər anlayışlarından ötrü romantik nostalgiya, neo-medievalizm, Yeni Ortaəsrlərçilik ovqatı bizim cəmiyyətdə var. Məsələn, insanlar "Şahənşah" sarayında keçirilən nikah mərasimlərinə faytonla gəlir və bu toya "musiqinin kralını" dəvət edirlər.
Onların hər birinə elə gəlir ki, bu zaman fərdi, orijinal arzularını yerinə yetirirlər, əslində isə bu, xeyli dərəcədə ictimai fantaziyadır.
Bura Orta əsrlərin feodal mütləqiyyətçiliyi ilə uzun müddət mübarizə aparmış bir şəhərin küçələridir. Necə deyərlər, həmin küçə, həmin şəhər.
Şah-padşah trendini genişlədənlərə üz tutub demək istəyirsən: Axı şah demək həm də nökər deməkdir, padşah varsa, nökər-naib var, rəiyyət var, fəqir-füqəra var. Orta əsrlərdə Qaliley var, meydanın ortasında tonqal var, daş-qalaq var, qamçı var.
Şah zülmü var, bəy kaprizi var, hüquqsuzluq var, boyun vurmaq var, şirlərlə bir zindana salınmaq var, padşahın ədalətindən-ədalətsizliyindən asılı olmaq var, bir-birindən qanlı sülalələr var, şahlıq quşu uçurmaqla seçki keçirmək var.
Bu trenddə bir qədər Dekadens də var, yəni insanlar Orta əsrlər sarayının, padşahlığın maddi zənginliyi, kef-damağı, lüks həyatı haqda düşünür, yerdə qalan məsələlərə isə əhəmiyyət vermirlər. Vətəndaşlarımız bu adları daşıyan yerlərdə əyləşərkən özlərini ada uyğun olaraq, güclü hiss edirlər. Necə ki, uşaq vaxtlarımızda sehrbaz oyunu oynayanda deyərdik: Abrakadabra. Nə deməkdir Abrakadabra?
Qədim Arami dilindən müasir dillərə tərcümədə: "Mən nə söyləyirəmsə, onu yaradıram" ('I create what I speak'). Ümumiyyətlə, söz çox qüdrətlidir. Sözlərin bizim beynimizdə lap çoxəsrlik ağaclar kimi görünməyən kökləri var. Onlar həm də yeni reallıq yaratmağa və bizi idarə etməyə qadirdirlər. Küçələrdəki maddi dünyanı işarələyən qısa adlar düşüncəmizin "shortcut"larıdır, bizi izah edən kodlardır, bu trendlərin hansı istiqamətə getməsi təsəvvür etdiyimizdən də əhəmiyyətlidir.
Deyirlər ki, Neo-mediavalism başqa-başqa formalarda bütün dünyada var. Akademik çevrələrdə qoyublar adını, onun müasir dünyada hansı ehtiyacdan doğmasını izah etməyə çalışıblar. Isaiah Berlin "Kirpi və tülkü" essesində, Hedley Bull "Anarxik cəmiyyət: Dünya siyasətində Düzən" kitabında, Umberto Eco "Orta əsrlərdə xəyal qurmaq" essesində və başqaları, hərə bir tərəfdən yaxınlaşıb ona.
Biz tərəfdə isə problem odur ki, ictimai fikirdə şah, padşah, sultan - "yaxşı" sözünün sinoniminə çevrilməkdədir. Günümüzdə qəssablar yaxşı, keyfiyyətli ət satdıqlarını demək üçün dükanın adını "Şah ət" qoyurlar. Ədəbiyyatşünaslar bir şeirin, qәzəlin әn dolğun, mənalı, poetik cәhətdәn mükәmmәl beytinə "şah beyt" deyirlər. Səbəbkara xoşbəxt həyat arzulamaq üçün "Padşah kimi yaşayasan" deyirlər.
Həqiqətən də yaxşımı yaşayırdılar onlar?! Nədir yaxşı?!

#100qadın: Azərbaycanda ailə tərbiyəsi seksistdir?
Qadın azadlığı məsələsində Azərbaycanın nailiyyətlərinə bəlkə dünyanın yarısından çoxunun qadınları həsəd apara bilər...